Riyakar siyasətçinin uğursuz strategiyası iflasa uğrayıb -PROBLEM
Riyakar siyasətçinin uğursuz strategiyası iflasa uğrayıb
14 Avqust 2019 13:45 SiyasətQarabağ probleminin həlli Paşinyan kimi cılız siyasətçinin gücündə deyil
Ermənistan baş naziri Nikol Paşinyanın Xankəndində səsləndirdiyi bəyanat nəinki Azərbaycan ictimaiyyətinin, eləcə də beynəlxalq siyasi ekspertlərin müzakirə mövzusuna çevrilib. Çünki sözügedən bəyənatla uzun illərdən bəri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məqsədilə aparılan danışıqlar prosesinin üzərindən xətt çəkilmiş oldu. Münaqişənin hərb yoli ilə həlli məsələsi gündəmi zəbt etməsinə baxmayaraq, hələ də vasitəçi missiyasını üzərinə götürmüş ATƏT-in Minsk qrupu gözləmə mövqeyində dayanıb. Siyasi ekspertlər hesab edirlər ki, Paşinyan çox gözəl başa düşür ki, Dağlıq Qarabağ məsələsi elə bir böyük məsuliyyətdir, elə bir ağır yükdür ki, onun kimi cılız siyasətçilər bu problemi öz çiyinlərində daşıya bilməyəcək, o problem öz ağırlığı ilə onları tapdalayıb keçəcək. Ona görə o məsuliyyəti boynundan atmaq üçün provakasiya yolunu seçib. Özü də provakasiya yolunu hiyləgər formada seçib. Millət vəkili Asim Mollazadə qeyd edib ki, Paşinyan və onun rejimi hakimiyyət müddətini uzatmaqdan ötrü bütün vasitələrə əl atır: "Paşinyanın hərəkətləri Ermənistanın real sülhə getmək istəmədiyini nümayiş etdirir. Paşinyanın belə bir riyakar, bir neçə üzlü çıxışı, yəni, xaricə gedəndə bir cür danışır, Qarabağa gedəndə tamamilə başqa cür, Ermənistanda onun öz işlərinin davamına inamının olmadığını göstərir. Bu, qorxunun əlamətləridir. Paşinyan qorxur ki, ondan qabaq Ermənistanı idarə edən hərbi cinayətkar rejim onu devirəcək və təbii olaraq bəhanə kimi də Qarabağ problemindən istifadə olunacaq. Belə hallar Ermənistanda bir neçə dəfə baş verib. Xatırlatmaq istəyirəm ki, illər öncə Levon Ter-Petrosyanı hakimiyyətdən devrmiş, bundan sonra da hərbi cinayətkarları Ermənistanda hakimiyyətə gətirmişdilər. Paşinyan da bunu anlayır, onu devirə biləcəklərindən ehtiyatlanır. Eyni zamanda, Paşinyana təzyiqlər millətçi və nifrət hissi ilə yaşayan erməni diasporasından gəldi ki, onlar da təzyiqlərlə baş naziri məlum siyasəti yürütməyə, davam etdirməyə vadar edirlər. Paşinyan və onun rejimi müvəqqəti hakimiyyətə gəlmiş bir qrupdur və əslində onlarla danışıqlar aparmaq da gülüncdür. Çünki, o, hansısa bir etibarlı və dayanıqlı siyasət apara bilmir və onun bəyan etdiyi strategiya da, demək olar ki, Ermənistan dövlətçiliyini məhvə sürükləyən bir strategiyadır". Bütün baş verənlərə baxmayaraq millət vəkili münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olduğunu bildirib: "Mən hərb variantının əleyhinəyəm. Söhbət də ondan gedir ki, hərb variantı olanda, bizim hərbimiz, döyüşümüz Ermənistanla olmayacaq və biz qalib gəlməyə imkan verməyəcəklər. Onun üçün də səbrli olmalı, beynəlxalq