Paşinyan müharibə ritorikasına əl atmaqla sadəcə növbəti dəfə "blef" edir -ŞƏRH
Paşinyan müharibə ritorikasına əl atmaqla sadəcə növbəti dəfə "blef" edir
7 Avqust 2019 13:21 SiyasətErmənistan baş naziri Nikol Paşinyan yenı də təxribat xarakterli gedişləri və bəyanatları ilə gündəm yaradıb. Belə ki, bu günlərdə Xankəndinə gələn erməni baş naziri bəyan edib ki, işğal altında olan Dağlıq Qarabağ əraziləri Ermənistana birləşdirilməlidir. Ermənistan baş nazirinin belə bir sərsəm açıqlaması birmənalı olaraq İrəvanın danışıqlar prossindən yayınması kimi dəyərləndirilir və rəsmi Bakının buna görə Ermənistana layiqli cavab verməsi məqsədəuyğun hesab edilir. Eyni zamanda Paşinyanın belə bir açıqlamasını İrəvanla separatçı rejim arasında mövcud olan problemlə də əlaqələndirirlər. Bildirilir ki, əslində Paşinyan bu açıqlaması ilə separatçı rejimə cidi mesaj vermiş oldu.
Məsələ ilə bağlı fikirlərini ifadə edən politoloq Məhəmməd Əsədullazadə deyib ki, Nikol Paşinyanın Qarbağda kütlə qarşısında çıxışı separtçılara güc nümayişidir və onlara qarşı qondarma seçki öncəsi mesajıdır. Onun sözlərinə görə, Paşinyanın əsas planı burada Robert Köçəryan və Serj Sərkisyana bağlı olan Bakoo Saakyan rejimini dəyişmək və öz adamlarını burada rəhbərliyə gətirməkdir: "Artıq, yerli ermənilər Paşinyan tərəfdarıdır və separtçılara qarşı etiraz etməklə bunu əyani göstərirlər. Qeyd edim ki, Paşinyanın Qarabağı Ermənistana birləşdirmək barədə bəyanatı işğalı rəsmən bəyan etməsidir. Artıq, bu bəyanatla o, Ermənistanın anneksiya siyasətini ortaya qoymuş oldu. Həmçinin separtçıların yuxusuna haram qatmış oldu. Çünki, onlar burada "müstəqil" olaraq Qarabağ klanın yenidən hakimiyyətə gəlməsinə çalışırlar. Bir növ Xankəndi erməni avantürizminin mərkəzi olub. Xankəndində cəmləşən Qarabağ klanına qarşı Paşinyan savaş açmaqla istənilən ssenari əsasında onları devirəcək. Məhz Qarabağ danışıqlarına zidd olaraq onun verdiyi bəyanat birbaşa müharibə bəyanatıdır. Müharibə təbii ki, işğal zonasında Qarabağ klanın tənəzzülü olacaq".
Politoloq deyir ki, Paşinyan Qarbağda Samvel Babayan və Jirar Səfilyan vasitəsi ilə Qarabağ klanını zəiflətməyə çalışacaq və növbəti qondarma seçkidə öz dominantlğını təmin edəcək: "Yerevan klanı ilə Qarabağ klanı arasında bu savaşdan rəsmi Bakı istifadə edib, cəbhə boyu aktivliyini artırmalı, Moskvanın təpkilərinə baxmayaraq işğalçıya zərbələr endirməlidir. Ümumiyyətlə Ermənistanla danışıqlar Moskvanın regionda maraqlarına xidmət edir. Ona görə də danışıqlarla bərabər atəşkəsə riyaət etməmək Azərbaycanın tam hüququqdur".
Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov isə deyib ki, Paşinyanın son bəyanatı sülh danışıqlarının sonu kimi anlaşılmamalıdır: "Bəzi təhlilçilərimiz, siyasi ekspertlərimiz Ermənistanın "inqilabçı" baş naziri Nikol Paşinyanın dünən işğal olunmuş ərazilərimizin administrativ mərkəzində - Xankəndidə keçirilən mitinqdə səsləndirdiyi "Qarabağ Ermənistandır" bəyanatının səbəblərini və ya məqsədlərini nədənsə çox abartılı və emosional şəkildə şərh edirlər. Düşmən ölkənin hökumət başçısının çağırış və bəyanatlarını doğru-düzgün təhlil etmək və ictimaiyyətimizə də düzgün təqdim etmək lazımdır. Paşinyanın bu son bəyanatı nə aparılan sülh danışıqlarının sonu kimi anlaşılmamalı, nə də onun müharibə tərəfdarı olması kimi dəyərləndirilməməlidir. Rusiya Qarabağda yeni müharibənin alovlanmasını istəmədiyi kimi, Paşinyan da müharibənin yenidən başlanmasını istəmir. Çünki əvvəla onun özü buna bir hökumət başçısı kimi psixoloji cəhətdən hazır deyil. İkincisi də ki, Paşinyanın müharibənin yeni mərhələsinin başlayacağı təqdirdə Ermənistanın ağır məğlubiyyətə uğrayacağını dəqiq bilir. Bu isə avtomatik olaraq Paşinyanın öz hakimiyyətinin sonunu gətirəcək. Bu halda Paşinyanın özünü qızğın müharibə tərəfdarı kimi göstərməsi sizcə, nə dərəcədə məntiqli görünə bilər? Bu, qətiyyən mümkün olası deyil". Partiya sədri hesab edir ki, Paşinyan natura etibarilə müharibə adamı deyil, "qırğı" deyil: "Paşinyan son vaxtlar bir xeyli dərəcədə aşağı düşmüş reytinqini və siyasi mövqeyini müharibə yoluyla bərpa edə bilməyəcəyini də yaxşı başa düşür. Aydın məsələdir ki, onun məlum bəyanatı sırf Ermənistanın daxili auditoriyasına hesablanıb. Başqa sözlə desək, Paşinyan müharibə ritorikasına əl atmaqla sadəcə növbəti dəfə "blef" edir. Bu "blef"in arxasında isə konkret siyasi məqsədlər dayanır. O, lap yaxın gələcəkdə Ermənistanın özündə və işğal olunmuş Dağlıq Qarabağ separatçıları üzərində özünün tam hakimiyyətini bərqərar etmək üçün yeni planlar cızır".
Müstəqil ekspert Kamran Sultanlı isə hesab edir ki, Paşinyanin Xankəndidə çıxışı hər nə qədər daxili auditoriyaya hesablansa, hər nə qədər ermənilər arasında vahid lider obrazı formalaşdırmaq, erməni diasporasının marağını cəlb etmək, Qarabağ klanı tərəfindən gələn təzyiqləri önləmək, növbəti qondarma seçkilərdə öz namizədinin reytinqini artırmaq və özünün enən reytinqlərini kompensasiya etmək, problemlərdən fikir yayındırmaq məqsədlərini güdsə də, bu çıxış Azərbaycana çox gözəl imkanlar verir: "Birincisi hərbi əməliyyatlar bəzi amillərdən hələlik çətin olsa da Azərbaycan əməliyyatlara gedən yolu danışıqlar masasında özü üçün aça bilər. Paşinyan bu çıxışından imtina etməyəcək. Etsə daxildə ciddi reytinq itkisi ilə üzləşəcək. Lakin etməsə də faktiki Ermənistan lideri işğalı təsdiqləyir və Bakı ona qarşı bu amildən istifadə edə bilər. Buna görə həm ATƏT-in Minsk qrupunun həmsədrləri başda olmaqla bütün üzvlərinə və beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırılmalıdır.Bu məsələyə Dağlıq Qarabağın azərbaycanlı icması sərt və düşünülmüş reaksiya verməlidir.Beynəlxalq hüquq tam olaraq bizim tərəfimizdədir.Bunun üçün sadəcə təbliğatı və diplomatıyanı genişləndərməliyik.Hər şeyə sadəcə bəyanatlarla reaksiya vermək olmaz".
Ekspert bildirib ki, ermənlər Dağlıq Qarabağda daima Qarabağin erməni icmasının rolunu qabardıb, onlardan istifadə edirlər: "Biz də ölkəmizdə olan qaçqın və məcburi köçkünlərimizin Qarabağ icması ətrafında konsolidasiya olunmasına və aktivləşməsinə yardım etməli və onları prosesə qoşmalıyıq".
Süleyman