Türkiyə niyə Minsk Qrupunun həmsədri ola bilmir? 

Son vaxtlarda Türkiyənin Avrasiya bölgəsində rolu və imkanlarının artımı müşahidə olunmaqdadır. Ərəb ölkələrində yaşanan siyasi təlatümlərlə bağlı Türkiyənin dünyəvi modeli supergüclərin narahatçılığına səbəb olub. Xüsusən, rəsmi Ankaranın regiondakı münaqişələrin, o cümlədən Dağlıq Qarabaq probleminin tənzimlənməsindəki fəallığı ATƏT-in Mİnsk qrupu həmsədr ölkələri tərəfindən birmənalı qarşılanmayıb.

Bu ölkənin Qarabağ probleminin həllinə təsir imkanları çoxdur
 

Son vaxtlarda Türkiyənin Avrasiya bölgəsində rolu və imkanlarının artımı müşahidə olunmaqdadır. Ərəb ölkələrində yaşanan siyasi təlatümlərlə bağlı Türkiyənin dünyəvi modeli supergüclərin narahatçılığına səbəb olub. Xüsusən, rəsmi Ankaranın regiondakı münaqişələrin, o cümlədən Dağlıq Qarabaq probleminin tənzimlənməsindəki fəallığı ATƏT-in Mİnsk qrupu həmsədr ölkələri tərəfindən birmənalı qarşılanmayıb. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında ATƏT-in Minsk Qrupunun iştirakçısı kimi Türkiyənin rolunun fəallaşmasını yalnız alqışlamaq olar. Mariya Zaxarova deyib: "ATƏT-in Minsk qrupunun iştirakçısı kimi Türkiyənin rolunun dəyişməsinə və fəallaşmasına gəldikdə isə Minsk qrupu üzvlərinin bu nizamlama prosesində həqiqətən konstruktiv rol oynamaları üçün bunu yalnız alqışlamaq olar. Zənnimcə, konstruktiv rol oynamaq və bunu fəal şəkildə etmək, əslinə baxılırsa, onların birbaşa vəzifəsidir". Maraqlıdır, Türkiyənin həmsədr ölkə statusu alması Qarabağ probleminin həllinə necə təsir edə bilər? 
Əvvala qeyd edək ki, Budapeşt Sammitinin nəticələrinə əsasən 20 dekabr 1994-cü ildə Vyanada Ermənistan-Azərbaycan münaqişəsi üzrə ATƏT-in üzv ölkələrinin təyin etdiyi hərbi nümayəndələrdən ibarət olan Yüksək Səviyyəli Planlaşdırma Qrupu (YSPQ) təsis olunmuşdur. Minsk prosesinin həmsədrlik institutu təsis olunarkən, ona əvvəl Finlyandiya ilə Rusiya, sonra isə 1995-97-ci illər ərzində İsveç ilə Rusiya başçılıq etmişlər. 28 avqust 1995-ci ildə ATƏT-in Fəaliyyətdə olan Sədrinin ATƏT-in Minsk Konfransının müzakirəsində olan münaqişə üzrə Şəxsi Nümayəndəsi vəzifəsi təsis olunmuşdur. 1 yanvar 1997-ci ildən bu vəzifəni Səfir Anjey Kasprşık (Polşa) icra edir. 1996-cı il 2-3 dekabr tarixlərində keçirilən ATƏT-in Lissabon sammitində 54 iştirakçı dövlət tərəfindən Avropada XXI əsrdə ümumi və hərtərəfli təhlükəsizlik modeli adlı Bəyannamə qəbul edilmişdir. Bəyannamədə üzv ölkələrinin təhlükəsizliyinə yönələn təhdidlər qeyd edilmiş və bu təhdidləri aradan qaldırmaq üçün birgə əməkdaşlığın vacibliyi xüsusi vurğulanmışdır. Lissabon Zirvə görüşündə Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair ATƏT-in iştirakçı dövlətləri tərəfindən (Ermənistandan başqa) aşağıdakı prinsiplərə razılıq verilmişdir: Ermənistan Respublikasının və Azərbaycan Respublikasının ərazi bütövlüyü; Dağlıq Qarabağa Azərbaycanın tərkibində ən yüksək özünüidarəetmə statusun verilməsi; Dağlıq Qarabağın bütün əhalisinin təhlükəsizliyinin təminatı. Xatırladaq ki, 1 yanvar 1997-ci ildən ATƏT-in Mnsk Prosesinə Həmsədrlər qismində ABŞ, Rusiya və Fransa başçılıq edirlər. Hazırda Minsk Qrupu aşağıdakı tərkibə malikdir: ABŞ, Almaniya, Azərbaycan, Belarus, Ermənistan, İsveç, İtaliya, Niderland Krallığı, Portuqaliya, Rusiya, Türkiyə, Finlyandiya, Fransa. 1997-1998-ci illər ərzində Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair Minsk Qrupunun Həmsədrləri tərəfindən üç təklif tərtib edilmidir. İlk iki təklif Ermənistan tərəfindən, son təklif isə Azərbaycan tərəfindən qəbul edilməmişlər.
