Azərbaycan regionda əhəmiyyətli rol oynayır
Kadırovun Bakıya səfəri bunu bir daha təsdiq edir
29 Noyabr 2018 13:11 SiyasətKadırovun Bakıya səfəri bunu bir daha təsdiq edir
Azərbaycanın beynəlxalq aləmdə artan imici şübhəsiz ki, onun regionda oynadığı əhəmiyyətli rolu təsdiq etmiş olur. Elə bu səbəbdən də nəinki Avropa dövlətləri, eləcə də yaxın qonşu ölkələr Azərbaycanla əməkdaşlığa üstünlük verirlər. Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun ölkəmizə səfəri dediklərimizin bariz nümunəsi kimi qəbul edilə bilər. Millət vəkili Sahib Alıyev bildirib ki, prezident İlham Əliyev tərəfindən Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun qəbulu Azərbaycanın regionda oynadığı rolu bir daha göz önünə sərən son dərəcə anlamlı, ibrət götürüləsi və təbii ki, nəticə çıxarılası bir görüş idi. Görüşdə də vurğulandığı kimi, bütövlükdə Qafqazda əmin-amanlığın mövcudluğunda Azərbaycanın rolu mühüm və danılmazdır: "Təkcə o faktı demək yetir ki, Rusiya Federasiyasının işsizliyin ən yüksək olduğu Şimali Qafqaz regionuna Azərbaycan indiyədək yüz milyonlarla dollar yatırım qoyub. Məhz bu yatırımların hesabına minlərlə iş yeri açılıb ki, bu da orada həm iqtisadi, həm də ictimai-siyasi duruma təsirsiz qalmır". Onun bildirdiyinə görə, ümumiyyətlə, rusiyalı strateqlər həmişə bu fikirdə olublar ki, Güney Qafqazda Rusiyaya yanaşma nə qədər yaxşı olacaqsa, Quzey Qafqazda vəziyyətə Moskvanın maraqları baxımından bir o qədər müsbət təsir edəcək: "Biz ötən əsrin 90-cı illərində də gördük, indi də görürük ki, həqiqətən də belədir. Heç təsadüfi deyil ki, cənab İlham Əliyev də Ramzan Kadırovla görüşdə Qafqazın o tayındakı respublikalar, o sıradan da Çeçenistanla əlaqələri Azərbaycan-Rusiya strateji əməkdaşlığı çərçivəsində dəyərləndirdi. Ümid edirəm ki, Azərbaycanda terrorçu kimim tanınan Bako Saakyanın Rusiyaya səfərinə, Dağlıq Qarabağdakı separatçı rejimin Moskvada "təmsilçiliyinin" olmasına göz yumub şərait yaradanlar, ölkəmizin parçalanmasına çalışanlara digər dəstəklərini də əsirgəməyənlər bundan nəticə çıxaracaqlar. Və regionda azərbaycanlılarla haylara yanaşmanın kökündə 300 il bundan öncənin sterotipləri deyil, indiki reallıqlar duracaq. Belə olduqda bu, Azərbaycan-Rusiya əlaqələrini daha da dərinləşdirməklə yanaşı, bütövlükdə Qafqazda əmin-amanlığın möhkəmlənməsinə və dayanıqlı xarakter almasına səbəb olacaq. Və bundan həm Moskva, həm də bütün Qafqaz xalqları udacaq, hətta öz işğalçılıq siyasətinin girovuna çevirilərək 27 ildir ki, ancaq ianələr hesabına "dövlət" saxlayan haylar da". Millət vəkili Eldəniz Səlimov da R. Kadırovun səfərini, iki lider arasında səmimi dostluq münasibətlərini müsbət qiymətlərdiyini bildirib və əlavə edib ki, münasibətlərin bu səviyyəsi bütövlükdə qafqazların təhlükəsizliyinə, sülhün və əmin-amanlığın təmin edilməsinə xidmət edir: "Hesab edirəm ki, bölgəmizdə münasibətlər, əlaqələr nə qədər normal və arzuolunan səviyyədə olarsa, təhlükəsizliyə, sabitliyə də bir o qədər müsbət töhfə verər. Çox təəssüflər olsun ki, ötən əsrin 80-ci illərinin sonları, 90-cı illərinin əvvəllərindən qafqazlar qaynar qazana, barıt çəlləyinə döndü, belə demək mümkünsə, donduruldu. Bu çoğrafiyada milli, etnik zəmində münaqişə, qarşıdurma yaşamayan elə bir xalq, dövlət qalmadı. Günahsız insanlar məkrli dairələr tərəfindən yaradılan barıt çəlləklərinin, münaqişələrin qurbanına çevrildi, öz yurd-yuvalarından oldu. Hələ də yaralar tam sağalmayıb, münaqişə ocaqları yenə də