Azərbaycan ilə Türkiyə arasında strateji müttəfiqlik yeni mərhələyə yüksəlib- ÖZƏL

"Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində imzalanmış Şuşa Bəyannaməsi ölkəmizin beynəlxalq nüfuzunun artmasında mühüm rol oynayır. Bu sənəd Azərbaycan ilə Türkiyə arasında strateji müttəfiqlik münasibətlərini yeni mərhələyə yüksəldir və bir sıra səbəblərə görə ölkəmizin beynəlxalq mövqelərinin möhkəmlənməsinə xidmət edir". "Olaylar" xəbər verir ki, bunu YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov deyib: "Bəyannamənin əhəmiyyəti ilk növbədə onun məzmununda və imzalanma məkanında əks olunur. 44 günlük Vətən müharibəsindən sonra Qarabağda Azərbaycan Respublikasının suverenliyinin tam bərpası fonunda imzalanan bu sənəd, regionda formalaşmış yeni geosiyasi reallıqları beynəlxalq müstəvidə əks etdirən ilk rəsmi sənəd olmaqla yanaşı, müasir dövrün təhlükəsizlik çağırışlarına cavab verən strateji əməkdaşlıq platforması rolunu oynayır.
Sənəddə qeyd olunan əsas müddəalar sırasına siyasi və diplomatik qarşılıqlı fəaliyyət, iqtisadi və enerji əməkdaşlığı, nəqliyyat-kommunikasiya infrastrukturunun inkişafı, hərbi və müdafiə sənayesi sahəsində birgə layihələrin həyata keçirilməsi, təhlükəsizlik və müdafiə sahələrində qarşılıqlı dəstəyin göstərilməsi daxildir. Eyni zamanda, Bəyannamə tərəflərin bir-birinin suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınmış sərhədlərini qeyd-şərtsiz dəstəklədiyini bir daha təsdiq edir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31