İvanaşvilinin Saakaşvili üzərində növbəti pirr qələbəsi
Gürcüstanda prezident və baş nazir kim olursa-olsun Azərbaycanla strateji tərəfdaşlığı davam etdirmək məcburiyyətindədir
29 Noyabr 2018 13:26 SiyasətGürcüstanda prezident və baş nazir kim olursa-olsun Azərbaycanla strateji tərəfdaşlığı davam etdirmək məcburiyyətindədir
Yaxın qonşuluğumuzda seçki həyəcanı başa çatdı. Sentyabrın 28-də ikinci mərhələdə seçki məntəqələrinə gedən vətəndaşlar növbəti müddətə ölkə prezidentini seçdilər. Söhbət Gürcüstandan gedir. Belə ki, ötən gün baş tutan prezident seçkilərinin ikinci mərhələsində əsasən hakimiyyətin namizədi kimi tanınan Salomi Zurabişvili səsvermədən qalib ayrıldı və Gürcüstan prezidenti seçildi. Düzdür, əksəriyyət hesab edir ki. seçkilərin ikinci turunda müxalifətin namizədi olan Qriqor Vaşadze qalib gələcək, ancaq gözlənilənlər özünü doğrultmadı. Onu da qeyd edək ki, müxalifət seçkilərin nəticələrindən heç də razı deyil və etiraz aksiyasına hazırlaşır. Seçki sonrası qonşu ölkədə baş verənlər heç də Gürcüstana müsbət nəsə vəd etmir. Bəs görəsən ekspertlər bu barədə nə düşünürlər və Gürcüstanda bundan sonra hansı proseslər baş verəcək?
Cənubi Qafqazda Sülh və Tıhlükısizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə deyir ki, Gürcüstanda prezident seçkilərinin ikinci turunda hakim " Gürcü Arzusu" partiyasının namizədi Salomi Zurabişvilinin prezident seçilməsi, İvanaşvilinin mövqeyini möhkəmləndirəcək. Onun sözlərinə görə, seçkilərin rəsmi nəticələri elan olunmamışdan bir neçə saat əvvəl oliqarx Bidzina İvanaşvilinin mətbuat konfransı keçirərək, qələbə nitqini söyləməsi, daxili və xarici siyasətlə bağlı mesajlar verməsi göstərdi ki, o, ölkədə əsas söz sahibi olan şəxsdir, dövləti də pərdə arxasından idarə edir. Həqiqətən də İvanaşvilinin bu çıxışı ilə aydın göstərdi ki, baş nazir və prezident qeyri-rəsmi buna tabedir".
Politoloq deyir ki, Gürcüstanın daxili və xarici siyasətinin ştrixlərini İvanaşvilinin kabinetində müəyyən edilir, prezident adminstrasiyası və baş nazirliyə göndərilir: "Qeyd edim ki, Gürcüstanda növbəti parlament seçkiləri 2020-ci ildə keçirələcək və prezident bu seçkilərdən sonra parlament tərəfindən seçiləcək". Politoloq onu da diqqətə çatdırıb ki, sabiq prezident Mixail Saakaşvilinin mitinq çağırışlarına xalqın dəstək verəcəyi gözlənilmir: "Lokal şəkildə etiraz aksiyaları keçirilsə də, bu geniş miqyasda olmayacaq. Əgər, Mixail Saakaşvili problemlərə rəğmən ölkəyə dönüb, etiraz aksiyalarını təşkil edə bilərsə bu ölkədə yeni inqilaba yol açar. Buna da Qərb imkan tanımayacaq. Əgər, lazım olsaydı, Qərb Mixail Saakaşvilini Gürcüstana göndərə bilərdi. Ukraynada davam edən böhrana görə Gürcüstanda Rusiya ilə yeni toqquşma mənfi proseslərə səbəb olar. Hazırkı situasiyada xalqın geniş kütləsi növbəti parlament seçkilərini gözləyir".
Məhəmməd Əsədullazadə bildirib ki, Gürcüstan xarici siyasətdə Avrointeqrasiya siyasətini davam etdirsə də, Rusiya ilə konfliktə getməyəcək: "Xüsusilə Abxaziya və Cənubi Osetiya problemində gözləmə mövqeyi tutacaq və münaqişənin həlli üçün Moskva ilə siyasi təmasları artıracaq. Moskva ilə konfindensial danışıqlar davam etdiriləcək. Azərbaycanla siyasi-iqtisadi əlaqələr olduğu kimi davam edəcək, amma bu əlaqələrdə soyuqluğun hökm sürəcəyi istisna deyil. Bu seçkilərdə İvanaşvili, Mixail Saakaşvili üzərində növbəti pirr qələbəsinə nail oldu. Gürcüstan vətəndaşlarının rəsmi rəqəmlərə görə 40 faizindən çoxu Qriqor Vaşadzeyə səs verib. Bu da həlledici güc deməkdir. Bununla da Kreml bir daha Mixail Saakaşvilinin Gürcüstana qayıtmasınln qarşısını aldı. Xalqın küçələrə çıxıb, Mixail Saakaşviliyə açıq dəstək verməməsi əsasən, regional şərtlərdən, xüsusi ilə Rusiyanın mümkün hərbi müdaxiləsindən irəli gəlir. Bir sözlə Mixail Saakaşvili 2020 -ci il parlament seçkilərini gözləməli olacaq. İki il İvanaşviliyə xalq yenidən şans verdi".