qalmaqdadır. Həmin münaqişə ocaqlarından biri də 30 ildən bəri məruz qaldığımız Qarabağ münaqişəsidir. Çeçenlərin də, Çeçenistanın da problemləri hələ qalmaqdadır, burada da tez-tez terraktlar, qanlı hadisələr baş verir və sair. Yəni, bunları deməkdə məqsədim odur ki, bu bölgədə, qafqazlarda sülhün, təhlükəsizliyin təmin edilməsinə yönələn bütün addımlar, bütün çağırışlar müsbətdir, əhəmiyyətlidir və dəstəklənməlidir. Bundan qazanan yalnız və yalnız bizlər, xalqlarımız olur. Oldur ki, çeçen liderinin də Azərbaycan səfərini müsbət hadisə sayır, bunun həm də böyük və şimal qonşumuz olan Rusiya ilə gündən-günə yaxşılaşan münasibətlərə müsbət töhvə verəcəyi qənaətində, düşüncəsində olduğumu qeyd edirəm". "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu qeyd edib ki, Ramzan Kadırov keçmiş illərdə Azərbaycan haqqında heç də müsbət fikirlər söyləmirdi. O çeçen mücahidlərin Azərbaycandan dəstək aldıqlarını iddia edirdi. Çeçen mücahidlərin bir qisminin ailəsinin Azərbaycanda olması da Kadırovu narahat edirdi. Ramzan Kadırov sonrakı illərdə Azərbaycanı daha tənqid etmədi. Əksinə Kadırov rəsmi Bakı ilə yaxınlaşmağa çalışırdı: "Bunun səbəbi var. Rusiyada iqtisadi vəziyyət ağırdır. Rusiya prezidenti Vladimir Putin Çeçenistanı müharibədən sonra faktiki yenidən qurdu. Çeçenistandakı infrastrukturun yenidən qurulmasına Moskva milyardlarla dollar pul xərclədi. Ancaq hazırda Moskva Çeçenistana investisiyaların həcmini azaldır. Onsuz da Şimali Qafqaz indinin özündə Rusiyanın ən çox pul xərclədiyi bölgədir, bu yükü daşımaq getdikcə çətinləşir. Ona görə də Çeçenistana yeni istiqamətlərdən investisiyalar lazımdır. Ramzan Kadırov varlı ərəb dövlətləri ilə dostluq edir ki, onlardan investisiyalar ala bilsin. O eyni məqsədlə Azərbaycanla yaxınlıq etmək istəyir. Azərbaycan Qafqazın ən varlı dövlətidir. Rusiyanın Qafqazdakı federasiyaları Azərbaycandan investisiyalar gözləyirlər. Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev bu məqsədlə Şimali Qafqazdakı federasiyalara bir neçə dəfə səfərlər edərək görüşlər də keçirib. Elə Ramzan Kadıvorun İlham Əliyevlə görüşündə Şahin Mustafayevin iştirak etməsi də Çeçenistan liderinin Bakıya hansı məqsədlə gəldiyinə işarə idi. Əlbəttə, Azərbaycan prezidentinin də vurğuladığı kimi keçmiş illərdən fərqli olaraq Çeçenistanda savaş və terror yoxdur, sabitlikdir. Ancaq Çeçenistan və Dağıstandakı sabitliyin davamlı olması haqqında qəti fikir söyləmək də çətindir. Risqlər hələ var. Rəsmi Bakı Dağıstana, Çeçenistana, Krasnodar vilayətinə investisiya qoymağa və yeni iş yerləri açmağa hazırdır. Ancaq Bakı bunun qarşılığında Moskvadan Qarabağ münaqişəsinin həllində addım atmasını gözləyir. Məsələn, Bakıda Rusiya universitetlərinin sayı artır, hər il Bakıda Moskvanın yeni universitetləri açılır. 2019-cu ilin büdcəsində Moskva Universitetlərinin Bakı filiallarına ayrılan vəsait 100 illiyini qeyd edən Bakı Dövlət Universitetinə ayrılan vəsaitdən çoxdur. Halbuki, Bakı Dövlət Universitetin Azərbaycanın ən böyük Universitetidir. Rəsmi Bakı bütün bunları ona görə edir ki, Moskva rəsmi Bakının Rusiya ilə əlaqələrə necə üstünlük verdiyini görsün. Moskva və şəxsən Rusiya prezidenti Vladimir Putin bunu görür və anlayır, ancaq hələ ki, Qarabağ münaqişəsinin həllində fəallıq göstərmir. Rəsmi Bakı bilsə ki, Moskva Qarabağ münaqişəsinin həlli məqsədilə Ermənistan hakimiyyətinə təzyiq edəcək, Rusiyanın Şimali Qafqazdakı federasiyalarına daha böyük investisiyalar yatırar".
Nurlan