“Radikallaşmış insanların böyük əksəriyyəti heç vaxt "Qurani-Kərim"i oxumayıb”
Sahibə Qafarova: “Miqrantların radikallaşmasının əsas səbəblərindən biri şəxsiyyət böhranıdır”
5 İyun 2018 11:38 SiyasətSahibə Qafarova: "Miqrantların radikallaşmasının əsas səbəblərindən biri şəxsiyyət böhranıdır"
Bu gün Avropa yaxın tarixinin ən böyük humanitar fəlakəti - miqrant böhranı ilə üz-üzədir. Şimali Afrika, Yaxın və Orta Şərqdən qaçqın və məcburi köçkünlərin böyük bir kütləsi müharibələrdən, aclıqdan, səfalətdən xilas olmaq üçün Avropaya üz tutmuşdur. Qeyri-leqal miqrant axınının kəskin artdığı Avropada hazırda yaranmış vəziyyət BMT tərəfindən "İkinci Dünya müharibəsindən bəri dünyada ən böyük qaçqın böhranı" hesab olunur. Çünki qitəyə üz tutanların əksəriyyəti hazırda münaqişələrin, daxili müharibələrin, terrorizmin, xaosun hökm sürdüyü ölkələrdə yaşayış şəraitinin, humanitar vəziyyətin kəskin pisləşməsi ilə əlaqədar evlərini tərk etmək məcburiyyətində qalanlardır. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının açıqlamasına görə, təkcə 2015-ci ildə Aralıq dənizini 300 min nəfərə yaxın miqrant keçmiş, onlardan 181.500 nəfəri Yunanıstana, 108.500 nəfəri isə İtaliyaya daxil olmuşdur. Qurumun həmin ilin iyul ayının sonuna olan statistikasına görə, il ərzində Avropaya qayıqla gələnlərin 62 faizi Suriya, Eritreya və Əfqanıstandan olanlardır. Buraya Sudanın Darfur bölgəsindən, İraq, Somali və Nigeriyanın münaqişəli zonalarından gələnləri də əlavə etdikdə göstərici 70 faizə yüksəlir. 2016-cı ildə isə Aralıq dənizi vasitəsilə Avropaya 357 249 nəfər miqrant gəlmişdir. Avropaya qeyri-qanuni yollarla daxil olmaq istəyən qaçqınların əksəriyyəti Yunanıstan vasitəsi ilə öz niyyətlərinə çatmışdır. İl ərzində bu ölkə 170 mindən çox miqrantı qəbul etmişdir. Bu gün dünyadakı bütün miqrantların 3-dən 2-si Avropada yaşayır. Sadəcə bu iki il ərzində qeyri-leqal miqrasiyanı ifadə edən rəqəmlər hazırda problemin nə qədər dərin olduğunu anlamağa imkan verir. Şübhəsiz, miqrasiya axınının genişlənməsi bu prosesin bu qədər dramatik hal almasında bir formada iştirak edən Avropanın özündə də yeni problemlərin artmasına rəvac vermişdir. İlk növbədə miqrasiya iqtisadi həyata təsir edərək qlobal iqtisadiyyatın yaranmasını, transmilli korporasiya və beynəlxalq əmək bazarının formalaşmasını şərtləndirir. İnformasiya məkanına təsir edərək müvafiq qlobal sosial, eləcə də cinayətkar şəbəkələrin formalaşmasına səbəb olur. İqtisadi baxımdan inkişaf edən ölkələrə üz tutan miqrant axınlarının qeyri-leqal formaları, onun kölgə iqtisadiyyatı və mütəşəkkil cinayətkarlıqla əlaqəli olan kriminallaşması meyilləri, beynəlxalq terrorizm və transmilli cinayət şəbəkəsi tərəfindən istifadə olunması bu gün milli dövlətlərin təhlükəsizliyi üçün yaranan əsas təhlükələrdən biridir. Məhz bu kimi amilləri nəzərə alan beynəlxalq təşkilatlar miqrasiya problemini diqqət mərkəzində saxlayılar. Etiraf edilməlidir ki, Avropaya inteqrasiya siyasəti yürüdən Azərbaycan da sözügedən problemin həllinə öz töhvəsini verməyə çalışır. Təsadüfi deyil ki, "Avropada miqrantların və diaspor təşkilatlarının radikallaşması" mövzusunda məruzə hazırlayıb. Millət vəkilinin məruzəsi AŞ PA-nın Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin iclasında müzakirə edilib. Millət vəkili Sahibə Qafarova bildirib ki, məruzədə Avropada miqrantların və diaspor təşkilatlarının radikallaşmasına təsir edən amillər, həmçinin miqrantların radikallaşmasının qarşısının alınması üçün görüləcək tədbirlərlə bağlı təkliflər və bununla bağlı Avropa strategiyası haqqında geniş məlumat əksini tapıb. Onun sözlərinə görə, radikallaşmış insanların əksəriyyətinin dini fanatiklər olduğuna