Ekspertlər hesab edirlər ki, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi ATƏT Minsk Qrupu həmsədr üzvlərinin maraqlarının girovuna çevrilib. Bu ölkələr yalnız həmsədrlərin dəyişdirilməsi ilə gündəmdə qalıblar. Yeri gəlmişkən, son məlumata görə, bu günlərdə Minsk qrupundakı fransalı həmsədr Pyer Andriunu Stefan Viskonti əvəzləyib. Məlumatı Fransanın Azərbaycandakı səfirliyi təsdiqləyib. Lakin S. Viskontinin həmsədr kimi nə vaxt fəaliyyətə başlayacağı hələlik məlum deyil. Hüquqşünas Azad Rzayev qeyd edib ki, hazırda ATƏT MQ-nin fəaliyyətinin obyektivliyi şübhə doğurur: "Hesab edirəm ki, ATƏT MQ-nin Nizamnaməsi və tərkibi dəyişdirilməlidir. Fikrimcə, qrup münaqişənin həllində Azərbaycanın hüquqlarını tam təmin etmir". Ancaq hüquqşünas Türkiyənin qrupa daxil edilməsi məsələsinin çox çətin olması qənaətindədir: "Vasitəçilərin əsas məqsədi mümkün müharibə şanslarının azaldılmasıdır. Təbii ki, həmsədrlər dünya dövlətlərinin maraqlarını təmsil edir və paritetlərin qorunmasının tərəfdarıdır . Bu baxımdan Türkiyə vasitəçi kimi çıxış edərsə, müharibə başladığı zaman Azərbaycana yardım edə bilməyəcək". Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov hesab edir ki, ATƏT MQ-nin missiyası şişirdilib: "Onların bəyanatlarının heç bir əhəmiyyəti yoxdur". O əlavə edib ki, Minsk qrupunun fəaliyyəti dövründə ciddi irəliləyiş əldə olunmayıb. Politoloq vurğulayıb ki, missiyanın tərkibinə yeni üzvlərin daxil edilməsi heç nəyi dəyişdirməyəcək: "Bizə hər hansı bir müzakirə və ya münaqişənin real həlli lazımdır. Türkiyə münaqişənin həlli üçün Fransa və Rusiya ilə münasibətlərindən istifadə edə bilər. Lakin Türkiyə həmsədr olarsa, o zaman ondan Ermənistanla diplomatik münasibətlərin bərpa olunması və sərhədlərin açılması tələb olunacaq, ki münaqişənin həlli məsələsində öz neytrallığını göstərsin". Vətəndaş və İnkişaf Partiyasının sədr müavini Ramil Hüseynov qeyd edib ki, Ankara nə qədər çalışsa da, qonşuluğundakı Dağlıq Qarabağ münaqişəsinin həllində hər hansı rol ala bilmir. Baxmayaraq ki, Türkiyə ATƏT-in Minsk Qrupunda öz rolunu artırmaq əzmindədir. Ona görə də Minsk Qrupunu fəallaşdırmaq üçün Türkiyə bu Qrupda önəmli statusa malik olmalıdır. Yəni reallıq ondan ibarətdir ki, Türkiyə Minsk Qrupunun 11 üzvündən biri olsa da, hələ ki, həmsədr deyil. Ona görə də Türkiyə ya həmsədr ölkələr sırasına gətirilməli, ya da başqa bir mexanizm tapılmalıdır. Çünki Dağlıq Qarabağ münaqişəsində mövcud vəziyyət dəyişilməlidir. Buna Türkiyənin həmsədr olması hansısa formada təkan verə bilər. Artıq 23 ildir ATƏT-in Minsk Qrupu problemin həllini reallaşdıra bilməyib. Faktiki olaraq qurumda söz sahibi olan həmsədrlər bu durğunluğu həll edə bilməyib. Ona görə də bu məsələdə yenidən fəaliyyətə keçmək lazımdır. 

Alim 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31