Dünya xəbər agentliklərinin Bakıdakı V Konqresindən mesaj
İlham Əliyev: "Ölkədə mətbuat azadlığını və bir çox azadlıqları təmin etmişik" Noyabrın 16-da Heydər Əliyev Mərkəzində Dünya Xəbər Agentliklərinin V Konqresinin, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasının açılışı olub. Açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyev də iştirak edib. Dövlət başçısı çıxışı zamanı bildirib ki, belə mühüm, qlobal miqyaslı tədbiri keçirməkdən qürur duyuruq:
16 Noyabr 2016 17:10 Siyasətİlham Əliyev: "Ölkədə mətbuat azadlığını və bir çox azadlıqları təmin etmişik"
Noyabrın 16-da Heydər Əliyev Mərkəzində Dünya Xəbər Agentliklərinin V Konqresinin, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasının açılışı olub. Açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyev də iştirak edib. Dövlət başçısı çıxışı zamanı bildirib ki, belə mühüm, qlobal miqyaslı tədbiri keçirməkdən qürur duyuruq: "Bu tədbiri media tərəfindən ölkəmizin nailiyyətlərinə verilən qiymət kimi qəbul edirik. Müstəqilliyimizin 25 ili göstərir ki, biz ölkədə mətbuat azadlığını, bir çox azadlıqları təmin etmişik. Müxtəlif media orqanları bəzi hallarda eyni hadisəni tamamilə fərqli şəkildə təqdim edir. Bu, siyasi maraqdan irəli gəlir. Azərbaycan azad mətbuat istəyir. Bakıda keçirilən Konqresin bu baxımdan irəlilə doğru bir addım olacağına inanırıq". Prezident qeyd edib ki, Azərbaycanda ilk demokratik respublika 98 il əvvəl qurulub: "İlk demokratik respublika 2 il yaşasa da, demokratik ənənələrin əsasını qoydu. O vaxt qadınlara səsvermə hüququ verilmişdi, o vaxt hələ bir çox Avropa ölkəsində belə hüquq yox idi. Bu gün isə Azərbaycan beynəlxalq arenada yüksək nüfuza malik ölkədir. Azərbaycan bir neçə il əvvəl 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi. Beynəlxalq birliyin əksər üzvü Azərbaycanı dəstəklədi. Bu, fəaliyyətimizə, məsuliyyətli, etibarlı tərəfdaş olmağımıza verilən dəstək idi. Azərbaycan müstəqil xarici siyasət yürüdən dövlətdir və bu siyasət milli maraqlara söykənir, heç kəsə qarşı yönəlməyib. Azərbaycanın gələcəyi öz əlindədir". Dövlət başçısı vurğulayıb ki, Azərbaycan az ölkələrdəndir ki, həm İslam Əməkdaşlıq Təşkilatının, həm də Avropa Şurasının üzvüdür: "2008-ci ildə Avropa və İslam ölkələrinin mədəniyyət nazirlərinin toplantısını keçirdik. Bu, tarixi nailiyyət idi. Sonra bu, "Bakı Prosesi" adını aldı. Xalqımızın multikulturalizm ənənələri müxtəlif dinlər, xalqlar arasında sağlam münasibətlərin qurulması baxımından parlaq nümunədir. Bu il oktyabr ayında Roma Papası Fransisk Azərbaycana səfər etdi, dini icmaların rəhbərləri ilə görüşdü. O, Bakıda dinlərarası dialoqun mövcudluğundan danışdı. Bu, bizim əldə etdiyimiz nəticədir. Çünki bu gün dünyada dini, etnik toqquşmaları görürük və bu bizi çox narahat edir. Ona görə də biz öz multikulturalizm siyasətimizi ortaya qoymuşuq. Biz əməkdaşlığın tərəfdarıyıq". Dövlət başçısı qeyd edib ki, müxtəlif etnik və dini qrupların nümayəndələri Azərbaycanda sülh və anlaşma şəraitində yaşayır: "Biz istəyərdik ki, regionda və dünyada da bu sahədə müsbət inkişaf getsin".
