Himni dəyişmək öz tariximizdən imtina etmək deməkdir

Hər bir xalqın tarixində müəyyən dəyərlər var ki, onlara toxunmaq olmaz

Dövlət atributlarının mahiyyətinin və əhəmiyyətinin əhali arasında geniş təbliğ olunması, gənc nəslin Azərbaycan bayrağına, gerbinə və himninə hörmət ruhunda tərbiyə edilməsi vətəndaş cəmiyyətinin yaradılmasının mühüm amillərindən hesab edilir. Azərbaycan Respublikasının bayrağı, gerbi və himni Azərbaycan dövlətinin müstəqilliyini təcəssüm etdirən müqəddəs rəmzlərdir. Vətəndaşlarımıza, xüsusən gənclərimizə dövlət atributlarına dərin ehtiram hisslərinin aşılanması cəmiyyətdə vətənpərvərlik ruhunun möhkəmləndirilməsi işinə bilavasitə xidmət edir. Ona görə də sadalanan dövlət atributlarının möhtəşəm olması vacib məslələrdən hesab olunur. Təəssüf ki, Azərbaycanın dövlət atributları badədə zaman-zaman müxtəlif fikirlər səsləndirilib. Xüsusən, dövlət himninin sözləri və musuqisi mütəmadi olaraq müzakirə predmetinə çevrilib. Milli Məclisin sonuncu plenar iclasında da millət vəkili Tahir Kərimli dövlət himinin həcminin azaldılmasını təklif edib:"Dünya ölkələrinin əksəriyyətində dövlət himnləri 2 dəqiqə səsləndirilir. Ancaq bizdə isə dövlət himnimiz 4 dəqiqə davam edir. Hesab edirəm ki, bunun həcmini azaltmaq lazımdır. Əzəmətli himnə çevirmək lazımdır.Bildiyimiz kimi, dahi bəstəkarımız Üzeyir Hacıbəyov Sovet ittifaqının da himnini hazırlayıb. Açığını deyəcəm, o bundan daha cazibədar idi. Təklif edirəm ki, himnin həcmi azaldılsın". Lakin millət vəkilinin bu təklifi həmkarları tərəfindən birmənalı qarşılanmayıb. Deputat Fəzail İbrahimli deyib ki, himndə Azərbaycanın təqdimatı, tarixi var: "Bundan necə imtina etmək olar? Dünyada elə bir himndə varmı ki, millət öz canını qurban verməyə hazır olsun? Bunun harasını çıxartmaq olar? Bir dəqiqə ayaq üstə durmaq nə çətin məsələdir? Toxunmaq olmaz belə şeylərə! Xahiş edirəm bu məsələlərdən yan keçin, başqa məsələlərlə oynamaq olar!"

Xatırladaq ki, himn dedikdə təntənəli marş başa düşülür. Dövlət himni sırf dövlət anlayışı ilə əlaqədardır, dövlətə məxsusdur, dövlətin rəmzi, simvolu kimi onun əsas atributlarından biridir. Dünyanın BMT tərəfindən tanınmış bütün dövlətlərinin öz himnləri vardır. Azərbaycan Respublikasının Dövlət himni Azərbaycan dövlətinin, onun müstəqilliyinin və birliyinin müqəddəs rəmzidir. Azərbaycan Respublikasının Dövlət himninə dərin ehtiram bəsləmək onun hər bir vətəndaşının vətənpərvərlik borcudur.1920-ci il yanvarın 30-da Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası Cümhuriyyətin milli himninin hazırlanması haqqında qərar qəbul edib və bu məqsədlə Xalq Maarif Nazirliyi tərəfindən müsabiqə elan edilib. Lakin 1920-ci il aprelin 28-də Xalq Cümhuriyyətinin süqutu Azərbaycanın milli himnini qəbul etməyə imkan verməyib. 1992-ci il mayın 27-də parlament "Azərbaycan Respublikasının Dövlət himni haqqında" Qanun qəbul edib. Qanuna əsasən, 1919-cu ildə böyük bəstəkar Üzeyir Hacıbəyov və şair Əhməd Cavad tərəfindən tərtib edilmiş "Azərbaycan marşı" Azərbaycanın Dövlət himni kimi təsdiq edilib.

