"İsrailin təcavüzü qarşısında Təhlükəsizlik Şurası ən qeyri-effektiv orqana çevrilib" – İranın BMT-dəki nümayəndəsi- ÖZƏL
13:21 DünyaBMT-nin Cenevrə ofisindəki İranın daimi nümayəndəsi və səfiri Əli Bəhreyni bildirib ki, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası (BTŞ) beynəlxalq səhnədə ən qeyri-effektiv orqana çevrilib və bu, İsrailin Yaxın Şərqdə təcavüzlərini davam etdirməsinə şərait yaradır.
Olaylar.az xəbər verir ki, "İsrailin etdikləri nə Qərb ölkələri, nə də xüsusilə BMT Təhlükəsizlik Şurası tərəfindən cəzalandırılır. Təhlükəsizlik Şurası bu gün dünyada ən təsirsiz quruma çevrilib - heç nə etmir, heç nəyi həll etmir," - deyə Bəhreyni Cenevrədə BMT Akkreditə Jurnalistlər Assosiasiyası (ACANU) üçün keçirilən brifinqdə vurğulayıb.
Diplomatın sözlərinə görə, Təhlükəsizlik Şurasının fəaliyyətsizliyi İsrailin İrana qarşı "cinayət xarakterli hücumlarını" davam etdirməsinin əsas səbəblərindən biridir. "Eyni zamanda, Qərb dövlətləri, xüsusilə ABŞ İsraili müdafiə edir və ona heç bir nəticə ilə üzləşməmək imkanı yaradır," - deyə Bəhreyni əlavə edib.
Xatırladaq ki, iyunun 13-nə keçən gecə İsrail "Rising Lion" (Qalxan Şir) adlı əməliyyata başlayaraq İranın nüvə proqramını hədəfə alıb. İran isə 24 saat keçməmiş cavab zərbəsi endirib. Tərəflər iyunun 14-də və 15-nə keçən gecə bir daha qarşılıqlı zərbələr mübadiləsi aparıblar. Hər iki tərəf itkilərin və obyektlərə dəymiş ziyanın olduğunu təsdiqləyib, lakin ümumi zərərin məhdud olduğunu bildirib.