Ermənistan-Azrbaycan münaqişəsindən danışan prezident İlham Əliyev Dağlıq Qarabağın Azərbaycanın əzəli torpağı olduğunu bildirib: "SSRİ dövründə Azərbaycanın muxtar vilayəti olan Dağlıq Qarabağ və 7 rayon işğal edilib, 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Ermənistan tərəfindən etnik təmizlənmə aparılıb. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində işğalçı erməni qoşunlarının işğal edilmiş ərazilərdən çıxarılması tələbi qoyulub. Ancaq Ermənistan bu tələbləri vecinə almır. Təhlükəsizlik Şurasının qətnamələrinin icrası ilə bağlı mexanizmlərə baxılmalıdır. Bir çox halda BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində həyata keçirilir, bəzi qətnamələrin icrası isə illərlə çəkir. İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və Avropa strukturları da oxşar qərarlar qəbul edib. Lakin Ermənistan o sənədlərə də məhəl qoymur. İşğal olunmuş ərazilərdə məscidlər, abidələr dağıdılır. ATƏT-in göndərdiyi iki faktaraşdırıcı missiyanın hesabatları da bunu təsdiqləyib. Bakıda isə erməni kilsəsi mühafizə olunur". Dövlət başçısı bir daha vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır: "Çünki Azərbaycanın ərazi bütövlüyü digər ölkələrin ərazi bütövlüyü qədər dəyərlidir. Keçmiş sovet məkanında münaqişələrin ərazi bütövlüyü çərçivəsində həlli pinsipi Dağlıq Qarabağ münaqişəsinə də tətbiq edilməlidir".
Dövlət başçısı əlavə edib ki, Azərbaycan iqtisadiyyatı bir mənbədən asılı deyil, şaxələndirilib. Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi davam edəcək: "Azərbaycanın təşəbbüsü ilə Xəzər dənizi, Aralıq dənizi, Asiya ilə Avropa birləşdirilir. Cənub Qaz Dəhlizi layihəsinə 45 milyard dollar sərmayə qoyulub. Bu, Azərbaycanın böyük qaz ixracatçısına çevrilməsinə imkan verəcək. Bizim enerji əməkdaşlığımız milli maraqlara əsaslanır. Azərbaycan əlverişli coğrafi mövqedə yerləşir, ancaq müvafiq infrastruktur yaradılmalıdır. Şimal-Cənub, Şərq-Qərb dəhlizi Azərbaycanın ixrac, tranzit potensialını genişləndirəcək. Bu dəhlizlərin qurulması üçün sərmayə qoyuruq, eyni zamanda bu məqsədlə qonşularımıza kömək edirik. Təhlükəsizlik olmadan bu layihələrin heç biri həyata keçirilə bilməz. Yaxın ətrafımızda baş verən müharibələr, qarşıdurmalar bizi narahat edir". Dövlət başçısı qeyd edib ki, Azərbaycanın həyata keçirdiyi siyasət bütün region üçün vacibdir. O, Azərbaycanda qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə xüsusi diqqət yetirildiyini söyləyib: "250 min qaçqın və məcburi köçkün yeni qəsəbələrdə yerləşdirilib. Azərbaycanda əhalinin təhsilinə xüsusi diqqət yetirilir, bu sahədə 100 faiz göstəriciyə nail olunub". Birinci Avropa Oyunlarının Bakıda keçirildiyini xatırladan prezident nəzərə çatdırıb ki, gələn il Azərbaycanda İslam Həmrəylik Oyunları keçiriləcək: "Medianın dəstəyi olmadan bu, mümkün deyil".
