Parlamentdə Qarabağ münaqişəsinə dair yeni format təklif edilib
30 Oktyabr 2018 16:02 SiyasətDanışıqlar Komissiyası adlı format yaradılsın: Bu, danışıqlar prosesinin irəliləməsinə yardımçı ola bilər
Milli Məclisin oktyabrın 30-da keçirilən plenar iclasında millət vəkilləri cari məsələlər üçün ayrılan vaxt ərzində müxtəlif təkliflər irəli sürüblər. İlk olaraq Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov Azərbaycan parlamentinin ilk iclasının keçirildiyi günlə bağlı təklif irəli sürüb: "Dekabrın 7-i milli parlamentimizin ilk iclasının baş tutduğu gündür. Parlamentin yaranmasının 100 illik yubileyi ilə əlaqədar yubiley iclası keçirilib. Ancaq təklif edirəm ki, biz dekabrın 7-i və o ərəfədə bununla bağlı Milli Məclisdə bir iclas keçirək". Millət vəkili Zahid Oruc isə Qarabağ münaqişəsinə dair yeni format təklif edib. Z.Oruc bildirib ki, ATƏT-in Minsk Qrupuna ehtiyac yoxdur: "Bu, bir qədər səs-küylü bəyanat ola bilər. Amma buna cəmiyyət, dövlət qərar verməlidir". Deputat hesab edir ki, danışıqlar birbaşa Ermənistan və Azərbaycan rəhbərliyi arasında aparılmalıdır: "Bunun üçnü danışıqlar komissiyası formalaşdırmaq olar ki, işin praktiki, texniki tərəflərini hazırlasın. Gələcəkdə bu görüşlərə Dağlıq Qarabağ icmalarının nümayəndələri də cəlb edilə bilər. Beynəlxalq dairələrin bu məsələyə qarışmış əllərini bir qədər neytrallaşdırmaq və danışıqlar aparmaq mümkün olsun. Bunun nəticəsinə daha çox inamlı yanaşıram, nəinki ATƏT-in Minsk Qrupuna". Deputat həmçinin Azərbaycanın Ukraynadakı səfirliyinin binasının təmiri ətrafında yol verilən korrupsiya ilə bağlı sabiq və indiki səfirlər arasında gedən qarşıdurmaya münasibət bildirib. Qeyd edib ki, hazırkı səfir sabiq səfirin Kiyevdəki səfirliyin binası zamanı yeyintiyə yol verdiyini iddia edir: "Sabiq səfir isə bunu təkzib etməkdədir. Belə bir məsələ niyə medianın gündəminə çıxarılmalıdır? Bu yolverilməz haldır. Bu, ölkənin imicinə zərbə vurur. Məsələni Ukraynada müzakirə etməkdənsə, Azərbaycanda müzakirə etsələr, daha yaxşı olar. Ukraynada nəyə görə bunu başqa xalqın nümayəndələri, rəsmiləri eşitməlidir?". Deputat Rüfət Quliyev də deputat həmkarının səsləndirdiyi fikri dəstəkləyərək, belə bir məsələnin ictimailəşdirilməsinə lüzum görmədiyini qeyd edib: "Mənə zəng edib deyiblər ki, sabah bununla bağlı mətbuat konfransı olacaq. Orada adıçəkilən problemə aydınlıq gətiriləcək. Mən də belə bir məsələsinin başqa ölkədə müzakirəsinin tərəfdarı deyiləm. Belə hallara yol vermək olmaz". Millət vəkili Siyavuş Novruzov vəkillərin fəaliyyət dairəsinin genişləndirilməsi məsələsinə toxunub. Bildirib ki, Azərbaycanda vəkillik və vəkillik fəaliyyəti haqqında kifayət qədər qanunvericilik bazası var. Vəkillərin seçilməsi ilə bağlı vahid forma var. Lakin nümayəndəliklər ləğv edildikdən sonra vəkillik institutuna böyük ehtiyac yaranıb. O, bildirib ki, vəkillik fəaliyyəti ilə bağlı qanunlarda sadələşdirilmə aparılmalıdır: "Vəkillik fəaliyyətinə üz tutan gənclərə imkanlar yaradılmalıdır. Düşünürəm ki, onlar vəkil kimi prosesə cəlb edildikdən sonra püxtələşib yaxşı kadr kimi formalaşa bilərlər". S. Novruzov vəkillərin Milli Məclisdə qanunlara edilən dəyişikliklər haqqında məlumatlandırılmasının vacibliyini qeyd edib: "Keçmişdə bununla