Həmsədrlər riyakar münasibətdən əl çəkməlidirlər
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupunun həmsədrləri regiona səfərlərinin yekunları ilə bağlı bəyanat yayıb. Bəyanatda həmsədrlər atəşkəs barədə razılığa əməl edilməsinin cari danışıqlar üçün lazımi əsas verdiyini, Vyana və Sankt-Peterburqda keçirilən görüşlərdə qəbul edilən qərarların tam həyata keçirilməsinin əhəmiyyətini qeyd edib:
26 Oktyabr 2016 15:37 Siyasətİşğalçı ölkənin ballistik raketlərlə təmin edilməsi yolverilməzdir
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupunun həmsədrləri regiona səfərlərinin yekunları ilə bağlı bəyanat yayıb. Bəyanatda həmsədrlər atəşkəs barədə razılığa əməl edilməsinin cari danışıqlar üçün lazımi əsas verdiyini, Vyana və Sankt-Peterburqda keçirilən görüşlərdə qəbul edilən qərarların tam həyata keçirilməsinin əhəmiyyətini qeyd edib:
"Görüşlər zamanı tərəflər yerlərdə vəziyyətin nisbətən sakit oduğunu təsdiq ediblər". Həmsədrlərin bəyanatında, həmçinin Azərbaycan və Ermənistan prezidentləri ilə görüş zamanı dövlət başçılarının da ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin səlahiyyətlərinin genişləndirilməsini təsdiq etdikləri və bu məsələylə bağlı detalların hələ müzakirə olunduğu bildirilib. "Həmsədrlər dekabrda Hamburqda keçiriləcək Xarici İşlər Nazirləri Şurası (XİNŞ) iclası çərçivəsində ilk fürsətdə prezidentlərin görüşünün təşkil edilməsinin mümkünlüyünü müzakirə etmək məqsədilə nazirlərlə görüşməyi planlaşdırır. Yüksək səviyyədə belə dialoq nizamlanma prosesində irəliləyişə nail olmaq üçün zəruridir", - deyə bəyanatda vurğulanıb. Qeyd edək ki, regiona səfər çərçivəsində vasitəçilər Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) nümayəndələri ilə görüşüb. Görüş zamanı Komitənin münaqişənin gedişində itkin düşmüş şəxslər haqqında məlumat mübadiləsi üzrə işi müzakirə edilib. Onu da xatırladaq ki, səfər çərçivəsində Amerikalı həmsədr Uorlik Bakıda keçirilən mətbuat konfransında bildirib ki, işğal edilmiş ərazilər Azərbaycana qaytarılmadan və ya Dağlıq Qarabağın statusu üzrə danışıqlar keçirilmədən heç bir saziş olmayacaq.Yerevandakı mətbuat konfransında isə bəyan edib ki, qurum münaqişənin həlli ilə bağlı səylərini artırmaq niyyətindədir: " Biz Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olunmasına çalışırıq. Biz səylərimizi artırmaq istəyirik. İnanıram ki, gün gələcək, azərbaycanlılarla ermənilər birgə yaşayacaqlar. Onun sözlərinə görə, region sakinlərinin sülh şəraitində yaşamaq hüququ var: "Mənim arzum - Azərbaycanda və Ermənistanda insanların sülh və sabitlik şəraitində yaşamasıdır". Həmsədr həmçinin vurğulayıb ki, Dağlıq Qarabağ münqaşisəinin həllində vacib məsələ insanlar arasında əlaqədir və vasitəçilər bu əlaqələri dəstəkləməyə çalışırlar. Maraqlıdır, həmsədrlərin regiona səfəri və səslənən fikirlər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə hansı tövsiyyəsini verə bilər?
