Ermənistanın separatçı rejimi tanıtmaq cəhdi əbəsdir

Azərbaycanın işğal altında olan ərazilərinə səfərlər danışıqlar prosesinə mənfi çalarlar gətirir

Azərbaycanın işğal altında olan ərazilərinə səfərlər danışıqlar prosesinə mənfi çalarlar gətirir

Belçika parlamenitnin üzvü, İslahatçılar Hərəkatı Partiyasının beynəlxalq əlaqələr üzrə sədri Jan Jak Flao və onun müavini Culi Szmay Dağlıq Qarabağ bölgəsinə qeyri-qanuni səfəri Azərbaycanda narazılıqla qarşılanıb. Məlumat üçün qeyd edək ki, qondarma "Dağlıq Qarabağ Respublikasının" prezidenti Bako Saakyan Belçika Federal Parlamentinin nümayəndə heyətini qəbul edib. Nümayəndə heyətinə "İslahatçı hərəkat" partiyasından deputat Jan-Jak Flao rəhbərlik edir. Tərəflər arasında baş tutan görüşdə Belçika-Qondarma Dağlıq Qarabağ Respublikası arasında əlaqələrə dair müzakirələr aparılıb. Əslində erməni mətbuatında yer alan qondarma "Dağlıq Qarabağ Respublikasına" Belçika parlamentinin üzvü Jan Jak Flaonun səfəri guya ki,  "Avropadan növbəti siyasətçinin separatçı rejimi tanıması və ya separatçı rejimin beynəlxalq aləmə açılması" kimi hər hansı əsası olmayan görüntü yaratmaqdan başqa bir şey deyil. Lakin məsələ orasındadır ki, erməni tərəfindən həyata keçirilən bu təxribat xarakterli addım ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfəri ərəfəsində baş verib. Bu, həm Ermənistanın danışıqlar prosesinə real baxışını - destruktiv yanaşmasını, həm də vasitəçilik missiyasında təmsil olunan dövlətlərdən Fransaya, eyni zamanda, bu ölkənin təmsil etdiyi Avropa İttifaqının mənzil-qərargahının yerləşdiyi Belçikaya hörmətsizlik gətirir. Belə ki, bəzi fransalı deputat, bələdiyyə sədrlərinin ardınca belçikalı deputatın da qondarma rejimlə təmaslar qurması hiddət doğurduğu qədər avropalı "siyasətçi"lərin beynəlxalq hüququn tələblərini kobud şəkildə pozmağa davam etdiyini göstərir. Dünya birliyi tərəfindən Azərbaycanın ərazi bütövlüyünün tərkib hissəsi kimi tanınan Dağlıq Qarabağ bölgəsində formalaşdırılmış separatizm hərəkatına dəstək verməklə bu cür ünsürlər oxşar proseslərin alovlanma ehtimalının böyük olduğu ölkələrində eyni aqibətlə üzləşəcəklərinin fərqinə varmırlar. Hərçənd ki, işğal edilmiş bölgəyə səfər edənlərin kimliyinə nəzər saldıqda həmin şəxslərin əksəriyyətinin real siyasətdən uzaq, yalnız mənfəət, əlavə gəlir əldə etmək naminə bu cür şoulara qoşulan, dəstək verən işbazlar olduğu üzə çıxır.

