Paşinyan hakimiyyətinin sonu yaxınlaşır -Siyasi analiz

Paşinyan hakimiyyətinin sonu yaxınlaşır

Meydan "qəhrəmanı" eks prezidentlər və diasporanın təzyiqinə duruş gətirə bilməyəcək

Ermənistanın baş naziri Nikol Paşinyanın ölkəmizin işğal olunmuş Dağlıq Qarabağ bölgəsinin Xankəndi şəhərinə qanunsuz səfəri zamanı səsləndirdiyi təxribatçı fikirlər Azərbaycan ictimaiyyətinin ciddi narazılığına səbəb olub. Çünki işğallı dövlətin başçısının fikirləri deməyə əsas verir ki, Ermənistan bütün vasitələrdən istifadə edərək sülh danışıqlarından yayınmağa cəhd edir. Hətta Azərbaycan tərəfin çağırışlarına baxmayaraq verilmiş diplomatik bəyənatları özünəməxsus tərzdə yozmaqda davam edir. Xatırladaq ki, məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatına Ermənistan Xarici İşlər Nazirliyi kifayət qədər xaotik və məntiqi izahı olmayan cavab verib. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsi Ermənistan XİN-in bu cavabını şərh edib. Şərhdə deyilir ki, Ermənistanın Xarici İşlər Nazirliyi Azərbaycana qarşı silahlı təcavüz həyata keçirərək ölkəmizin Dağlıq Qarabağ və ətraf bölgələrini qanunsuz güc tətbiqi ilə işğal edən, bu ərazilərdəki azərbaycanlı əhaliyə qarşı tam etnik təmizləməni həyata keçirən və Xocalı şəhərində soyqırımı aktı törədən bir ölkənin Azərbaycanı sivil normalara və ədəb-ərkana riayət etməməkdə, habelə dözümsüzlükdə ittiham edə biləcək subyektləri sırasında ən sonuncudur: "Üstəlik, Ermənistan XİN Azərbaycan hökumətini N.Paşinyanın Xankəndidə Ermənistan, Qarabağ və diaspor üçün "birlik, həmrəylik, inkişaf və tərəqqi" mövzusunda etdiyi çıxışının mahiyyətini və məzmununu başa düşməməkdə inandırmağa çalışır. Bu ölkənin baş nazirinin arxasınca, "nəcib niyyətini" oxşar və yöndəmsiz şəkildə izah edən Ermənistan XİN faktiki olaraq, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinə münasibətdə rəsmi Ermənistan tərəfindən anneksiya siyasətinin aparıldığını etiraf edir. Ermənistan tərəfinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üzrə ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesinin məntiqinə xələl gətirən belə bir qeyri-adekvat yanaşmanı nümayiş etdirməsi regional gərginliyə səbəb olur və bunun məsuliyyəti bütünlüklə Ermənistanın üzərinə düşür. Ermənistan XİN-in başa düşməkdə çətinlik çəkdiyi, Azərbaycan Xarici İşlər Nazirliyinin 6 avqust tarixli kifayət qədər aydın bəyanatında məhz bu fikirlər qeyd edilir".

Siyasi ekspertlər hesab edirlər ki, son zamanlar Nikol Paşinyana qarşı edilən etiraz çıxışlarının artması baş nazirin kürkünə birə salıb. Xüsusən, Koçaryan və Sarkisyanın  Paşinyan hökumətini "bacarıqsız və populist" adlandırması onu qeyri-müəyyən addımlar atmağa sövq edib. Məhz ona qarşı bu təzyiqləri ört-basdır etmək üçün Dağlıq Qarabağ bölgəsinə səfər edən Ermənistanın baş naziri Nikol Paşinyan Xankəndidə sərsəm açıqlamalarla şou göstərməyə çalışıb. Millət vəkili Asim Mollazadə qeyd edib ki, Ermənistanın baş naziri Nikol Paşinyan müvəqqəti hakimiyyətdə olduğunu analayaraq, qorxudan radikal çağırışlar edir, "Qarabağ kartı"nı oynamağa çalışır. Əslində isə o, bir neçə istiqamətdə təzyiqlər altındadır. Ermənistanın müstəqil ölkə olmadığını, hərbi baza olduğunu xatırladan deputat söyləyib ki, bu istiqamətdə keçmiş hərbi cinayətkarların özləri və onların tərəfdarları Paşinyana təzyiqlər edirlər: "Bununla yanaşı dünyada orta əsr təfəkkürü ilə yaşayan millətçi diasporanın Paşinyan üzərində təzyiqləri onu Xanəndəndində etdiyi çıxışlara vadar edir. Hər gün bir-birinə zidd bəyanatlar verən Paşinyan söylədiklərini ölkəsinin strategiyası kimi qələmə versə də, əslində bu fikirlərin onun ölkəsinin məhvinə aparan həqiqətlər olduğunu söyləməkdən qorxur. Mənə elə gəlir ki, son  bəyanat Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesi üçün əlavə faktlardır. Bununla biz beynəlxalq ictimaiyyətin diqqətini Ermənistanın danışıqlar prosesi ilə bağlı apardığı oyunlarının mahiyyətinə cəlb edə bilərik". Deputat vurğulayıb ki, Ermənistan rəhbərliyinin Xankəndində beynəlxalq hüquq normalarına zidd addım atsa da, hələ də beynəlxalq təşkilatlar tərəfindən buna reaksiya verilmir: "Bu özlüyündə onların zəifliyi, hüququn alliliyinə hörmətsizlikdir. Həmin təşkilatlar əslində öz təməl sənədlərini rədd etmiş olurlar. Əslində isə beynəlxalq təşkilatlar öz üzərinə düşən vəzifəni görməli, hüququn aliliyini müdafiə etməlidirlər Əgər beynəlxalq təşkilatlar son baş verənlərə baxmağa davam edərək, susacaqsa, demək ki, hüququn aliliyinin müdafiə olunmur. Nəticə etibarı ilə bu, bir sıra dünya ölkələrində faciələrin artmasına təkan verə bilər".

Nurlan

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31