Tədbirdə nümayiş etdirilən UNESCO-nun baş direktoru İrina Bokovanın videomüraciətində qeyd olunub ki, Bakıda keçirilən Dünya Xəbər Agentliklərinin V Konqresi gələcək fəaliyyətimizin uğurunun başlanğıc nöqtəsidir. Müraciətdə bildirilib: "Dünya Xəbər Agentliklərinin V Konqresinin və Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının XVI Baş Assambleyasının iştirakçılarına ən səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram. Dünyanın 100-dək ölkəsindən nüfuzlu media xadimləri rəqəmsal inqilab və jurnalistlərin qarşılaşdığı təhdidlər də daxil olmaqla, jurnalistikanın aktual problemlərini müzakirə etmək üçün bu tədbirlərə toplaşıblar. Hesab edirəm ki, bu, gələcək fəaliyyətimizin uğurunun başlanğıc nöqtəsidir. Biz insan hüquqları və ləyaqəti, qanunun aliliyi və yaxşı idarəetmə, demokratiya və davamlı inkişaf naminə müstəqil, etik və plüralist medianın vacibliyinə inanırıq. Keyfiyyətli jurnalistika cəmiyyətlər üçün heç vaxt olmadığı qədər vacibdir və onun başlıca vəzifəsi əsasən böhran və münaqişələr zamanı cəmiyyətin etibarlı informasiyaya tələbatını ödəməkdən, onun maraqlarını təmin etməkdən, söz azadlığı üçün əlverişli zəmin yaratmaqdan ibarətdir. Bu kontekstdə mən Azərbaycan Prezidentinə bu təşəbbüsü irəli sürdüyünə görə minnətdarlığımı bildirirəm. Konqresin bütün iştirakçılarına, xüsusən də UNESCO-nun təşəbbüsü ilə 1961-ci ildə yaradılan Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının nümayəndələrinə təşəkkürümü bildirirəm. Tədbirin işinə uğurlar arzulayıram və ümid edirəm ki, biz ifadə azadlığının möhkəmləndirilməsi, azad informasiya axınının təmin edilməsi və keyfiyyətli jurnalistikanın hər yerdə dəstəklənməsi yolunda birgə işləyəcəyik. Çox sağ olun". UNESCO-nun baş direktorunun müavini Qetaçyu Enqida isə bildirib ki, Bakıda Dünya Xəbər Agentliklərinin V Konqresinin keçirilməsi bütün dünya KİV-ləri üçün mühüm hadisədir. Q.Enqida bildirib ki, bu tədbir infiormasiya agentliklərinin rəhbərləri və redaktorları üçün bir yerə yığışıb təcrübələrini bölüşmək baxımından gözəl imkandır.UNESCO baş direktorunun müavini Bakının möhtəşəm və gözəl şəhər olduğunu vurğulayıb.
AzərTAC-ın baş direktoru Aslan Aslanov çıxışı zamanı deyib ki, dünyanın informasiya siyasətinin istiqamətini müəyyənləşdirən agentliklərin rəhbərləri Azərbaycanın müstəqilliyinin 25-ci ildönümündə ölkəmizə gəliblər: "Azərbaycanı yüksək aktor səviyyəsinə yüksəltdiyinə, bu tədbirə xüsusi diqqət yetirdiyi üçün prezident İlham Əliyevə təşəkkür edirəm". A.Aslanov tədbirə dəstəklə bağlı Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkür edib. O nəzərə çatdırıb ki, XXI əsr keyfiyyətcə yeni bir dövrdür: "İKT-nin sürətli inkişafı nəticəsində KİV sürətli transformasiyaya məruz qalıb. Texnoloji tərəqqi dünya axarının nizamını dəyişir və medianı da öz arxasınca aparır. Yeniliyə qarşı müqavimət göstərmək yox, onunla ayaqlaşmaq lazımdır. Xəbər agentlikləri arasında əməkdaşlığın genişləndirilməsi vacibdir. Azərbaycan Xəbər Agentliklərinin V Konqresinə, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasına və MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının (İnformşura) XXII iclasına uğurlar arzulayıram".
