Razi Nurullayevdən müxalifətə sərt sözlər

“Siyasəti Elza Seyidcahanın yazdığı şeirlərə döndərmək olmaz” “Boğulan saman çöpündən yapışan kimi, sizlər də nəticəsiz siyasi ömrünüzü uzatmaq üçün ayıb-əcəb bilmədən hər şeydən yapışırsınız”

"Siyasəti Elza Seyidcahanın yazdığı şeirlərə döndərmək olmaz"

"Boğulan saman çöpündən yapışan kimi, sizlər də nəticəsiz siyasi ömrünüzü uzatmaq üçün ayıb-əcəb bilmədən hər şeydən yapışırsınız"

Artıq son bir neçə ildir ki, Azərbaycan müxalifəti həddən artıq passiv bir durumdadır. Ölkənin müxalif siyasi partiyaları nəinki gündəlik siyasi proseslərdə, hətta seçkilərdə belə aktiv iştirak edib hansısa uğura imza ata bilmir. Buna səbəb olan amillər barədə zaman-zaman mülahizələr, fikirlər irəli sürülür. Ancaq onlardan heç bir nəticə çıxarılmır. Ümumiyyətlə, Azərbaycan siyasətində müxalifətin zəifləməsinə və xalqdan kənar düşməsinə səbəb olan faktlar nədir? Müxalifət niyə toparlana və güclənə bilmir?

Azərbaycan torpaqlarının həyasızcasına işğalı davam edir

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Razi Nurullayev müxalifətin toparlana bilməməsinin səbəblərini bir neçə amillə əlaqələndirib. O, bildirib ki, bizim güvən yerimiz Azərbaycan xalqıdır. Ölkədə köklü siyasi dəyişikliklər üçün beynəlxalq təşkilatlara, ABŞ-a, Avropa Birliyinə də gözlənti ilə baxırıq, amma inamımız öz millətimizədir: "Əfsuslar olsun ki, hələ də əhalinin siyasi cəhətdən fəal hissəsi son ümidlərini yuxarıda adı çəkilən ölkə və təşkilatlara bağlayır. Acı olan odur ki, bu ümid Azərbaycan xalqının səbri kimi sonsuzluğa qədər davam etməkdədir. Səbəbi isə bu ümidin öz kreslosunun ömrünü uzatmaq istəyən bəzi başabəla siyasətçilər tərəfindən körüklənməsidir. Xalqa təlqin olunurdu ki, Avropa Birliyi ilə Assosiasiya sazişi imzalanacaq və Azərbaycan iqtidarı məcbur qalaraq islahatlara gedəcək. Hər il Şərq Tərəfdaşlığı çərçivəsində keçirilən toplantılar və arabir keçirilən Zirvə Toplantıları ilə siyasi aktiv kəsimi ümidləndirdilər. Adamlar tanıyıram ki, mənə sübut etməyə çalışırdılar ki, bax, bəy, bu may ayı Avropa İttifaqının zirvə toplantısı keçirilir və ən uzağı payıza qədər Milli Şura hakimiyyətə gəlir. Bu cür vədlər ildən-ilə ötürüldü. Nə vəd verənlər bezdi, nə də bu yalanlardan doymayan zombiləşmiş cılız düşüncəli siyası təbliğatçılar. Onlar yenə də meydan sulayırlar. Amma, xalq bezdi, bezdirildi və hələ də bezdirilməkdədir. Bu səbəbdən, müxalifətdən uzaq düşüb. Düz səkkiz il xalqa təlqin olundu ki, Barak Obama yıxacaq bu hökuməti. Dözün, az qalıb. Konqresdə filan konqresmen yıxıb sürüyüb, indi orada dinləmələr keçirilir, filan konqresmen qanun hazırlayıb, çox keçməz Azərbaycan hökumətinə sanksiyalar tətbiq olunacaq. Hətta, Qənimət Zahid bir az da qabağa gedib sanksiya tarixini və adları belə açıqladı. Xalq həvəsləndi, ümidləndi, coşdu və sonunda öldü. Həvəsi qurşağında qaldı. Yalanlarla, yalançı ümidlərlə. Təbii ki, Qənimət bəyi günahlandırmaq fikrim yoxdur, o mediya kimi sensasiya dalınca qaça bilər, istəyini deyər, amma bu yalanlarla siyasi ömrünü uzatmağa, lələkləri tökülmüş qanadlarını pərvazlandırmağa can atanlara, xalqın ümidini isti-soyuğa soxanlara nə deyəsən? Bilirsiniz, niyə xalq bir ara coşur, sonra sönür? Niyə bir mitinqə gəlir, ikincisinə gəlmir? Təsəvvür edin: avqust ayında günəş altında qalıb qızmış stəkanın üzərinə soyuducudan çıxmış su tökürsünüz.

Stəkan çilik-çilik olur. Xalq da belədir. Təbliğat aparırsan, vəd verirsən, küçəyə çağırırsan, başına avqust günəşi vurur. Sən isə gəlib səriştəsiz-səriştəsiz onun başına buz kimi su tökürsən. O da çilik-çilik olur. Son iki ildə təbliğat apardınız ki, Hillari Klinton gələcək və o dişi canavardır. Obama kimi dişsiz deyil. Obama da, Hillari də gözəl insan, uğurlu siyasətçidirlər. Amma, ətrafınızda dolaşanlara və təbliğat aparanlara demədiniz ki, ABŞ-ın gündəmində Azərbaycan adlı məsələ yoxdur. Onu daha böyük qlobal məsələlər düşündürür. O, Yaxın Şərq, Rusiya, Çin və digər Sakit okeanı hövzəsi ölkələri ilə məşğuldur. Biz qışqırıb səs-küy salmasaq, heç dönüb baxmazlar da. Dönüb baxsalar da, gülümsəyib keçərlər. Bu onların dövlət siyasəti. Onlar, haqlı olaraq öz dövlətlərinin və xalqlarının çıxarlarını düşünürlər və bu belə də davam edəcək. Xanım Hillari Trampa məğlub oldu. Elə həmin gün köhnə vals çaldıranlar diskə yeni vals qoydular. Tramp valsı. İnsan gündə neçə fikrə düşə bilər,ay xalq, ay camaat, ay seçicilər. Siyasəti axı Elza Seyidcahanın yazdığı şeirlərə döndərmək olmaz. Boğulan saman çöpündən yapışan kimi, sizlər də nəticəsiz siyasi ömrünüzü uzatmaq üçün ayıb-əcəb bilmədən hər şeydən yapışırsınız. İndi nə deyəcəksiniz? Deyəcəksiniz ki, yeni seçilmiş prezident Donald Trampın İlham Əliyevə zəng etməsi də müxalifətə xidmət edən bir siyasət idi? Ayıb deyilmi? Xalqa yalan danışmaq, həqiqətləri gizləmək kimin siyasətinə xidmət edir? Tarixdə ilk dəfə yeni seçilmiş Amerika prezidenti Azərbaycan dövlət başçısına zəng etdi, bunu Almaniyada səfərdə olan hazırkı prezident Barak Obama da vurğuladı. Bu o deməkdir ki, biz xalqa yalan deyə bilmərik ki, Tramp gəlib bizi prezident kürsüsünə oturdacaq. Əgər oturdacaqsa, onun oyuncağına çevriləcəksən". Razi Nurullayev deyib ki, çıxış yolu İvanda, Petroda, Conda və Mayklda deyil: "Qələbə Tükəzban, Fatmanisə və Novruzəli kişinin bizə dəstəyində və inanmasındadır. Xalqı inandırmaq lazımdır. Biz bu yolu seçmişik".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31