Paşinyan qırmızı cizgiləri aşır -ŞƏRH
7 Avqust 2019 12:13 Siyasətİrəvan rəsmən danışıqlar prosesindən imtina edir
Ermənistan tərəfi Dağlıq Qarabağ probleminin həlli istiqamətində konstruktivlik göstərmək əvəzinə sərt ritorikalar, təxribat xarakterli gedişlərini davam etdirir. Bu mənada işğalçı ölkənin baş naziri Nikol Paşinyanın növbəti dəfə Azərbaycanın işğal edilmiş ərazilərinə səfər etməsi İrəvanın növbəti təxribatı kimi dəyərləndirilə bilər. Paşinyanın Xankəndində keçirdiyin görüşlərdə 1980-ci illərdə ermənilərin dillərinin əzbəri olan "Miatsum" şüarını yenidən səsləndirməsi təsadüfi hesab edilmir. Bəziləri, Paşinyanın erməni cəmiyyəti arasında nüfuzdan düşməsindən dolayı birlik çağırışı etdiyi, bəziləri isə İrəvanın beynəlxalq aləm tərəfindən ciddi təzyiqlərlə üzləşməsi səbəbindən birliyə ehtiyac duyduğu qeyd edilir. Bəs, azərbaycanlı ekspertlər bu barədə nə düşünür? Politoloq Elxan Şahinoğlu deyir ki, ermənicə "miatsum" (birləşmək) şüarı Dağlıq Qarabağ separatçılarının 1980-ci illərin sonunda səsləndirdikləri ilk şüar idi. Onun sözlərinə görə. daha sonra bu şüardan imtina etdilər: "Çünki separatçılar və onların arxasında dayanan güclər də anladılar ki, "birləşməni" beynəlxalq aləm anneksiya kimi qəbul edəcək və separatçılar lazımi dəstəkdən məhrum olacaqlar. Ona görə də separatçılar Ermənistanla birləşmək şüarından vaz keçdilər, dünyanın digər ölkələrindəki separatçılar kimi "müstəqillik" uğrunda mübarizəyə başladılar, torpaqlarımızın sonrakı işğalı da "müstəqillik ideyası" adı altında həyata keçirildi. Ermənistana rəhbərlik edən nə Levon Ter-Petrosyan, nə də qatı separatçılar Robert Köçəryan və Serj Sərkisyan "Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi" ideyasını səsləndirmədilər. Çünki onlar da iki mühüm amilə görə bunu etmirdilər. Birincisi, onlar anlayırdılar ki, "birləşmə" ideyası Ermənistanın "Dağlıq Qarabağın Azərbaycandan ayrılması" mübarizəsinin beynəlxalq aləmdəki mövqelərini zəiflədəcək. İkincisi, "Dağlıq Qarabağın Ermənistana birləşdirilməlidir" ideyasının səsləndirilməsi faktiki danışıqlardan imtina edilməsi, atəşkəsin intensiv pozulması, o cümlədən Azərbaycanla müharibə ehtimalını artırırdı. Ermənistanın keçmiş rəhbərləri bunun qorxusundan hətta Ermənistan parlamentində "Dağlıq Qarabağın tanınması" səsverməsini də hər dəfə təxirə salırdılar". Politoloq bildirib ki, Ermənistanın hazırki baş naziri Nikol Paşinyan xələflərindən fərqli yol seçdi: "O çoxdan unudulmuş "miatsum" şüarına qayıtdı və avqustun 5-də (bu tarixi unutmamaq lazımdır) elan etdi ki, "Arsax elə Ermənistandır". Paşinyanın Dağlıq Qarabağdakı mövqeləri zəifdir və bölgədə gələnilki "prezident seçkisində" öz adamını kürsüdə otuzdurmaq istəyir. Paşinyan "Arsax elə Ermənistandır" şüarını bəlkə də bu məqsədlə söyləyib ki, onun namizədi yeni "şüarla" seçki kampaniyasına başlasın. Nikol Paşinyanın məqsədi nə olursa-olsun, Ermənistanın baş naziri səsləndirdiyi "şüarla" qırmızı çizgiləri aşdı. Artıq dünəndən başlayaraq Dağlıq Qarabağda erməni separatçılığının başında dayanan şəxslər də "miatsum" şüarına qayıdışın onlara baha başa gələcəyinə dair ehtiyatlı açıqlamalar verməyə başlayıblar. İstisna etmirəm ki, "Qarabağ klanının" lideri Robert Köçəryan da yaxınlarda həbsxanadan Paşinyana təhlükəli oyuna girişdiyinə dair açıqlama verəcək. Vəziyyət nə qədər qəribə olsa da, Köçəryanın bu mövzuda Paşinyan əleyhinə verəcəyi açıqlama bəlkə də münaqişənin başladığı uzaq 1980-ci illərdən bu tərəfə Azərbaycanın gələcək planında əlini gücləndirəcək".
