Demokratiyanın “beşiyində” antidemokratik oyunlar

Birləşmiş Ştatlarda gələn ay keçiriləcək prezident seçkiləri dünyanın diqqət mərkəzində olan əsas məsələlərdəndir. Gərgin keçən seçki kampaniyası bu dəfəki noyabr seçkilərinin Birləşmiş Ştatlar tarixində bir ilk olacağını söyləməyə əsas verir.

Birləşmiş Ştatlarda gələn ay keçiriləcək prezident seçkiləri dünyanın diqqət mərkəzində olan əsas məsələlərdəndir. Gərgin keçən seçki kampaniyası bu dəfəki noyabr seçkilərinin Birləşmiş Ştatlar tarixində bir ilk olacağını söyləməyə əsas verir. Elə seçki ərəfəsində okeanın o tayında cərəyan edən proseslər, həmçinin prezidentlik uğrunda mübarizə aparan namizədlərin açıqlamaları da bu seçkilərdə bir çox sürprizlərin yaşanacağına dəlalət edir. Bu sırada ən çox prezidentliyə namizəd Donald Trampın noyabr seçkilərində saxtakarlığa yol veriləcəyi barədə açıqlaması diqqət çəkir. Tramp iddia edir ki, seçkilər onun rəqibi Hillari Klintonun xeyrinə saxtalaşdırılacaq. Prezidentliyə namizədin şok effekt yaradacaq açıqlaması təkcə sadə amerikalılar deyil, eləcə də bütün dünyada maraqla qarşılanıb. Düzdür, hazırkı administrasiya maksimum cəhdlə Trampın söylədiklərini təkzib etməyə çalışsa da, lakin prezidentliyə namizədin açıq şəkildə ABŞ seçkilərində saxtakarlıq hallarının olması barədə fikir bildirməsi Vaşinqtonun dünyada siyasi çəkisi və nüfuzuna zərbə sayıla bilər. Ən azından ona görə ki, bir qayda olaraq məhz Birləşmiş Ştatlar demokratiyanın beşiyi kimi xarakterizə edilib. Həmçinin, dünyanın əksəriyyət ölkələrində keçirilən bu və ya digər seçkilər və onun nəticələrinə olan münasibətdə hər zaman Birləşmiş Ştatlar Dövlət Departamentinin mövqeyi üstün mərtəbədə olub. Hətta seçkiləri izləyən beynəlxalq müşahidəçilər qrupunun, Avropa və Qərb institutlarının hansı rəyi verməsindən asılı olmayaraq bir qayda olaraq sonda gözlər okeanın o tayından veriləcək münasibətə yönəlib. İndi Donald Trampın seçki saxtakarlığı ilə bağlı açıqlaması Birləşmiş Ştatların bütün siyasi gücü və nüfuzunu yerə vurmuş olur. Aydın olur ki, dünyadan demokratiya, demokratik seçki tələb edən Amerikanın özü seçki oyunu adı altında antidemokratik addımlar atırmış.

Əslində isə Birləşmiş Ştatlar seçkilərində saxtakarlıqların olması, seçkilərdə vətəndaşların iradəsinin nəzərə alınmaması, səsvermə günü ciddi qanun pozuntularına yol verilməsi yeni bir fakt deyil. Dəfələrlə Birləşmiş Ştatlarda keçirilən seçkilərdə saxtakarlıqlara yol verildiyi barədə fikirlər səslənib. Bu fikirlər istər seçki başlamadan əvvəl, istərsə də onun nəticələrinin elan edilməsindən sonra gündəmdə olub. Yaxın tarixə nəzər salsaq görərik ki, elə hazırkı Ağ Ev rəhbəri olan Barak Obamanın birinci dəfə prezident seçildiyi zaman səsvermə günü ciddi saxtakarlıq baş verib. Həmçinin 2000-ci ilin prezident seçkilərində də anoloji problem yaşanıb. Belə ki, 2000-ci il prezident seçkisində Corc Buşla Albert Qor arasında gedən mübarizə zamanı Qor ayrı-ayrı ştatlarda vətəndaşların daha çox səsini qazansa da, nümayəndələrin nisbəti Buşun xeyrinə olub.

Digər tərəfdən Birləşmiş Ştatlarda seçkilərin keçirilmə proseduruna baxanda seçki prosesinin demokratiyadan tamamilə uzaq olduğu aydın görünür. Belə ki, demokratiyanın beşiyi sayılan Amerika Birləşmiş Ştatlarında prezidenti birbaşa xalq seçmir. Vətəndaş bir növ birləşmiş ştatların prezidentini deyil, onun yerdəki təmsilçisini seçir. Prezident və vitse-prezidentin kimliyinə ştatların seçki günü müəyyənləşdirdiyi xüsusi nümayəndələr aydınlıq gətirir ki, bu da demokratik seçki proseduru ilə heç də üst-üstə düşmür. Digər tərəfdən hər ştatın ABŞ Konqresində təmsilçilərinin sayı qədər nümayəndə seçmək hüququ olur ki, bu da bir növ

seçicilərin hüquq və azadlıqlarının məhdudlaşdırılması anlamına gəlir. Başqa bir ziddiyətli məqam ondan ibarətdir ki, mövcud qanun seçilən nümayəndələrə istədiyi namizədə səs vermək hüququ versə də, həmin şəxslər ştatlardakı səsvermənin nəticəsinə əsaslanırlar.

Prezident seçilmək üçün 538 nümayəndədən 270-nin səsini qazanmaq lazımdır. Yəni dünyaya demokratiya dərsi keçən Amerikada seçkinin taleyini seçicilərin səsi deyil, məhdud sayda nümayəndələrin mövqeyi müəyyənləşdirir.

Yaxud Amerikadakı seçki prosesində müşahidə edilən digər bir nöqsan seçkilərin alternativsiz keçməsi ilə əlaqədardır. Bu gün ayrı-ayrı ölkələrin seçki prosesinə açıq şəkildə müdaxilə edən, onu yerli-yersiz tənqid hədəfinə çevirən Amerikanın özü birbaşa bu hədəfin mərkəzində yer almalıdır. Zaman-zaman bu və ya digər ölkədə keçirilən seçkilərdə bütün namizədlərə bərabər şəraitin yaradılmasını, seçkilərdə daha çox namizədin iştirak etməsini tələb kimi səsləndirən Birləşmiş Ştatların özü hələ 2 əsr bundan əvvəl bu qanunsuzluğa imza atıb. Belə ki, Birləşmiş Ştatlar tarixində 3 seçki alternativsiz baş verib. Bunlar 1789 və 1792 və 1820-ci illərdə keçirilmiş seçkilər olub.

Göründüyü kimi, bu gün demokratiyadan dəm vuran, dünyaya bu sahədə nümunə olmağa çalışan Birləşmiş Ştatlar özü elə demokratiyanı zamanında beşiyindəcə boğub. Bir vaxtlar qətlə yetirdiyi demokratiyanı bu gün başqa yerdə axtarmaq isə ən azı siyasi oyunbazlıqdır.

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31