bağlı institutlar var idisə, hazırda belə institutlar yoxdur. Milli Məclisin demək olar ki, hər iclasında İnzibati Xətalar, Mülki, Əmək məcəllələrinə dəyişikliklər edilir. Lakin nədənsə fəaliyyət göstərən vəkillər bir çox hallarda bunlardan xəbərsiz olurlar. Vəkillərin dəyişikliklərdən xəbərdar olması üçün onlara təlim keçirilməlidir. Baxırsan ki, çoxları prosedur qaydasını bilir, lakin dəyişiklikdən xəbərləri yoxdur. Biz vəkillərin dəyişikliklərlə bağlı maariflənməsinə diqqət göstərməliyik". Deputat vəzifəsini düzgün yerinə yetirmədiyinə, rüşvətxorluq və digər neqativ hallara görə səlahiyyətlərinə xitam verilən vəkillərin yenidən vəkil kimi fəaliyyətinə etirazını bildirib: "Belə şəxslərin sonradan vəkil kimi fəaliyyət göstərməsi etik qaydalara uyğun deyil. Düzdür, onlar imtahanla işə qəbul olunur. Lakin fəaliyyətində nöqsana görə işindən məhrum olunanlar yenidən vəkillik fəaliyyəti ilə məşğul olmamalıdırlar. Bura eyni zamanda vaxtilə hüquqları pozan hüquq müdafiəçiləri də daxildir. Onların ədliyyə və digər orqanlarda çalışması qeyri- mümkündür. Həmin şəxslərə QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən dəstək göstərilməməli və heç bir maliyyə yardımı edilməməlidirlər. Belə şəxslər Avropa Şurasına, ayrı-ayrı strukturlara yalandan siyahılar göndərməklə məşğuldurlar". Millət vəkili Fəzail Ağamalı qeyd edib ki, Türkiyədə Azərbaycan Prezidenti İlham Əliyevin ideyası və SOCAR-ın təşkilatçılığı ilə son dərəcə uğurlu layihə həyata keçirilib. Bu, STAR Neft Emalı Zavodunun açılmasıdır. Bu layihə bir daha Azərbaycan və Türkiyə qardaşlığının ifadəsi kimi tarixə düşdü. Deputat vurğulayıb ki, bu layihə həm Türkiyəyə, həm də Azərbaycana ciddi iqtisadi və maliyyə dividendləri gətirəcək: "Layihə iki ölkə arasında münasibətlərin bundan sonra daha ciddi inkişafında mühüm rol oynayacaq. Azərbaycanda neft strategiyası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub, hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir".
Sonra millət vəkilləri gündəlidə duran qanun layihələrinin müzakirəsini davam etdiriblər. Belə ki, İnzibati Xətalar Məcəlləsinə yeni - 600-1 (şəxsi işlərin aparılması qaydalarının pozulması) maddəsi əlavə edilib. Maddəyə əsasən, "Dövlət qulluğu haqqında" qanuna uyğun olaraq müəyyən edilən şəxsi işin aparılması qaydalarının tələblərinin kadr qurumlarının vəzifəli şəxsləri tərəfindən pozulmasına görə 400 manatdan 600 manatadək məbləğdə cərimə nəzərdə tutulur. Dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib. Müzakirələr zamanı deputat Musa Quliyev Azərbaycanda "Vahid tarif cədvəli və əmək haqqının ödənilməsi haqqında"qanun layihəsi qəbul edilməsini təklif edib. Bildirib ki, dövlət qurumlarına pul bir yerdən, yəni, büdcədən verilməlidir: "Belə olmayanda isə ayrı-seçkilik olur. Dövlət büdcəsindən maliyyələşən təşkilatlar dövlətdən maliyyələşir və bu, belə də olmalıdır. Bu gün cərimələrdən gələn gəlirlərin bir qisminin dövlət büdcəsində çalışan şəxslərə verilməsi ilə bağlı qanuna dəyişikliklər edilir. Lakin bu prosesə nəzarət mexanizmi mümkün deyil. Ona görə də vahid tarifin yaradılmasını təklif edirəm və gələcəkdə bu məsələyə qayıtmalıyıq. Bu qanunda axırıncı dərəcədən tutmuş yüksək dərəcəyə qədər hamının maaşı qeyd olunmalıdır".
