Kreml İrəvanın siyasətindən narazıdır - ANALİTİK
7 Avqust 2018 11:27 SiyasətErmənistanın baş naziri Nikol Paşinyanın atdığı addımlar öz ağası olan Rusiya tərəfindən heç də normal qarşılanmır. Belə ki, inqilabçı baş nazirin özünə rəqib bildiyi Qarabağ klanının nümayəndələrini bir-bir sıradan çıxarması Moskvada narahatçılıqla qarşılanıb. Çünki Paşinyanın hədəfinə tuş gələnlər birbaşa bu və ya digər dərəcədə Rusiyaya bağlı olan adamlardır. Ekspertlər hesab edirlər ki, Nikol Paşinyanın atmış olduğu addımlar ona baha başa gələ bilər. "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə hesab edir ki, Ermənistanın baş naziri Nikol Paşinyan növbəti hiyləgər gedişini etdi. O, bildirib ki, Paşinyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Yuri Xaçaturovu həbs etmək istəyi Kremlin xoşuna gəlməyib və Rusiya rəsmiləri İrəvanın bu qərarına açıq etirazlarını bildiriblər: "Ancaq Paşinyan Moskvanın bu etirazı qarşılığında "səhv etdik, Yuri Xaçaturov fəaliyyətinə davam edə bilər" desəydi tərəfdarlarının gözündə zəif görünəcəkdi, onun ünvanına "Kremlin xəbərdarlığından qorxdu" ifadəsini səsləndirəcəkdilər. Bəs belə olan halda Paşinyan hansı addımı atdı? Ermənistanın baş naziri təşkilata Yuri Xaçaturovun əvəzinə baş katib kimi keçmiş müdafiə naziri Vaqarşak Arutunyanın namizədliyini irəli sürdü. Kreml Xaçaturovun geri qaytarılmasına etiraz etsə də, Vaqarşak Arutunyanın namizədliyinin əleyhinə də açıq mövqe bildirməkdə çətinlik çəkir. Çünki, Paşinyanın irəli sürdüyü Vaqarşak Arutunyan tam ruspərəstin biridir, bu general məhz Rusiyanın dəstəyi ilə Ermənistanda 1990-cı illərdə vacib hərbi postlarda çalışıb. Beləcə, Paşinyan Xaçaturovu geri çağırmaqla Moskvadan çəkinmədiyini, Vaqarşak Arutunyanın namizədliyini irəli sürməklə isə Moskvanın maraqlarını nəzərə aldığını biruzə verir. Tam erməni gedişidir". Politoloq onu da vurğulayıb ki, Paşinyanın hansı addımlar atmasından asılı olmayaraq Kreml İrəvanın siyasətindən narahatdır. Onun sözlərinə görə, Kreml Ermənistanın yeni siyasəti ilə bağlı iki əsas sualı gündəmə gətirir: "Birinci sual: Ermənistan Rusiyanın strateji müttəfiqi və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olduğu halda necə olur ki, düşmən NATO-nun Gürcüstandakı təlimlərində iştirak edir? İkinci sual: Ermənistan və Azərbaycan bir-birləriylə müharibə şəraitində olduqları halda necə olur ki, NATO-nun birgə təlimlərində iştirak edə bilirlər? Məntiqi suallardır. Ancaq hər iki suala məntiqi cavab da var. Birinci suala cavab belədir ki, Ermənistanın yeni hakimiyyəti əvvəlkitək Rusiyanı müttəfiq adlandırsa da, Qərbə də arxa çevirmək istəmir, tam əksinə, Qərbin müxtəlif institutları ilə əməkdaşlığı genişləndirməyə çalışır. Ermənistanın NATO təlimlərində iştirakı bu siyasətin tərkib hissəsidir. Bir də ki, Paşinyanın devirdiyi və Rusiyaya daha yaxın olan Serj Sərkisyan da ötən il Ermənistanın Gürcüstanda eyni adlı NATO təlimlərində iştirakına qərar vermişdi. O belə bir qərar veribsə, Nikol Paşinyan niyə NATO təlimlərindən imtina etməli idi?