dair ümumi ictimai rəyin əksinə olaraq, Avropada aparılan araşdırmaların nəticələri bunun heç də belə olmadığını göstərir: "Radikallaşmış insanların böyük əksəriyyəti heç vaxt "Qurani-Kərim"i oxumayıb, məscidlərə getməyiblər. Hücumların böyük çoxluğu DAEŞ terror təşkilatından ilhamlanan şəxslər tərəfindən idarə olunur və ya həyata keçirilir. İkinci və üçüncü nəsil miqrantların radikallaşmasının əsas səbəblərindən biri şəxsiyyət böhranıdır. Bu gənclər nə qərb dünyəvi həyat tərzinə adaptasiya oluna bilir, nə də valideynlərinin müsəlman şəxsiyyətini qəbul edirlər. Onlar öz dini köklərini yenidən kəşf etməyə çalışarkən təəssüf ki, bəzən ekstremist, radikal ideologiyaların təsiri altına düşür. Radikallaşma prosesi çox vaxt internetdə və sosial mediada, həmçinin həbsxanalarda və saxlanma məntəqələrində baş verir. Gənc miqrantlar digər yaş qruplarına nəzərən radikallaşma meyllərinə daha həssasdırlar. Onların tipik profili belədir: gənc ikinci nəsil miqrantlar (onlar 16-24 yaş qruplarına aiddirlər), uğursuz təhsil, cinayət işi və işsizlik. Radikalizmin başqa potensial səbəbi iqtisadi və sosial qeyri-bərabərlikdir. Bir çox miqrantlar mərkəzdən kənarlarda və ya icmalarda yaşayır, yoxsulluq, sosial təcrid ilə əhatə olunur, belə olduqda isə onlar öz yaşamlarını təmin etmək üçün qanunsuz qazanc üsulları axtarırlar". Sahibə Qafarova qeyd edib ki, radikalizmə təsir göstərən digər mühüm səbəb diskriminasiya və ayrı-seçkilik hallarıdır. Belə ki, miqrantlar təhsildə, sosial həyatlarında, iş, ev axtararkən bərabərsizliklə, ayrı-seçkiliklə tez-tez qarşılaşırlar: "Bütün amillərin təhlil olunması belə bir fikri söyləməyə əsas verir ki, Avropada miqrantların və diaspor təşkilatlarının radikallaşması əsasən onlara ev sahibliyi edən ölkələrdə tətbiq edilən siyasətlərin uğursuzluqları, habelə miqrantlara qarşı ədalətsizlik və qeyri-bərabər münasibət, həmçinin nifrət və düşmənçiliyi təbliğ edən çağırışlarla daha çox bağlıdır. Buna görə də, bu təhlükəli meylin yayılmasının qarşısını almaq üçün Avropa hökumətləri miqrantlara qarşı öz siyasətlərini yenidən nəzərdən keçirməli və məcburi köçkünlərin cəmiyyətin həyatına cəlb olunması və iştirakını təşviq etməlidir. Bundan başqa, həm ibtidai, həm də ali təhsildə yanlış fikirləri aradan qaldırmaq və qarşılıqlı anlaşmanı, xoşgörünü təbliğ etmək radikalizmin qarşısının alınmasında mühüm rol oynayır. Radikalizmin qarşısının alınması bütün müəllimlər, pedaqoqlar üçün peşə hazırlığının daimi hissəsi olmalıdır. Onlar mədəni və dini fərqləri anlamaq və qəbul etmək üçün təlim keçməlidirlər". Sahibə Qafarovanın fikrincə, bu kimi problemlərin həllinin əsas yollarından biri maarifləndirmədir: "Uşaqlara hər gün demokratiya və insan hüquqları öyrədilməlidir. Onlar məsuliyyətli vətəndaşlar olmağı və ictimai həyatda fəal iştirak etməyi öyrənməlidirlər. Müasir təhsil sistemi hər bir şagirdin baxış və maraqlarını ifadə etməsinə şərait yaratmalıdır. Mən xüsusilə radikallaşmanın qarşısının alınmasında qadınların rolunu vurğulamalıyam. Qadınların bu prosesdə fəal iştirakı olduqca vacibdir". Bununla yanaşı, millət vəkili deyib ki, qadınların rolu ailə çevrəsi ilə məhdudlaşmamalı, onlar təhsil və icma fəaliyyətlərinə cəlb edilməlidilər. Bu günədək bir çox Avropa ölkəsi miqrantların və diaspor üzvlərinin radikallaşmasının qarşısını almaq üçün yerli, regional və milli səviyyədə tədbirlər görüb: "Radikallaşma və ekstremizmin qarşısının alınmasında yerli hakimiyyət orqanlarının və bələdiyyələrin də rolu çox vacibdir. Yerli polis və bələdiyyələrə daha çox miqrant mənşəli insan cəlb edilməlidir. Bələdiyyə, polis və vətəndaş cəmiyyəti arasında əməkdaşlıq və koordinasiya işləri çox vacibdir".
Alim