Bəzi qüvvələr ölkəmizin daxili işinə qarışırlar
Hazırda Azərbaycan dünyada söz sahibi olan ölkəyə çevrilməkdədir. Artıq bölgədə Azərbaycanın razılığı olmadan hər hansı irimiqyaslı layihələrin reallaşdırılması qeyri-mümkündür.
15 Noyabr 2016 15:03 SiyasətDeputat: "Demokratiya" adı altında "beşinci kolon" hərəkətə gətirilir"
Hazırda Azərbaycan dünyada söz sahibi olan ölkəyə çevrilməkdədir. Artıq bölgədə Azərbaycanın razılığı olmadan hər hansı irimiqyaslı layihələrin reallaşdırılması qeyri-mümkündür. Üstəlik Azərbaycan nəinki dünyada, eləcə də Cənubi Qafqazda sülh və əminamanlığın qarantı kimi çıxış etməkdədir. Daha dəqiq, ölkəmizin regionda təhlükəsizliyin təmin olunmasında rolu artmaqdadır. Millət vəkili Fəzail Ağamalı bildirib ki, Azərbaycan olduqca əlverişli coğrafi məkanda yerləşir, Şərq ilə Qərb arasında körpü rolunu oynayır. Belə bir əlverişli mövqe həm də Azərbaycanın əhəmiyyətli layihələrin həyata keçirilməsində mühüm rol oynamasını şərtləndirir. Həmçinin tranzit məkan kimi Asiyadan Avropaya karbohidrogen ehtiyatların daşınmasında, həmçinin yükdaşımaların həyata keçirilməsində ölkəmiz mühüm potensiala sahibdir. Bütün bunlar Azərbaycana ciddi dividendlər verir. Təbii ki, bütün bunlar böyük dövlətlərin diqqət mərkəzindədir və onların maraqları regionda ciddi şəkildə toqquşur. Bu dövlətlər arasında maraqlar uğrunda ciddi mübarizə gedir və uzun illərdən bəri Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməməsinin səbəblərindən biri də budur: "Qeyd etdiyim kimi, Azərbaycan dünyanın diqqətini cəlb edən, regionun inkişafına töhfə verən Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, TANAP, TAP, "Cənub" qaz dəhlizi kimi transmilli layihələrin təşəbbüskarı və iştirakçısıdır. Bu layihələr regionda əməkdaşlığa xidmət etməklə yanaşı, ölkəmizə ciddi iqtisadi dividendlər gətirir və vəd edir. Bu yaxınlarda Azərbaycan-Rusiya-İran prezidentlərinin Üçtərəfli zirvə görüşü zamanı "Şimal-Cənub" nəqliyyat dəhlizinin reallaşdırılmasına dair iradənin ortaya qoyulması da bu baxımdan əhəmiyyətlidir. İstifadəyə veriləcək Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi də Asiyadan Avropaya daha böyük həcmdə nəqliyyat daşımaları baxımından ayrıca qeyd edilməlidir. Bütün bunlar onu göstərir ki, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş bu strategiya Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir ki, bu da Azərbaycanın regionda rolunun artmasına, dünya miqyasında mövqeyinin möhkəmlənməsinə xidmət edir". Onun sözlərinə görə, artıq Azərbaycan özünü etibarlı tərəfdaş kimi təsdiq edə bilib. Azərbaycanın xarici siyasətində qarşılıqlı hörmət, dövlətlərin işinə qarışmamaq, bərabərhüquqlu əməkdaşlıq prinsipləri xüsusi yer tutur: "Çox təssüflər olsun ki, bir sıra qüvvələr Azərbaycana qarşı adekvat münasibət göstərmirlər, ölkəmizin daxili işinə qarışırlar. "Demokratiya" adı altında "beşinci kolon" hərəkətə gətirilir, müxtəlif təzyiq vasitələrindən istifadə edirlər. Bundan başqa, dini ekstremizmi və radikalizmi inkişaf etdirmək üçün ayrı-ayrı üsullara baş vururlar. Məqsəd ölkədə qarşıdurma yaratmaq, sabitliyi pozmaq və Azərbaycanı zəif bir dövlətə çevirməkdir. Amma Azərbaycan dövləti bu cür hallara qarşı ciddi mübarizə aparır, indiyə qədər ayrı-ayrı şəxs və təşkilatlar zərərsizləşdirilib, hüquqi məsuliyyətə cəlb olunublar. Xalq-Prezident birliyi bu cür məqsədlərin gerçəkləşməsinə, məkrli planların yerinə yetirilməsinə imkan vermir, Azərbaycanı təhlükələrdən qoruyur". Millət vəkili 26 sentyabr tarixində keçirilən ümumxalq səsverməsi - referendumun dövlət təhlükəsizliyinin gücləndirilməsi baxımından əhəmiyyətini yüksək qiymətləndirib. Bildirib ki, Konstitusiya dəyişiklikləri birmənalı şəkildə Azərbaycan dövlətinin güclənməsinə, ölkəmizdə konstitusiya quruluşunun möhkəmlənməsinə, idraəetmə sisteminin təkmilləşməsinə, bütövlükdə inkişafa və sabitliyə xidmət edir: "Ümumxalq səsverməsinə çıxarılan məsələlər bir çox istiqamətlərdə müsbət meyillərin yaranmasına rəvac verəcək, vitse-prezident institutunun yaradılması isə idarəetmə mexanizminin təkmilləşməsi baxımından böyük əhəmiyyət daşıyır. Təsadüfi deyil ki, Azərbaycan xalqı bu əlavə və dəyişikliklərə "hə" dedi. O ki qaldı təhlükəsizlik məsələlərinə, əlbəttə, Konstitusiya dəyişiklikləri milli təhlükəsizliyin təmini baxımından olduqca əhəmiyyətlidir. Konstitusiyaya təklif olunan və seçicilər tərəfindən birmənalı şəkildə qəbul edilən əlavə və dəyişikliklər dövlət təhlükəsizliyinin təminatında, sabitliyin qorunmasında da müstəsna rol oynayacaq. Referenduma çıxarılan məsələlər sırasında təhlükəsizlik məsələlərinin yer alması onu deməyə əsas verir ki, dövlətimizin təhlükəsizliyi prioritet məsələlərdəndir. Məsələn, 58-ci maddənin IV hissəsinin birinci cümləsinin "Azərbaycan Respublikasının bütün ərazisində və ya hər hansı hissəsində qanuni dövlət hakimiyyətini zorla devirmək məqsədi, cinayət hesab edilən digər məqsədlər güdən və ya cinayətkar üsullardan istifadə edən birliklər qadağandır" redaksiyada verilməsinin təklif edilməsi və seçicilər tərəfindən bu təklifə "HƏ" deyilməsi xüsusi qeyd edilməlidir. Bu və digər nümunələr dövlət siyasətində təhlükəsizliyin təmin olunmasına xidmət edən tədbirlərin reallaşdırılmasının zəruri yer tutduğunu göstərir".
Alim