İkinci sualın cavabı isə budur ki, Ermənistan NATO təlimlərində iştirak etdiyi halda Azərbaycanın bu təlimlərdən kənarda qalması məntiqi olmaz. Ötən il qatılmamışdıq. Bunun səhv olduğunu ötən il yazmışdım. Bu dəfə doğru qərar verdik. Biz Rusiyadan Ermənistan qədər asılı deyilik, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının da üzvü deyilik ki, Moskva İrəvan kimi Bakıya da açıq irad tuta bilsin. O ki qaldı, erməni və azərbaycanlı hərbçilərin təlimlərdə birgə iştirakına, bu həqiqətən suallar doğursa da, NATO rəhbərliyi də işini bilir, vacib deyil ki, bir-biri ilə müharibə şəraitində olan ölkənin hərbçiləri eyni hərbi planlamada yer alsınlar, hər halda aralarında məsafə saxlanılır". Mərkəz rəhbəri deyib ki, Ermənistanın NATO təlimlərində iştirakı Azərbaycanın xeyrinədir. Çünki bu birincisi, Kollektiv Təhlüksizlik Müqaviləsi Təşkilatının NATO-dan geri qaldığını göstərir və ikincisi, Rusiyanın Ermənistana inamını azaldır: "Digər tərəfdən, NATO-nun Azərbaycanın ərazi bütövlüyünü birmənalı dəstəkləyən təşkilat olduğunu da unutmamaq lazımdır".
Bu arada son günlər Ermənistanda müharibənin başlama mümkünlüyü ilə bağlı yayılan xəbərlərə də toxunan politoloq bildirib ki, Azərbaycan mediasında da əsas xəbər başlıqlarından biri məhz budur: "Azərbaycanla hər an müharibə başlaya bilər". Bu xəbər "Helsinki təşəbbüsü-92"nin Dağlıq Qarabağ komitəsinin koordinatoru Karen Ohancanyan sözlərinə isitnadən yayılıb. Yayılan xəbərdən sonra "Ermənistandan sensasiya" alt başlığının əlavə edilməsini doğrusu anlamadım. Birincisi, Karen Ohancanyan Ermənistanda deyil, Dağlıq Qarabağda yaşayır. İkincisi, Dağlıq Qarabağda yaşayan erməninin facebook-da yazdığı bir neçə cümləlik statusun Azərbaycanın informasiya məkanını zəbt etməsinin tərəfdarı deyiləm. Ancaq əgər erməninin məlum statusu xəbər məkanımızı işğal edibsə mən də Karen Ohancanyanın arqumentlərini xırdalamaq məcburiyətindəyəm. Onun əsas müharibə arqumenti budur ki, Azərbaycan bütün sərhədboyu hərbi təlimləri genişləndirir. Guya Azərbaycan iyun və ya iyulda da müharibə başlaya bilərdi, sadəcə buna 3 amil mane oldu: Birincisi, Rusiyada keçirilən futbol çempionatı. İkincisi, Mingəçevirdəki elektrik qəzası. Nəhayət, üçüncüsü, Gəncədə baş verən hadisələr. Yəni Karen Ohancanyanın sözlərindən belə çıxır ki, indi bütün bu məsələlər Azərbaycan üçün arxada qalıb və Bakı üçün avqust və ya sentyabrda müharibəyə başlamaq üçün manesi yoxdur. Hətta onun sözlərinə görə, Rusiya-Ermənistan münasibətlərindəki mövcud gərginlik də Azərbaycanın müharibəyə başlamasına şərait yaradır. Karen Ohancanyanı şəxsən tanıyıram. Müxtəlif beynəlxalq konfrans və seminarlarda dəfələrlə üz-üzə gəlmişik. O "müharibə yaxınlarda başlayacaq" ifadəsini illərdir işlədir. Bir dəfə ona belə bir sual verdim: "Azərbaycanın gəlirləri artır, ordumuz güclənir, hərbi texnikamızın sayı artır. Bu halda siz nə etməyi düşünürsünüz?". Karen Ohancanyanın isə mənə cavabı belə oldu: "Sizi təxribata çəkəcəyik və Sizdə 1990-cı illərdə baş verən olayları təkrarlamağa çalışacağıq". Elxan Şahinoölu deyib ki,
Karen Ohancanyan bu gün də təxribatla məşğuldur. O "müharibə" sədalarını gücləndirməklə erməni cəmiyyətini Azərbaycana qarşı kökləməyə çalışır: "Bəli, müharibə hər an başlaya bilər, ancaq Karen kimilərin məqsədi "dəqiq tarixi" göstərməklə müharibənin qarşısını almaq və işğalı uzatmaqdır. Müharibənin nə zaman başlanacağı qərarı ancaq Bakıda verilə bilər.
Füzuli