Sərkisyanın Rusiya dəvəti

Ermənistan cəbhə xəttində gərginliyi artırıb təxribatlar törətdiyi bir ərəfədə işğalçı ölkənin prezidenti Serj Sərkisyan yenidən Rusiya Federasiyasına dəvət edilib. Sərkisyanın rusiyalı həmkarı ilə keçirəcəyi görüşdə əsas müzakirə mövzusunun məhz Dağlıq Qarabağ problemi olacağı qeyd edilir.

Tənbeh, yoxsa dəstək

Ermənistan cəbhə xəttində gərginliyi artırıb təxribatlar törətdiyi bir ərəfədə işğalçı ölkənin prezidenti Serj Sərkisyan yenidən Rusiya Federasiyasına dəvət edilib. Sərkisyanın rusiyalı həmkarı ilə keçirəcəyi görüşdə əsas müzakirə mövzusunun məhz Dağlıq Qarabağ problemi olacağı qeyd edilir. Artıq Sərkisyanın cəbhə xəttində baş verən insdentlər fonunda dərhal Rusiyaya dəvət edilməsi adət halını alıb. Məlumat üçün qeyd edək ki, 2016-cı ilin aprel hadisələri zamanı da işğalçı ölkənin rəhbərliyi Rusiyaya dəvət almışdı. Ermənistan prezidenti Rusiyaya dəvət edildiyi bir ərəfədə siyasi ekspertlər, analitiklər bu dəvət barədə müxtəlif mülahizələr irəli sürməyə başlayıblar. Bəziləri hesab edir ki, Serj Sərkisyan Rusiyaya tənbeh edilmək üçün dəvət olunub. Belə ki, cəbhədə baş verən insdentlərdən Kerml də ciddi narahatdır. Səbəb isə keçən ilin aprelində baş vermiş 4 günlük müharibədən sonra Rusiyanın bir növ Azərbaycan qarşısında götürdüyü öhdəlikdir. O zaman Kreml Bakını inandırmağa çalışdı ki, tezliklə danışıqlar prosesi bərpa olunacaq və Dağlıq Qarabağ probleminin həlli istiqamətində ciddi irəliləyiş əldə ediləcək. Düzdür, ilk həftələrdə bu intensivlik özünü göstərdi və tərəflər bir neçə dəfə görüşdülər. Lakin sonradan Ermənistanın yenidən nümayiş etdirdiyi qeyri-konstruktivlik danıışıqlar prosesinə zərbə vurmuş oldu. Bu həm də Ermənistan tərəfindən Rusiyanın nüfuzunə vurulmuş bir zərbə idi. Son günlərdə cəbhədə yaşanan olaylar bir daha Rusiyanın vasitəçilik missiyasına zərbə vurduğundan Kreml rəhbəri Sərkisyanı qəbuluna çağıraraq ona qulaqburması verməyi planlaşdırır. Amma bunun əksini də söyləyənlər var. Ötən gün Ermənistan ərazisindəki Rusiyaya məxsus hərbi bazaların həyəcan siqnalı ilə ayağa qaldırılması və təlimlərə start verilməsini Moskvanın İrəvana dəstəyi kimi dəyərləndirən bəzi ekspertlər isə hesab edirlər ki, Sərkisyanın bu ərəfədə Rusiyaya dəvət edilməsi də elə bu dəstəyin göstəricisidir.

