Oqtay Əsədov aprel hadisələrindən danışdı

Milli Məclisin Sədri Oqtay Əsədov İtaliya Respublikası Senatının Avropa İttifaqının Siyasəti Daimi Komissiyasının sədri Vannino Kitinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Milli Məclisdən verilən məlumata görə, spiker qeyd edib ki, ölkələrimiz arasında yüksək səviyyəli siyasi dialoq mövcuddur: "Bu günədək ölkələrimiz arasında 39 sənəd imzalanmışdır ki, bu da səmərəli əməkdaşlığa möhkəm hüquqi təminat verir. Biz qanunverici orqan olaraq bu siyasəti dəstəkləyirik. Azərbaycanla İtaliya arasında imzalanmış Strateji tərəfdaşlıq haqqında Bəyannaməni əhəmiyyətli hesab edirik". İqtisadi münasibətlərimizin yüksək səviyyədə olduğuna diqqət çəkən sədr bildirib ki, vaxtilə iki ölkə arasında ticarət dövriyyəsi 5 milyard ABŞ dolları həcmində olmuşdur. Son dövrdə bu sahədə azalma müşahidə olunsa da biz inanırıq ki, gələcəkdə bu göstərici daha da yüksələcəkdir. Avropanın enerji təhlükəsizliyinə öz töhfəsini verməkdə olan Azərbaycan bu gün TANAP və TAP kimi layihələri - Cənub Qaz xəttinin çəkilişi ilə əlaqədar işləri davam etdirməkdədir. Təkcə TAP çərçivəsində İtaliyaya külli miqdarda təbii qaz nəql olunacaqdır. Görüşdə Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsindən söz açan sədr işğalçı Ermənistanın təxribatlarına diqqət çəkib. Bildirib ki, BMT Təhlükəsizlik Şurasının, AŞPA-nın münaqişə ilə əlaqədar qərar və qətnamələrinə məhəl qoymayan Ermənistan işğalçılıq siyasəti yeritməkdə davam edir. Problemin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupu ötən dövr ərzində heç bir real nəticə əldə etməyib. Cəbhənin təmas xəttində erməni silahlı birləşmələri mülki əhalini iri çaplı silahlardan atəşə tutur. Bunun nəticəsi kimi aprel hadisələri baş verdi, təcavüzkar Azərbaycan ordusu tərəfindən öz layiqli cavabını aldı. Ancaq biz birtərəfli qaydada atəşkəs elan etdik. Çünki Azərbaycan tərəfi problemin beynəlxalq hüququn normaları çərçivəsində ədalətli həllinə tərəfdardır. Azərbaycan ictimaiyyətində belə bir fikir formalaşmışdır ki, münaqişə bölgəsində status-kvonun saxlanılması bir sıra qüvvələrin maraqlarına xidmət edir. İşğalçı ilə işğala məruz qalanı eyniləşdirmək olmaz. Azərbaycan bununla heç vaxt barışmayacaq. Ölkələrin ərazi bütövlüyü prinsipi Azərbaycanın prinsipial mövqeyidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31