Sürüşkən siyasətçinin “vədlər limiti” tükənib -ŞƏRH

Sürüşkən siyasətçinin “vədlər limiti” tükənib

Nikol Paşinyan gündüz bir, axşam başqa fikrə düşür

Küçə hərəkatından hakimiyyətə gəlmiş Ermənistanın baş naziri Nikol Paşinyan verdiyi vədlərə əməl edə bilmədiyindən siyasi dələduzluğa əl atıb. Məsələ orasındadır ki, "meydan qəhrəmanı" hakimiyyətini uzatmaq yollarını işğal edilmiş Azərbaycan ərazilərindən imitasiya etməkdə görür. Onun Xankəndndə verdiyi son açıqlamalar da elə daxili auditoriyanı çaşdırmağa hesablanıb. Millət vəkili Çingiz Qənizadə qeyd edib ki, ölkəyə rəhbərlik etdiyi ilk günlərdən Nikol Paşinyanın hərəkətləri, eyni məsələ haqqında gündüz bir, axşam isə başqa fikir səsləndirməsi bu adamın ölkədə yaxşılığa doğru nəyisə dəyişəcəyinə olan işartılar yavaş-yavaş sönməyə başladı. Yerli ictimai-siyasi xadimlər Nikol Paşinyana olan ümidlərini tamamilə üzdülər. Çünki baş nazir ölkəni küçə təfəkkürü ilə idarə edir, ona elə gəlirdi ki, dövlət idarəçiliyi küçə və meydandan başlanır. Bu fikri onun özünü küçə adamı kimi aparması da təsdiqləyirdi: "Bir faktı diqqətə çatdırmaq istərdim. Keçmiş prezident Robert Koçaryan həbsdən azad olunduqdan sonra Nikol Paşinyan küçə və meydanlarda yanında olan adamlara göstəriş verdi ki, sabahdan bütün məhkəmələri boykot edin və hakimləri iş otağına buraxmayın. Məgər bu hərəkət ölkə rəhbərinə yaraşan idimi?" Onun bildirdiyinə görə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında qəti mövqeyi, siyasi düşüncəsi olmayan Nikol Paşinyan beynəlxalq tədbirlərdə özünü sülh tərəfdarı kimi göstərir, tədbir başa çatdıqdan dərhal sonra yenə də işğalçı mövqeyini ortaya qoyurdu: "Baş nazir olduğu ilk vaxtlarda danışıqlar masasında Dağlıq Qarabağın müstəqil tərəf kimi iştirakı iddiasını irəli sürmüşdü. Çətinliklə də olsa, ona başa saldılar ki, hələ bu vaxta qədər dünyanın heç bir ölkəsi, hər hansı bir beynəlxalq təşkilat, hətta Ermənistanın özü belə Dağlıq Qarabağı müstəqil respublika kimi tanımayıb. Burada bu günə qədər keçirilmiş hər hansı bir seçkinin nəticəsi nə beynəlxalq təşkilatlar, nə də dünya dövlətləri tərəfindən tanınıb. Ona görə də Dağlıq Qarabağ danışıqlarda müstəqil tərəf kimi iştirak edə bilməz. Azərbaycan münaqişənin BMT Təhlükəsizlik Şurasının qətnamələri, Helsinki Yekun Aktına və beynəlxalq hüququn prinsiplərinə uyğun şəkildə mövcud format əsasında həllini dəstəkləsə də, Ermənistan hələ də qəti mövqe ortaya qoya bilmir. Nikol Paşinyan ölkəyə rəhbərlik etdiyi müddətdə nə daxili, nə də xarici siyasətdə hər hansı bir dəyişikliyə nail oldu. O, əhalinin ona qarşı etirazının getdikcə artdığını hiss edən kimi, dərhal Dağlıq Qarabağa üz tutdu və bu yolla etirazçı kütlənin fikrini başqa istiqamətə yönəltməyə çalışdı. Bu yolda hətta ailə kartını da işə saldı. Əvvəlcə oğlunu Dağlıq Qarabağa - işğal altında olan Azərbaycan ərazilərinə guya hərbi xidmətə yolladı. Sonra isə həyat yoldaşını Rusiyadan olan bir neçə qadına qoşub Azərbaycan ərazilərinə göndərdi. Guya bu ərazilərin Ermənistanın olması barədə beynəlxalq aləmdə rəy formalaşdırmaq istədi. Gah da işğal etdikləri ərazilərdə küçə adamlarına qoşulub rəqs etdi. Bu dəfə isə yenidən işğal altında olan Azərbaycan ərazilərinə gedərək mitinq keçirtdi və Dağlıq Qarabağı Ermənistana birləşdirmək çağırışı etdi. İşğalçı ölkənin rəhbərinin Azərbaycanın işğal olunmuş ərazilərini Ermənistan adlandırması, işğalçı ölkə ilə qondarma rejimin birləşdirilməsinə çağırış etməsi həm Paşinyanın, həm də onun rəhbərlik etdiyi ölkənin əsl məqsədinin işğalçılıq olduğunun növbəti açıq ifşasıdır. Bu adam özü də bilmədən Ermənistanın işğalçı ölkə olduğunu rəsmən təsdiqlədi. Hakimiyyəti əlində uzun müddət saxlamaq üçün separatçılara müstəqillik söz verən Paşinyan Azərbaycanın heç vaxt separatçı rejimi tərəf kimi qəbul etməyəcəyini yaxşı bilirdi. Onun işğalçı ölkəyə rəhbərliyindən sonra Ermənistan və Azərbaycan liderləri artıq 4 dəfə, lakin qeyri-rəsmi şəraitdə görüşüblər. Hər dəfə də Paşinyan riyakarlığını örtbasdır edə bilməyib. Artıq beynəlxalq aləmdə də qeyri-ciddi dövlət başçısı kimi tanınan Nikol Paşinyanın Dağlıq Qarabağı Ermənistana birləşdirmək çağırışı bu ölkənin dövlət başçısı səviyyəsində növbəti dəfə beynəlxalq hüququn norma və prinsiplərinə hörmətsizliyi, saymazlığıdır. Dünya birliyinin bu ədalətsizliyə göz yumması, Ermənistanın ərköyünlüyünə laqeydliyi işğalçı ölkəni daha da həyasızlaşdırır, ona BMT Nizamnaməsini, Helsinki Yekun Aktını ayaq altına atmağa, təhqir etməyə rəvac verir. Nikol Paşinyan bu çağırışı ilə Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏTin Minsk qrupunun həmsədrlərinin vasitəçilik etdiyi danışıqlar prosesini məhv etdi. Bu, həm də həmsədr dövlətlərə meydan oxumaqdır. Ancaq Ermənistanın baş naziri unutmamalıdır ki, Azərbaycan öz ərazi bütövlüyünü, öz suverenliyini bərpa edəcək. Bizim güclü ordumuz, gündən - günə artan iqtisadi qüdrətimiz qələbə gününü qaçılmaz edir. Nikol Paşinyan da şahidi olacaq ki, Azərbaycanın milli bayrağı Xankəndidə, Şuşada və işğal altında olan digər ərazilərimizdə qaldırılacaqdır".