Politoloq Əli Qənbərli hesab edir ki, işğalçı Ermənistanın prezidenti Serj Sərkisyanın Rusiya Federasiyasına dəvət edilməsində təəccübləndirici bir şey yoxdur. Onun sözlərinə görə, bu tarixən belə olub: "Ermənistan hər zaman Rusiyanın diqtəsi ilə hərəkət edir və Rusiyanın xeyir-duası olmadan heç nə edə bilməz. Dəvətin mahiyyətinə gəlincə isə onu deyə bilərəm ki, böyük ehtimalla bu dəvət son günlər cəbhədə baş verən hadisələrə görədir". Əli Qənbərlinin sözlərinə görə, tarixə baxsaq görərik ki, Rusiya Federasiyası hər zaman Cənubi Qafqazı öz nüfuz dairəsində saxlamağa çalışıb: "Bu günümüzdə də belədir". Əli Qənbərli onu da diqqətə çatdırıb ki, Dağlıq Qarabağ probleminin həll olunmamağının başlıca səbəbkarı da elə Rusiyadır: "Çox uzağa getməyək. Bir müddət əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrovun "Dağlıq Qarabağ məsələsi təkcə Azərbaycanın daxili işi deyil"- deməsi bunun göstəricisidir. Amma, gerçəkdən prosedur artıq dalana dirənib. Müharibənin olmayacağına kimsə zəmanət verə bilməz. Zatən bir neçə gün öncəki hadisələr müharibənin kiçik forması idi. Dağlıq Qarabağ problemi istənilən vaxt böyük müharibəyə çevrilə bilər".

Müstəqil ekspert Əliabbas Məhərrəmli deyib ki, Ermənistan prezidentinin Moskvaya növbəti səfəri martın 14-nə nəzərdə tutulub. Sərkisyanın bu dəfəki səfəri rəsmi təqdimatda Rusiya ilə Ermənistan arasında diplomatik münasibətlər yaradılmasının 25 illiyi ilə əlaqələndirilir: "Ancaq onun səfərinın sırf bu məsələyə həsr olunduğunu düşünmək sadəlövhlükdür. Ermənistanın Rusiyanın bir quberniyası vəziyyətinə düşdüyünü nəzərə alsaq, Sərkisyanın Moskvaya gedişi həm də real patronları qarşısında hesabat vermək və yeni təlimatlar almaq anlamına gəlir. Əslində, bu ölkələr arasında diplomatik münasibətlərin mövcudluğu da tam formal xarakter daşıyır. Çünki Ermənistan heç vaxt müstəqil dövlət olmayıb, ermənilər isə son 2-3 əsrdə isə Rusiyanın əlində bir vasitəyə çevriliblər. SSRİ-nin dağılmasından sonra guya "müstəqil" olan Ermənistanda müstəqil dövlət adına heç nə yoxdur. Bu ölkənin xarici-daxili siyasəti Moskvada müəyyənləşir. Hətta Ermənistanın bütün strateji iqtisadi obyektləri də Rusiya tərəfindən alınıb. Ona görə də Sərkisyanın bu səfərinin arxasında başqa məqsədlərin olduğu şübhə doğurmur. Təbii ki, müzakirələr zamanı diqqət mərkəzində Qarabağ münaqişəsi olacaq və Moskvanın yeni direktivləri Sərkisyana təqdim olunacaq. Heç kəsə sirr deyil ki, Qarabağ münaqişəsini, eləcə də keçmiş Sovet məkanındakı bütün münaqişələri Rusiya yaradıb. Burada əsas məqsəd SSRİ dağılandan sonra müstəqillik əldə edən sovet respublikalarını təzyiq altında tutmaq, onları Moskvanın təsir dairəsində saxlamaqdır. O baxımdan, Ermənistanın Qarabağ cəbhəsindəki istənilən təxribatının arxasında Rusiyanın dayandığı aksiomdur. Görünür, Rusiya Azərbaycana hansısa məsələdə yeni təzyiq göstərmək üçün cəbhədə vəziyyəti gərginləşdirir. Bu məsələ o qədər açıq və konkretdir ki, burada hansısa ciddi təhlil aparmağa da ehtiyac yoxdur. Ancaq əsas məsələ Aəzrbaycan dövləti ilə ordusunun möhkəmliyidir. Cəbhədə gərginliyi artırmağa çalışan Ermənistan cavabını alaraq yerində oturdulur".

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31