Onu da bildiriək ki, Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva deyib ki, Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər edən Belçika parlamentinin deputatı Jan-Jak Flau adının "arzuolunmaz şəxslər" siyahısına daxil edilməsinə dair qərar qəbul olunacaq. Onun sözlərinə görə, hazırda Jan-Jak Flaunun Dağlıq Qarabağa qanunsuz səfəri ilə bağlı araşdırmalar aparılır: "Belçika parlamentinin deputatının və onunla birlikdə Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edənlərin adlarının "arzuolunmaz şəxslər" siyahısına daxil edilməsinə dair qərar qəbul olunacaq".  İstər erməni lobbisinin nümayəndəsi Kaspar Karampetyanın, istərsə də erməni lobbisinin nökərinə çevrilən Fransua Roşbluan kimilərinin müşayiəti ilə ölkəmizin işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə səfər edənlərin kimə, nəyə, hansı amala xidmət etdikləri heç bir şübhə doğurmur. Karampetyanın qondarma separatçı rejimin təbliği üçün sağlam düşüncəli avropalı siyasətçiləri bu əraziyə aparmaq səyləri hər dəfəsində Brüsseldəki erməni lobbisinin rəhbərinin çarəsizliyini açıq şəkildə nümayiş etdirir. Bir müddət öncə həmin Karampetyan Avropa Parlamentinin deputatı qismində yalnız bir nəfərdən ibarət siyasi partiyanın rəhbəri Martin Sonnebornu ölkəmizin işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə aparmış, indi isə o, homoseksual evlilik qurmuş ilk belçikalı deputat-mer kimi tarixə düşmüş Jan Jak Flaonu müşayiət edir. Karampetyan kimilərinin əlacsız səyləri, əslində, dövlətlərin "biz, "Dağlıq Qarabağ Respublikası" adlı qurumu tanımırıq" kimi birmənalı rəsmi mövqeyinin təkrarən səsləndirilməsi və daha çox insanın Ermənistanın işğalçı siyasəti barədə həqiqətlərdən xəbərdar olmasına şərait yaradır.Politoloq İlqar Vəlizadə deyib ki, Ermənistanda ən böyük problem ətrafda gedən proseslər və ya mesajlara lazımı qiymətin verilməməsidir. Onlar sanki virtual reallıqda yaşayırlar. Separatçı rejimin belçikalı deputatın qondarma Dağlıq Qarabağ Respublikasına səfərindən şou düzəltməsi də bunun bariz nümunəsidir. O, deyib ki, avropalı deputatların Azərbaycanın işğal altında olan torpaqlara qanunsuz səfərlər Avropa İttifaqının ölkəmizin ərazi bütövlüyü ilə bağlı mövqeyində heç nəyi dəyişə bilməz: "Çünki, burada ayrı-ayrı deputatların deyil, rəsmilərin çıxışlarına nəzər yetirmək lazımdır. Avropa Birliyinin nümayəndəsi Federiko Moqerini bildirib ki, Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü tanıyır və heç bir qondarma rejimlə əməkdaşlıq qurmur: " Bu yaxınlarda Almaniya parlamenti də bununla bağlı qərara çıxarıb. Qərararda bildirilir ki, Azərbaycanın işğal altında olan ərazilərində yaradılan qondarma rejim tanınmır. Bu baxımdan ayrı-ayrı deputatların separatçı rejimlə münasibət saxlaması rəsmi mövqeyə qəti şəkildə təsir edə bilməz. Çünki, onlar ikinci-üçüncü dərəcəli deputatlar olmaqla yanaşı, nə ölkələrində heç bir nüfuza malik deyillər, nə də Aİ-nin hər hansı strukturunda təmsil olunmurlar". İ. Vəlizadə vurğulayıb ki, ayrı-ayrı fərdlər də olsa, istənilən səfər Azərbaycanın qanunlarının pozulması deməkdir: "Amma 25 ildə bu cür səfərlərin çoxluğunu nəzərə alsaq, deyə bilərik ki, separatçı rejimin heç nəyə əldə etmədiyini və bundan sonra əldə edə bilməyəcəyini əminliklə deyə bilərik. Burada ən pisi Ermənistanın bu səfərlər üzərində siyasi oyun qurmağa çalışmasıdır. Bununla da düşmən ölkə danışıqlara əksinə mənfi çalar gətirir". Qeyd edək ki, illərlədir ki, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimi təbliğ və təşviq etmək, ölkəmizin ərazi bütövlüyü və suverenliyinin pozulmasına açıq çağırışlar etmək kimi davamlı qeyri-qanuni fəaliyyət həyata keçirir. Bununla da Azərbaycanın işğal olunmuş ərazilərindən etnik təmizləməyə məruz qalmış bir milyondan artıq Azərbaycanlı qaçqın və məcburi köçkünün fundamental hüquq və azadlıqlarını, o cümlədən onların öz doğma torpaqlarına geri qayıtmaq və mülkiyyətlərindən istifadə etmək hüquqlarını kobud şəkildə pozur. Etiraf edilməlidir ki, bu işdə erməni diasporası və ermənipərəst qüvvələrin "əməyi" kifayət qədərdir. Onlar müxtəlif vasitələrlə Avropa siyasətçilərini ələ alır, onların Azərbaycanın işğal olunmuş ərazilərinə səfərlərini təşkil edir, sonradan həmin şəxsləri Azərbaycana qarşı propaqanda vasitəsinə çevirir, Azərbaycana qarşı dezinformasiya xarakteri daşıyan tədbirlər təşkil edir və onları maliyyələşdirirlər. Lakin fakt ondan ibarətdir ki, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni əməllərin həyata keçirilməsinə məsuliyyət daşıyan tərəfdir. Bu kimi qeyri-qanuni əməllər isə beynəlxalq hüququn imperativ normalarından irəli gələn öhdəliklərin ciddi surətdə pozulması deməkdir.

Nurlan

Ermənistanın işğalçılıq siyasəti dəyişmir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31