Bəs Azərbaycan belə vəziyyətdə biz nə etməlidir?
Politoloq hesab edir ki, dərhal beynəlxalq təşkilatlardan Paşinyanın açıqlamasına münasibət bildirilməsi tələb olunmalıdır: "Paşinyandan izahat tələb olunmalıdır. Paşinyanın Xankədidəki açıqlamasının təsdiqi də, inkarı da xeyrimizədir. Təsdiqi manevr imkanlarımızı genişləndirə bilər, inkarı Paşinyanın ermənilər arasındakı mövqelərini zəiflədəcək. İkincisi, Azərbaycan XİN Müdafiə Nazirliyi ilə birgə sərt bəyanat yayınlamalıdır. Paşinyan Xankəndidəki çıxışı ilə buna qədər olan şifahi razılaşmaların üstündən xətt çəkir, ortada nə "Praqa porsesi", nə də "Madrid planı" qalır. Üçüncüsü, əslində Nikol Paşinyan bəlkə də anlamadan Azərbaycan ordusu üçün manevr imkanlarını genişləndirir. Bu şansdan isti-isti istifadə etmək lazımdır. Dünya tarixindəki müharibələr hansısa yanlış açıqlamadan və hərəkətdən başlayıb. Ancaq bu qərarın verilməsi də asan deyil. Ordunun istədiyi kimi hərəkət etməsi üçün siyasi qərardan əlavə düşmən müttəfiqinə işləyən mexanizm tam neytrallaşdırılmalıdır. Bunu da etməliyik".
Müstəqil ekspert Kənan Paşayev isə hesab edir ki, "Miatsum" ideyasının güclü qarşılığı yaradılmalı, bu ideya ətrafında bütün dünya azərbaycanlıları birləşdirilməlidir: "Ermənistanın Baş naziri Nikol Paşinyan Xankəndinə qanunsuz səfəri zamanı keçirdiyi mitinqin açılışına "Miatsum" ifadəsi ilə başlayıb. Stat: "Bütün dünyanın qürurlu ermənilərini salamlayıram və sözlərimə 1988-ci ildə bu Dirçəliş meydanını silkələyən "Miatsum", "Miatsum" şüarı ilə başlamaq istəyirəm". Həmin dövrdə erməni millətçilərin "Miatsum" ideyası ətrafında birləşərək etdikləri çıxışlar Qarabağ müharibəsinin onların xeyrinə nəticələnməsində böyük rol oynadı. Parçalanma dövrünü yaşayan Azərbaycanın əksinə birləşən Ermənistan təbii ki, müharibənin qalib tərəfi olmalı idi. Lakin, hazırki vəziyyət həmin dövrün tam əksidir demək olar. Ermənistanda həm dövlət səviyyəsində, həm də əhali arasında güclü parçalanma var. Paşinyan bu səbəbdən erməni xalqına öz keçmişini xatırladaraq, onları birləşməyə çağırır". Ekspert hesab edir ki, bu vəziyyətdə bizim üstümüzə düşən vəzifə ermənilərə öz təcrübələri ilə adekvat cavab verməkdir. "Miatsum" ideyasının güclü qarşılığı yaradılmalı, bu ideya ətrafında bütün dünya azərbaycanlıları birləşdirilməlidir. Azərbaycanda bu ideya ətrafında dövlət səviyyəsində mitinqlər, nümayişlər təşkil edilməli, bu mitinqlərdə eyni zamanda bütün dünyadan milyonlarla azərbaycanlının iştirakı təmin edilməlidir: "Mitinqlər bütün dünya mediasında işıqlandırılmalıdır. Beynəlxalq aləm Azərbaycan xalqının Qarabağı tələb etdiyini anlamalıdır. Doğrusunu etiraf etsək hazırki vəziyyətdə Dağlıq Qarabağ problemi ətrafında Ermənistanın beynəlxalq arenadakı siyasi aktivliyi bizimkindən daha üstündür. Azərbaycan xalqı olaraq problemin həllində siyasi aktivliyimiz çox aşağıdır. Paşinyanın Qarabağa səfərlərinə gəldikdə isə bu səfərlərin bu cür rahat şəkildə başa çatmasına imkan verilməməlidir. Onun Dağlıq Qarabağa hər səfərinin bədəlini erməni əsgəri və Dağlı Qarabağda yaşayan ermənilər ödəməlidir. Bu yolla onun Qarabağa hər gəlişi erməni ictimaiyyəti tərəfindən qorxu və etiraz ilə qarşılanmalıdır".
Süleyman