* * *

Millət vəkili Məlahət İbrahimqızı qeyd edib ki, Nikol Paşınyan hakimiyyətə küçədən gəlib. Küçə mitinqlərində onu dəstəkləyən xarici və daxili qüvvələr, əsasən də, xarici qüvvələr müstəqil, gənc dövlərlərin içərisində hər zaman qarışıqlıq yaratmaq istəyirlər. Sözsüz ki, Nikol Paşınyanın da küçədən hakimiyyətə, ölkəyə rəhbər gəlməsi üçün çox vədləri, öhdəlikləri var: "Paşinyanı elə-belə hakimiyyətə gətirməyiblər. Müəyyən öhdəlikləri var ki, həyata keçirməlidir. Paşinyan hakimiyyətə gələndən verdikləri vədləri yerinə yetirə bilmir. Bunu hakimiyyətə gətirən xüsusi qüvvələr də tələb edir ki, "hardasa 2 il olacaq, amma sən hələ verdiyin vədlərin, öhdəliklərin heç birini həyata keçirməmisən". Ona görə də, müxtəlif imitasiyalarla həmin qüvvələrin başını aldatmaq istəyir. Bu cür oyunlarla demokratik imic qazanmaq istəyir. Paşinyana təkcə küçədən hakimiyyətə gətirən qüvvələr deyil, eyni zamanda, ölkə daxilində müəyyən ermənilər də ona səs, dəstək veriblər. Paşinyan küçələrdə, mitinqlərdə "sosial problemlərinizi, güzaranınızı həll edəcəm", Ermənistanda olan anaların övladlarını işğal etdikləri qonşu ölkənin ərazisində qurban verməyəcəm deyə vədlər verib. Çünki bütün dünya, beynəlxalq hüquq da bilir ki, Ermənistan Azərbaycanın torpaqlarını işğal edib və Ermənistan vətəndaşı bizim torpaqlarımızda ölür, qurban olur. Nəticədə də erməni anaları heç nə qazanmırlar. Çünki erməni anaları, qadınları tələb edir ki, bizim uşaqlarımızın Azərbaycan torpaqlarında nə işi var idi? Yəni Paşinyanın məqsədi odur ki, daxili auditoriyanın fikirini yayındırsın. Ermənistan büdcəsi boşdur. Ermənistan büdcəsi beynəlxalq fondların, Rusiya kimi dövlərlərin, Fransa kimi dövlətlərin dəstəyi hesabına dolur. Bizdə bir misal var: "Quyuya su tökməklə quyu dolmaz". Ermənistan əhalisi də görür ki, iki ildir, bunların vəziyyətində heç bir dəyişiklik yoxdur". M. İbrahimqızı bildirib ki, Azərbaycanda neçə illərdir ki, çox yüksək səviyyəli beynəlxalq tədbirlər keçirilir: "Ölkəmiz beynəlxalq idman oyunları, humanitar forumlar, beynəlxalq tədbirlərlə dünyaya səs salıb. Çox güman ki, Paşinyan bizim Prezidentimizin yerişini yeriməyə çalışır. Ancaq başa düşmür ki, o yerişi heç vaxt yeriyə bilməz. Ona görə də, onun Xankəndidə atdığı bu addım xalqına verdiyi vədlərdən, öhdəliklərdən qaçmaq üçün onların başını qatmaq, vaxtı uzatmaq üçün bir imitasiyadır".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31