Elxan Şahinoğlu: “Çavuşoğlunun Azərbaycana bir günlük səfəri diqqəti çəkdi"
“Türkiyə xarici işlər Mövlud Çavuşoğlunun Azərbaycana bir günlük səfəri diqqəti çəkdi. Çünki, bir müddət əvvəl Azərbaycana Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan səfər etmişdi və nümayəndə heyətində Mövlüd Çavuşoğlu da var idi. Belə isə az müddətdə Çavuşoğlunun yenidən Bakıya qayıtmasını hansı amillər zəruri edirdi?”. Bunu açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.
25 İyul 2018 14:02 Siyasət"Türkiyə xarici işlər Mövlud Çavuşoğlunun Azərbaycana bir günlük səfəri diqqəti çəkdi. Çünki, bir müddət əvvəl Azərbaycana Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan səfər etmişdi və nümayəndə heyətində Mövlüd Çavuşoğlu da var idi. Belə isə az müddətdə Çavuşoğlunun yenidən Bakıya qayıtmasını hansı amillər zəruri edirdi?".
Bunu açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, birincisi, son illər Azərbaycan və Türkiyə xarici siyasət idarələri daima koordinasiya şəraitində fəaliyyət göstərirlər: "Məsələn Mövlüd Çavuşoğlu Bakıdakı mətbuat konfransında belə bir ifadə işlətdi ki, Azərbaycanın xarici işlər nazirini həm də Türkiyənin xarici işlər naziri sayır. Bu ifadə iki ölkə arasındakı yaxınlığın tərənnümüdür. Azərbaycan Türkiyənin, Türkiyə isə Azərbaycanın maraqlarını ifadə edir. Təsadüfi deyil ki, Azərbaycan prezidenti İlham Əliyev beynəlxalq tədbirlərin birində Türkiyə əleyhinə danışan Ermənistanın keçmiş prezidenti Serj Sərkisyana belə cavab vermişdi: "Bu tədbirdə Türkiyə yoxdur, ona görə də mən sizə Türkiyənin əvəzinə də cavab verəcəm".
İkincisi, Mövlud Çavuşoğlu Bakıya səfərində üçlü görüşlərin koordinasiyası məsələsinə də toxundu. Azərbaycan və Türkiyənin birgə iştirak etdiyi regional üçlü formullar var. Bunlardan Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Türkiyə-İran və Azərbaycan-Türkiyə-Türkmənistanı missal çəkmək olar. Görünür, Çavuşoğlu bu üçlü formatlardan birinin və ya bir neçəsinin gündəlik mövzularını da azərbaycanlı həmkarı Elmar Məmmədyarovla qapalı görüşdə müzakirə etdi. Fikrimcə, adı çəkilən formatlardan bu gün ən aktualı Azərbaycan-Türkiyə-Türkmənistandır. Çünki, Ankaranın əsas məqsədlərindən biri Türkmənistan qazının da Azərbaycan üzərindən Türkiyəyə çatdırılmasıdır. Bunun üçün münbit şərait yetişib. TANAP boru xətti işləyir, üstəgəl də avqust ayında Xəzərin status ilə bağlı yekun konvensiya sazişi imzalanacaq. Bu konvensiya imkan verəcək ki, Türkmənistan və Azərbaycan öz sektorlarına aid hissəsində Xəzərin dibi ilə boru xətti çəksinlər. Bundan başqa Azərbaycan-Türkiyə-Ukrayna formatını da hərəkətə gətirməyin vaxtıdır.
Üçüncüsü, Çavuşoğlu ilə Məmmədyarov arasında Qarabağ mövzusunda da fikir mübadiləsi olub. Türkiyə Qarabağ münaqişəsinin həllin istiqamətində fəallığını artırmaq istəyir. Bu məsələdə də Bakı ilə Ankara arasında sıx koordinasiyaya ehtiyac var.
Dördüncüsü, Mövlud Çavuşoğlu Bakıdakı mətbuat konfransında onu da qeyd etdi ki, Fətullah Gülən şəbəkəsi ilə ən ciddi mübarizə aparan ölkələrdən biri də Azərbaycandır. Mövlud Çavuşoğlu Azərbaycanda qapadılan məktəblər mövzusuna aydınlıq gətirdi. Həmin məktəblər keçmişdə Gülən şəbəkəsinə aid olub. İndi isə Türkiyə həmin məktəbləri "Maarif" Vəqfinə vermək barədə düşünür. Fikrimcə, bu ən məqbul yoldur. Bir az gecikmiş qərar olsa da, bu məsələni də nəzarət altına almaq lazımdır. Çünki Gülən şəbəkəsi qorxunc siyasi hədəflərlə hərəkət etsə, yüksək standartlara cavab verən orta və ali təhsil ocaqları təsis etmişdilər. Türkiyə dövlətinin həmin təhsil ocaqlarına sahiblənməsi vacibdir.
Mövlud Çavuşoğlunun Bakıya səfəri Ermənistana önəmli mesaj idi. Ermənistan-Rusiya siyasi-hərbi ittifaqında ciddi suallar yarandığı halda, Azərbaycan-Türkiyə siyasi-hərbi ittifaqı inkişaf edir və bütün regional çağırışlara cavab verməyə hazırdır".
SİA