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə deyir ki, Gürcüstanda prezident seçkisinin birinci turundan sonra müxalifətin namizədi Qriqol Vaşadzenin ikinci turda qələbə çalma ehtimalı yüksək idi: "Birincisi, o hakimiyyətin namizədi Salome Zurabişvili ilə faktiki eyni nəticə göstərmişdi. Birinci turda üçüncü yeri tutan müxalifətin digər namizədi David Bakradze ikinci turda tərəfdarlarını Qriqor Vaşadzeyə səs verməyə çağırmışdı. Digər müxalif namizədlər də Qriqor Vaşadzeni seçmişdilər. Seçkilərin birinci turunda David Bakradze 10 faiz səs toplamışdı. Riyazi olaraq tək David Bakradzenin səsləri Qriqor Vaşadenin ikinci turda qələbəsini təmin etməli idi. Etmədi. Qriqor Vaşadze gözlənilənin əksinə olaraq kifayət qədər böyük fərqlə Salome Zurabişviliyə məğlub oldu". Bəs görəsən bu məğlubiyyətin əsas səbəbləri nədir?
Politoloq hesab edir ki, birincisi, Bidzina İvanişvili administrativ resurslardan istifadə edərək bütün gücünü və enerjisini Salome Zurabişvilinin qələbəsinə yönəltdi: "Çünki, Qriqor Vaşadze qələbə çalsaydı İvanişvilinin ağır günləri başlayacaqdı. Qriqor Vaşadzenin qələbəsindən sonra keçmiş prezident Mixail Saakaşvili vətənə qayıdacaq və növbədənkənar parlament seçkisi tələb edəcəkdi. Bundan başqa Mixail Saakaşvili İvanişvili ilə ölüm-dirim mübarizəsinə başlayacaqdı və bu mübarizədə İvanişvilinin qələbə çalmaq ehtimalı yüksək deyildi. Bu təhlükəli ssenarini önləmək üçün İvanişvili qısa vaxt ərzində Zurabişvilinin populyarlığının artırılması istiqamətində var gücüylə çalışdı və nəticə göz qabağındadır. İkincisi, İvanişvilinin gürcülərin banklara olan 600 milyon dollar borcunun qaytarılması vədi nəticəsini verdi. Bu bir vəddir, hələ yerinə yetirilməyib, yaxın aylarda yerinə yetiriləcəyi də sual altındadır. Ancaq vədin özü insanları düşünməyə vadar etdi və birinci turda Qriqor Vaşadzeyə səs verənlər ikinci turda şirnikləndirici təklif qarşısında mövqelərini dəyişə bilərdilər. Üçüncüsü, Qriqor Vaşadzeyə birinci turda səs verənlər ikinci turda fəal olmadılar, bir hissəsi ümumiyyətlə ikinci turda səsvermə məntəqəsinə yollanmadı. Gələn xəbərlərə görə, birinci turda David Bakradze və Qriqor Vaşadzeyə səs verən Gürcüstan azərbaycanlılarının bir hissəsi ikinci turda fəal olmadılar. Qriqor Vaşadze elektoratını fəallaşdıra bilmədi. Dördüncüsü, İvanişvili gürcüləri növbəti Rusiya müharibəsi ilə də qorxuda bilərdi. Yəni guya Mixail Saakaşvili qayıtsaydı yenidən Rusiya ilə müharibə başlaya bilərdi. Digər tərəfdən Azov dənizində son insident də İvanişvilinin işinə yaradı. Yəni gürcülər növbəti Rusiya-Ukrayna qarşıdurmasının Gürcüstanla baş verə biləcəyindən ehtiyat etdilər. 2008-ci il müharibəsi gürcülərin gözünü qorxudub. Bu amilin də ikinci turdakı nəticəyə təsiri oldu".
Qriqor Vaşadzenin məğlubiyyət qarşısında hansı addımı atacağına gəlincə politoloq deyir ki, Mixail Saakaşvili tərəfdarlarını küçəyə etiraza və inqilaba səsləyir: "Mixail Saakaşvili rahatdır, tapşırıqlarını Hollandiyadan verir. Qriqor Vaşadze üçün isə qərar vermək çətindir. Əlbəttə, o baş verən saxtakarlıqlara qarşı müvaqimət göstərəcək, ancaq mübarizəni vətəndaş qarşıdurmasına qədər inkişaf etdirəcəkmi? Bu onun üçün çətin sualdır. Çünki polislə qarşıdurmanın uzanması ölüm hallarına, bu isə öz növbəsində vətəndaş müharibəsinə gətirib çıxaracaq. Ona görə də Mixail Saakaşvilidən fərqli olaraq Qriqor Vaşadze tələsik qərar verməyəcək. O ki qaldı, Azərbaycana, açıq demək lazımdır ki, çoxumuzun simpatiyası Qriqor Vaşadzenin tərəfində idi. Çünki, Vaşadze Mixail Saakaşvilinin tərəfdarıdır və Azərbaycanla strateji əməkdaşlığa, o cümlədən Gürcüstandakı azərbaycanlılara önəm verir. Ancaq Salome Zurabişvilinin prezident seçilməsindən də narahat olmağa dəyməz. Gürcüstanda prezident və baş nazir kim olursa-olsun Azərbaycanla strateji tərəfdaşlığı davam etdirmək məcburiyyətindədir. Çünki, Azərbaycanın iqtisadi dəstəyi olmadan Gürcüstan ayaqda dura bilməz. Bunu İvanişvili və onun tərəfdarları da anlayırlar".
Süleyman