Məsələyə münasibət bildirən deputat Fazil Mustafa qeyd edib ki, bu mövzuda fərqli mövqelər sərgilənə bilər: "Pakistanda Bibi soyadlı bir xristian qadın müsəlman qadınlarla söhbət əsnasında deyib ki, dünyanın xilaskarı İsa Məsihdir, sizin peyğəmbər bəşəriyyət üçün heç nə edə bilməz. Müsəlmanlar da eləməyib tənbəllik adamı linç etmək isəyiblər, fəqət polis qadını vəhşi kütlənin əllərindən alıb həbs edərək məhkəmə qarşısına çıxarıb. Adam bu sözlərinə görə edam cəzasına məhkum olub və cəzanın icrası ləngidildiyinə görə 9 il həbsdə yatıb. Mədəni dünyanın təzyiqlərindən sonra Pakistan məhkəməsi Bibinin ölüm hökmünü ləğv edib və şərt qoyub ki, azadlığa çıxan kimi dərhal ölkəni tərk etsin. Müsəlmanlar da tökülüblər küçəyə ki, bəs bizim dinimiz hələ də mədəniyyətə qarşı dirəniş göstərdiyinə görə, qadın mütləq edam olunmalıdır. Yəni həmin müsəlmanlar düşünürlər ki, peyğəmbər müqəddəsdir, onun haqqında tənqidi fikir belə söylənə bilməz. Təbii ki, İslam Peyğəmbəri Həzrəti Məhəmməd sağ olsaydı bu insanlara baxıb deyərdi ki, ay vəhşilər, siz hansı İslamı təmsil edirsiniz, siz mənim yaşamımda insana qarşı bu cür vəhşiliyin bircə nümunəsini göstərə bilərsinizmi? Məgər sağlığımda məni tənqid, təhqir etməyiblər? Sizlər bu dini məndən öyrənməmisinizsə, bəs kimdən öyrənib belə eybəcərləşdirmisiniz? Bu hadisənin əsas mahiyyəti bundan ibarətdir ki, əksər müsəlman toplumları öz yaşadıqları uydurulmuş dində hər şeyin üzərinə müqəddəslik sertifikatı vuraraq müzakirədən imtina edirlər, tənqidi fikri daş-qalaqla yox etməyə çalışırlar. Halbuki, bəşəriyyətin bu gün gəlib çıxdığı inkişafın təməlində elmi, siyasi, dini, mədəni müzakirələr, dialoqlar ənənəsi durur. Düşünürəm ki, bu günlərdə Milli Məclisdə himnlə bağlı səsləndirilən bir fikrə qarşı cəmiyyətdən gələn reaksiyanın da motivini məhz bu müqəddəslik elementi təşkil edir. Bizim də toplum pakistanlılar kimi hər şeyin üzərinə müqəddəslik setifikatı vuraraq müzakirədən imtina yolunu tutmaqla hansısa fikrin yerindəcə boğulmasına yönəlik hər dəfə səfərbərlik nümayiş etdirir. Bir fikirlə razı olmamaq hamının haqqıdır, ancaq hansısa mövzuya müqəddəslik damğası vurmaq sadəcə axmaqlıqdır. Himn də, bayraq da, gerb də, Konstitusiya da, Qarabağ da, Hüseyn Cavid də, Səməd Vurğun da, Babək də, Cavad xan da, Məhəmmədəmin Rəsulzadə də, Üzeyir bəy də, Heydər Əliyev də, Quran da, Məhəmməd peyğəmbər də, dilimiz də, tariximiz də müzakirə oluna bilər, bu mövzuda fərqli mövqelər sərgilənə bilər. Yetər ki, təhqir olmasın, böhtan olmasın. Cəmiyyət müzakirə edərək, diskussiya apararaq irəli gedə bilər. Sürü psixologiyası ilə "müqəddəs dəyərlərimizə toxunmayın" deyibən fikirləri, düşüncələri susdurmaq yanlış bir ənənənin davam etdirilməsi deməkdir. Azərbaycanda fəlsəfi düşüncə məktəblərinin olmamasının əsas səbəbini də bu yanlış ənənədə axtarmaq lazımdır. İndi kimsə mənə Pakistandakı edamsevər müsəlman vətənpərvərlərlə Azərbaycandakı himnsevər müsəlman vətənpərvərlərin dünyagörüşləri arasındakı fərqi izah edə bilərmi?".