ictimaiyyətin diqqətini bu davranışlara, Ermənistanın bu addımlarına cəlb və Ermənsitana qarşı müvafiq sanksiyaları tətbiq etməyi tələb etməliyik. Ermənistan işğalçı ölkədir. Ermənistan beynəlxalq hüquq normalarını kobud surətdə pozub. Onun üçün biz bütün beynəlxalq platformalarda beynəlxalq hüququn aliliyini tələb etməliyik. Hansısa hərbi əməliyyatlara gəlincə, hamı yaxşı bilir ki, bunun qarşısı kimin tərəfindən alınacaq və Ermənistanın real sahibləri kimdir, nədir. Ermənistan hansısa bir müstəqil dövlət deyil. O, hərbi bazadır və hərbi bazanı da, təbii ki, onun sahibləri qoruyacaq". Millət vəkili hesab edir ki, sülh danışıqları bizim üçün dünyaya məhz Azərbaycanın mövqeyini və haqlı olduğunu nümayiş etdirmək üçün lazımdır: "Biz hüququn aliliyini tələb edirik. BMT-nin qətnamələrinin icrasını tələb edirik. Beynəlxalq təşkilatların qətnamələri ki, qəbul olunub, bunun icraatı olmalıdır. Yəni, hüququn aliliyi bizim üçün ən əsas məsələdir. Bizim xarici siyasətimiz də məhz bu prioritetlərlə həyata keçirilir ki, biz dünyaya haqlı olduğumuzu ilk öncə isbat eləməliyik. Bu istiqamətdə də işlər aparılmalıdır. Danışıqlarında mahiyyəti bizim üçün bundan ibarətdir. Mənim heç şübhəm yoxdur ki, Azərbaycanın qələbəsi mütləq və Azərbaycanın haqlı olduğuna görə baş verəcək". Tanınmış rusiyalı politoloq, Avrasiya İdeyalar Emalatxanası Elmi Araşdırmalara Dəstək Fondunun Ekspertlər Şurasının sədri Qriqori Trofimçukun fikrincə, Paşinyanın Xankəndində səsləndirdiyi bəyanata ilk reaksiya ATƏT-in Minsk Qrupu həmsədrlərindən gəlməli idi: "Ən təəccüblüsü Ermənistan baş nazirinin məlum bəyanatına beynəlxalq müşahidəçilərin münasibətinin olmamasıdır. Məhz, ATƏT-in Minsk Qrupunun həmsədrləri Paşinyanın bəyanatına münasibət bildirməlidirlər. Çünki bu bəyanat məhz onların vasitəçiliyi ilə aparılan danışıqların üzərindən xətt çəkir. Lakin biz bu reaksiyanı görmürük. Həmsədrlər bu bəyanatlara reaksiya verməyə borcludurlar. Onlar bu bəyanatları yoxlamalı və ilk reaksiyanı verməlidirlər. Əks halda, Dağlıq Qarabağ ətrafında vəziyyət gərginləşə bilər. Yekunda, biz beynəlxalq müşahidəçilərin reaksiyasını görməsək, o zaman yeni müharibəyə hazırlığın şahidi olacağıq". Trofimçuk Paşinyanın arxasında dayanan qüvvələrə Qarabağda yeni müharibənin başlanması sərf etdiyini də söyləyib: "Mənə elə gəlir ki, bu bəyanatla Ermənistan Azərbaycanı müharibəyə çəkmək istəyir. Deyim ki, bu, Ermənistan-Azərbaycan müharibəsi deyil, bütün regionun müharibəsi olacaq. Ona görə də, burada beynəlxalq müşahidəçilərin reaksiyası çox önəmlidir. Azərbaycan uzun illərdir, həmsədr ölkələrin tərkibinə yenidən baxılmasını istəyir. Minsk Qrupu həmsədr ölkələrinin tərkibi Bakını qane etmir. Paşinyanın bəyanatına həmsədr ölkələr tərəfindən reaksiyanın verilməməsigöstərdi ki, Bakının bu mövqeyi əsaslıdır, Azərbaycan bu mövqeyində haqlıdır".
Alim