***
Milli Məclisin deputatı, politoloq Elman Nəsirov deyib ki, bu gün dünyada "güclü haqlıdır" məntiqinin işlədiyini nəzərə alaraq, Prezident İlham Əliyev davamlı şəkildə güclənmək xəttini daha da möhkəmləndirib. Yalnız bu halda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli missiyasını üzərinə götürən ATƏT-in Minsk qrupunun ədalətin bərpasına yönəlik siyasətinin formalaşmasına ümid bəsləmək olar. E.Nəsirov bildirib ki, hazırda bu qurumun fəaliyyəti sanki münaqişəni həll etməyə deyil, onun müharibəyə çevrilməsinin qarşısını almağa yönəlmişdir. Onun sözlərinə görə, Minsk qrupu bu fəaliyyəti ilə də məlum "aprel döyüşləri"nədək öyünürdü. "Aprel döyüşləri" bu illüziyanı alt-üst etdi: "Azərbaycan tərəfinin münaqişənin həlli yolları ilə bağlı mövqeyi dəyişməzdir. Bu mövqe Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən dəfələrlə bəyan edilibdir. Həmin mövqeyə görə, Azərbaycan dövləti münaqişənin beynəlxalq hüquq prinsipləri əsasında, ölkəmizin ərazi bütövlüyü çərçivəsində və Dağlıq Qarabağ ermənilərinə respublikamızın hüdüdları daxilində ən yüksək muxtariyyət statusu verilməsi yolu ilə həllini dəstəkləyir. Azərbaycan üçün bu çərçivədən kənarda hər hansı bir həll yolu qəbuledilməzdir. Münaqişənin həlli ilə bağlı bu yanaşma tərzi Azərbaycanın prinsipial mövqeyinin ifadəsidir". Milli Məclisin deputatı Musa Qasımlı da ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin münaqişənin həllinə dair səsləndirdiyi fikri şərh edib. Bildirib ki, Ermənistan əvvəlcə Azərbaycanın yuxarı Qarabağ regionunu, sonra isə ətraf rayonları işğal edib. Təcavüzkar ölkə BMT TŞ-nin müvafiq qətnamələrini qeyd-şərtsiz yerinə yetirməli, sonra isə status məsələsi müzakirə edilməldir. M.Qasımlı əlavə edib ki, beynəlxalq hüquq və ədalət Azərbaycanın tərəfindədir. Millət vəkili Bəxtiyar Əliyev isə deyib ki, münaqişənin həlli üçün ilk növbədə BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri yerinə yetirilməlidir: "ATƏT-in Minsk qrupunun həmsədrləri ikili standartlardan əl çəkməlidir. Həmsədrlər bugünə qədər işağlçı Ermənistana qarşı heç bir təzyiq göstərməyiblər". Onun sözlərinə görə, işğalçı dövlətə beynəlxalq hüquq normalarına uyğun olaraq təzyiqlər göstərilməsə, o xoşluqla sülhə getməyəcək: "Təəssüf ki, işğalçı ölkəyə silah verirlər, hətta ən müasir ballistik raketlərlə təmin edirlər. Bu yolverilməzdir, çünki münaqişənin sülh yolu ilə həllinə xidmət etmir. Problemin həlli üçün BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri yerinə yetirilməlidir". Onun sözlərinə görə, ümumiyyətlə istər ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjiy Kaspşik olsun, istərsə də ATƏT-in Minsk qrupunun həmsədrləri olsun heç kimə sirr deyil ki, onlar bugünə qədər işağlçı Ermənistana qarşı heç bir beynəlxalq hüquq normasından irəli gələn təzyiq və təsir göstərməyiblər. Həmin qurumlar yalnız Azərbaycana təzyiq və təsir göstərirlər: "Azərbaycana diqtə edirlər ki, Ermənistan sizin Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayonu işğal edib və siz heç Dağlıq Qarabağın ətrafındakı 7 rayonun heç birini də azad edə bilməzsiniz. Bu Ermənistana olan isti münasibətin və işğalçını dəstəkləməyin ən bariz nümunəsidir. Azərbaycan BMT, eləcə də bütün beynəlxalq təşkilatlarda dəfələrlə deyib ki, Qarabağ məsələsinin həlli ilə bağlı istənilən bir addımı təqdir edir və bu məsələni bütün tədbirlərdə müzakirə etməyə açıqdır. Amma çox təəssüflər olsun ki, hətta BMT çərçivəsində belə Azərbaycan Dağlıq Qarabağla bağlı bir məsələni qaldıranda ATƏT-in Minsk qrupunun məhz həmsədr ölkələri o layihələrin əleyhinə çıxış ediblər. Bütün bunlara baxmayaraq beynəlxalq ictimaiyyət Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir". B.Əliyev hesab edir ki, Minsk qrupunun həmsədrləri artıq bu ikili standartdan, riyakar münasibətdən uzaqlaşmalıdır. Həqiqətən də bölgəyə sülhün gəlməsi üçün işğalçı ölkəyə silah vermək, onu silahlandırmaq, hətta ən müasir ballistik raketləri vermək əvəzinə Ermənistana bölgədə Azərbaycan tərəfindən sülhün və iqtisadi tərəqqinin bərqərar olmasına öz töhfəsini verməyə kömək etməlidir".
Alim