Xatırladaq ki, Heydər Əliyev Fondunun və "Azərtac"ın birgə təşkilatçılığı ilə keçirilən tədbirlərə dünyanın informasiya siyasətinin əsas istiqamətlərini müəyyənləşdirən 100-ə yaxın xəbər agentliyinin rəhbərləri və təmsilçiləri, media üzrə beynəlxalq ekspertlər, BMT - UNESCO-nun rəsmi nümayəndəsi, həmçinin regional media qurumlarının əməkdaşları dəvət ediliblər. Ümumilikdə Azərbaycana 80-ə yaxın ölkədən 200-dək agentlik rəhbəri və nümayəndəsi, media ekspertləri gəlib. Konqresdə dünyanın bütün qitələrindən xəbər agentlikləri təmsil olunur. Asiyanın 31 ölkəsindən 39 agentliyin 77 nümayəndəsi, Avropanın 22 ölkəsindən 29 agentliyin 50 təmsilçisi, Afrika qitəsinin 16 ölkəsindən 16 agentliyin 25 nümayəndəsi, Amerika qitəsinin 7 ölkəsindən 9 agentliyin 17 əməkdaşı, habelə Avstraliyanın 3 agentliyini təmsil edən 4 nümayəndə gəlib. Devizi "Xəbər agentlikləri üçün yeni çağırışlar" olan Dünya Xəbər Agentliklərinin V Konqresinin sessiyalarında "Xəbər istehlakının gələcəyi", "Xəbər agentlikləri - yeni texnologiyaların və sosial medianın çağırışları və imkanları", "Xəbər agentliklərinin innovasiyası", "Multimedianın gələcəyi üçün jurnalistlərin təlimi", "Jurnalistlərin missiyasının qorunması: azadlıq, çıxış imkanı, təhlükəsizlik və münaqişə zonaları" kimi aktual mövzularda diskussiyalar aparılacaq, yeni minillikdə sürətli transformasiyaya məruz qalan jurnalistikanın problemləri, xəbər agentlikləri ilə sosial medianın müxtəlif platformaları arasında əməkdaşlıq formaları müzakirə ediləcək. Sessiyalarda beynəlxalq media qurumlarının - Dünya Konqresinin, OANA-nın, EANA-nın, FANA-nın prezidentləri, "Associated Press", "Reuters", "Sinxua", "Anadolu", TASS, "France Press", "Press Association", EFE, "Yonhap, Kyodo", TT, SPA, BTA, AAP, İRNA, DPA, "Notimex", ATPE və digər nüfuzlu informasiya agentliklərinin, "Los-Angeles Times" qəzetinin, "Al Arabiya" televiziyasının rəhbərləri, "Tripod Advisors", "News Corp", "PwC", "Axel Springer", "Stibo Accelerator" aparıcı media şirkətlərinin mütəxəssisləri məruzələrlə çıxış edəcəklər. Konqresdə iştirakçı agentliklərin "Xəbər", "Bayramlar" və "İdman" mövzularında 600-ə yaxın ən yaxşı fotoşəkillərindən ibarət albom təqdim olunacaq. Fotoalbom Heydər Əliyev Fondunun və Bakı Media Mərkəzinin dəstəyi ilə nəfis tərtibatda nəşr edilib. Tədbir çərçivəsində AZƏRTAC ilə İspaniyanın EFE, Paraqvayın İP, Bəhreynin BNA agentlikləri arasında informasiya və təcrübə mübadiləsinə dair müqavilələr imzalanacaq, Konqresin rəhbər orqanları seçiləcək, Bəyannaməsi qəbul olunacaq. Bununla da Konqresdə sədrlik "Azərtac"a keçəcək və agentlik 2016-2019-cu illərdə bu beynəlxalq quruma rəhbərlik edəcək.
Alim