Millət vəkili Aydın Mirzəzadə bildirib ki, himnimizdən imtina etmək düzgün olmazdı: "Bu günlərdə parlamentdə Azərbaycan dövlət himninin dəyişdirilməsi təklifi səsləndi. Səbəb kimi himnin uzun olması göstərildi. Bu təkliflə razılaşmıram. Himnimiz bir əsr əvvəl çətinliklə əldə etdiyimiz dövlət müstəqilliyimizlə bağlıdır. Himni dəyişmək öz tariximizdən imtina etmək deməkdir. Hər bir xalqın tarixində müəyyən dəyərlər var ki, onlara toxunmaq olmaz, onlar qorunub saxlanmalıdır. Himnimizin mətnində Vətən, torpaq, hüquq və əsgər sözləri var ki, hansılar ki, həmişə aktualdır. Mətnin uzunluğuna gəldikdə isə Yunanıstan himnində 158 sətir var, Argentina himni 9, Salvador himninin isə 8 bəndi var. Azərbaycan himni isə 4 bənddən ibarətdir. Ən qədim himn isə Niderlandındır ki. 1574 - ci ildə şahzadə l Vilhelmə həsr edilərək səslənmişdir". Millət vəkili Gövhər Baxşəliyeva deyib ki, himnimiz qətiyyən dəyişməməlidir. Əks halda Üzeyir Hacıbəyovla Əhməd Cavadın ruhu bizlərdən inciyər. O, qeyd edib ki, hazırkı himn hər bir azərbaycanlının artıq gen yaddaşında özünə möhkəm yer edib, o, bizə əzizdir, doğmadır, ruhumuzu oxşayır, qəlbimizi riqqətə gətirir, duygulandırır, fəxarət hissi aşılayır, vətən sevgisini bir daha alovlandırır, gücləndirir, sevgili vətən üçün hər an canımızı belə qurban verməyə hazır olmağa çağırır: "Bir sözlə, insan hisslərinin ən alisini-vətən eşqini göylərə qaldırır, hamımıza,ilk növbədə gənc nəsillərə aşılayır. Şair demişkən, "Vətən eşqi məktəbində can verməyi öyrənmişik, Ustadımız deyib  heçdir vətənsiz can, Azərbaycan!"(Şəhriyar). İkincisi, himnimizin musiqisi dahi Üzeyir Hacıbəyova məxsusdur və çətin ki, ondan güclü bəstəkarımız tapıla. Sözləri isə Əhməd Cavada-repressiya illərində gullələnmiş şairimizə aiddir. Hər ikisinin ruhu bizlərdən inciyər.Üçüncüsü, bu himn AXC, Xalq Cümhuriyyəti yadigarıdır. AXC isə bizim şərəf tariximizdir, fəxrimizdir, şan-şöhrətimizdir. Bu il onun 100 illiyini böyük coşqu ilə qeyd edirik. Cümhuriyyət və onun qurucuları  haqda yeni yeni faktlar, materiallar üzə çıxır". G. Baxşəliyevanın sözlərinə görə, bu insanların əksəriyyətinin sonrakı həyatları, taleləri faciəvi olub, ya güllələniblər, ya sürgün ediliblər, ya da tərki-vətən olublar: "Ailələri minbir məhrumiyyət görüblər. Belədə, düşünürəm ki,himnimizin dəyişdirilməsi bir növ xəyanət olar-tariximizə,cümhuriyyətimizə və onu quran o böyük kişilərə, bir sözlə, bizim üçün müqəddəs olan ən ali,ülvi ideallarımıza. Bir də ki, əgər indiki Azərbaycan AXC-nin hüquqi varisidirsə, himni də bayrağı kimi dəyişdirilməməlidir".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31