Ardınca yeni hazırlanan "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb. Layihə barədə məlumat verən komitə sədri Aqiyə Naxçıvanlı qeyd edib ki, sənədlə Azərbaycanda uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiyanın növləri müəyyənləşib. Sənədə əsasən uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiya məhsullarının uşaqların ola biləcəyi yerlərdə inzibati, texniki proqram və avadanlıq vasitələrinin tətbiq edilmədən yayılmasına yol verilmir.Uşaqlar arasında yayılması qadağan edilən və ya məhdudlaşdırılan informasiyanın istehsalçısı və yayıcısı bu Qanunda müəyyən müəyyən edilmiş qaydalara riayət etməyə borcludur. Qanun layihəsinin 12-ci (Uşaqlar üçün qadağan olunan informasiya məhsullarının dövriyyəsinə dair əlavə tələblər) maddəsinə əsasən, məhdud şəxslər dairəsində yayılması nəzərdə tutulan mətbu nəşrin birinci və sonuncu səhifəsində, çap məhsulunun və digər poliqrafik məhsulun üz və arxa qabığında uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiyanın əks olunmasına yol verilmir. Əks halda həmin informasiya məhsulunun yayılmasına yalnız bağlı qablaşdırmada yol verilir. Uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiya məhsulunun uşaqlar üçün nəzərdə tutulmuş təhsil müəssisələrində, tibb, sanatoriya-kurort, bədən tərbiyəsi və idman, mədəniyyət, istirahət və sağlamlaşdırma müəssisələrində və ya həmin müəssisələrin sərhəddindən 150 metrdən az olan məsafədə yayılmasına yol verilmir. Sənəddə teleradio yayımı vasitəsilə yayımlanan informasiya məhsuluna aid tələblər də müəyyən olunub. Qanun layihəsinin 9-cu (Teleradio yayımı vasitəsilə yayımlanan informasiya məhsuluna aid tələblər) maddəsinə əsasən, teleradio yayımı vasitəsilə yayımlanan "Universal", "6-", "6+", və "12+" yaş kateqoriyalarına aid informasiya məhsullarının yayımlanmasına vaxt məhdudiyyəti qoyulmur. Xüsusi dekoderlər vasitəsilə ödənişli əsasda həyata keçirilən informasiya məhsullarının telekanallarda yayımı istisna olmaqla, aşağıdakı informasiya məhsullarının yayımına məhdudiyyət qoyulur. Layihəyə əsasən zorakılığı və qəddarlığı nümayiş edən informasiya, qeyri-məişət leksik (jarqon) məzmunlu informasiya, qorxu məzmunlu informasiya, erotik məzmunlu informasiya) maddəsində nəzərdə tutulan "16+" yaş kateqoriyasına aid informasiya məhsulları - yerli vaxtla saat 7-dən saat 21-dək; Zorakılığı və qəddarlığı təbliğ edən informasiya, cəmiyyət əleyhinə və hüquqazidd hərəkətləri, o cümlədən cinayətləri təbliğ edən informasiya, uşaqların həyat və təhlükəsizliyinə potensial təhlükə yaradan əməlləri təbliğ edən informasiya, ailə institutunu nüfuzdan salan informasiya, əxlaqdan kənar leksik (söyüş) məzmunlu informasiya, pornoqrafik xarakterli informasiya) və 4.3.4-cü (erotik məzmunlu informasiya) maddələrində nəzərdə tutulan, müvafiq olaraq "18+" və "16+" yaş kateqoriyalarına aid informasiya məhsulları - yerli vaxtla saat 6-dan saat 23-dək, "18+" yaş kateqoriyasına aid informasiya məhsulu teleradio vasitəsilə yayımlanarkən bu informasiya məhsulunun yaş kateqoriyası haqqında xəbərdarlıq televiziya yayımı zamanı işarə, radio yayımı zamanı isə səsləndirmə ilə həyata keçirilir. Bundan başqa, qanun layihəsində Azərbaycanda informasiya məhsulunun yaş təsnifatı əksini tapıb. Onu da qeyd edək ki, Azərbaycanda yeni medallar təsis edilib. Bununla bağlı "Diplomatik xidmətə verilən töhfəyə görə" medalının və "Azərbaycan Respublikası dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının 100 illiyi (1919-2019)" yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanuna dəyişikliklər müzakirəyə çıxarılıb. Həmçinin "Dövlət sirri haqqında" qanuna dəyişiklik edilib. Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov bildirib ki, ölkə prezidenti tərəfindən göndərilən qanun layihəsində dövlət sirrinin mühafizəsinin təmin olunmasına nəzarət edən orqanların siyahısı genişləndirilir. Belə ki, dövlət sirrinin mühafizəsinin təmin olunmasına nəzarət müvafiq icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən də təşkil ediləcək.Qeyd edək ki, deputatların "Lotereyalar haqqında" qanundakı son dəyişikliyə etdikləri etiraz nəzərə alınıb. Belə ki, deputatlar qanun layihəsində təklif olunan Tiraj Komissiyasının üzvlərinin sayının 5-dən 3-ə endirilməsinə etiraz etmişdilər. Sözügedən qanunun üçüncü oxunuşda müzakirəsi zamanı parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, deputatların Tiraj komissiyasının üzvlərinin 5 nəfər saxlanılması təklifi qanunverici təşəbbüsü subyekti tərəfindən nəzərə alınıb. Layihə səsə qoyularaq qəbul edilib.
Alim