Ermənistan ciddi cəhdlə iyun görüşünə mane olmağa çalışır
İşğalçı ölkənin xarici işlər nazirinin son açıqlaması da buna hesablanıb
27 May 2016 12:55 SiyasətErmənistan hər vasitə ilə prezidentlərin iyun ayında keçirilməsi nəzərdə tutulan görüşünə mane olmağa çalışır. Təkcə Vyana görüşündən keçən müddət ərzində işğalçı ölkənin atmış olduğu addımlara nəzər yetirdikdə belə deməyə əsas verir. Belə ki, prezidentləriun görüşündən dərhal sonra ermənilər işğal altında olan Azərbaycan ərazilərində hərbi təlimlərə start verdilər. Hərbi təlimlərdən sonra isə vandallıqlarına sadiq qalaraq Ağdamın işğal altında olan ərazilərində yanğınlar törətdilər. Paralel olaraq Qarabağa əlavə hərbi texnika və canlı qüvvə yerləşdirməklə müharibə hazırlığında olduqlarını açıq şəkildə ortaya qoydular. Maraqlısı və təssüfedici məqamı isə odur ki, hərbi qərargah kimi Ağdam məscidi seçildi. Bu açıq-aşkar Azərbaycanı təxribata cəkmək, təmas xəttində gərginliyi artırmaq üçün atılan addım idi. Azərbaycanın bu təxribata dözümlülük nümayiş etdirdiyini görən ermənilər indi də atəşkəs razılığını kobud şəkildə pozaraq atəşin pozulmasının intensivliyini artırıblar. Əgər Vyana görüşündən keçən bir neçə gün ərzində ermənilər sutka ərzində cəmi 10-15 dəfə atəşkəs rejimini pozurdularsa, artıq ötən gün bu hal 50-yə çatıb.
Nəhayət, Ermənistanın iyun görüşünü pozmağa daha bir cəhdi bu ölkənin rəsmi şəxsləri tərəfindən edilib. Belə ki, işğalçı ölkənin xarici işlər naziri Edvard Nalbandyan ötən gün verdiyi yeni açıqlamasında deyib ki, Dağlıq Qarabağın "təmsilçilərinin" iştirakı olmadan heç bir sənədə imza atmayacaqlar. Bu da o mənanı verir ki, Ermənistan ciuddi cəhdlə prezidentlərin görüşünü pozmağa və problemin sülh yolu ilə həllinə qarşı çıxır.
"Atlas" Araşdımalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu bildirib ki, bu ermənilərin çoxdankı təxribatıdır. Onun sözlərinə görə, sanki torpaqları işğal altında saxlayan Ermənistan yox, Dağlıq Qarabağın azsaylı "təmsilçiləridir". Politoloqun qənaətincə, ermənilər bununla beynəlxalq aləmə sırımağa çalışırlar ki, guya münaqişə Azərbaycanla Dağlıq Qarabağda yaşayan ermənilər arasındadır: "Halbuki, bütün dünya, hətta müttəfiqləri Rusiya yaxşı bilir ki, Dağlıq Qarabağda Ermənistan qoşunu yerləşir. Ona görə də məntiqi olaraq biz Dağlıq Qarabağ separatçıları ilə deyil, onlara hərbi dəstək verən, işğal altındakı torpaqlarımızda qoşunlarını yerləşdirən Ermənistanda müzakirə aparmaq məcburiyyətindəyik. Buna rəğmən, mənə elə gəlir ki, Qarabağın Azərbaycan icmasının rəhbərliyi indiki həssas - dünyanın gözünün Dağlıq Qarabağ dikildiyi məqamda belə bir təkliflə çıxış etməlidir ki, Dağlıq Qarabağın erməni icması ilə dialoqa başlamağa hazırdır. Bu bizə iki baxımdan vacibdir. Birincisi, bütün dünya görər ki, biz ərazimizdə yaşayan ermənilərlə dialoqdan çəkinmirik, ancaq onlarla dialoqu dövlət institutları yox, indiki mərhələdə Dağlıq Qarabağdan qovulan azərbaycanlılar aparmalıdırlar. Axı münaqişə nizamlanarsa Dağlıq Qarabağdakı ermənilərlə azərbaycanlılar birgə yaşamalıdırlar. Qoy elə indidən aktiv dialoqa başlasınlar ki, gələcək birgə həyatın konturlarını müəyyənləşdirsinlər. İkincisi, Dağlıq Qarabağın azərbaycanlı təmsilçilərinin dialoq təklifi göstərər ki, biz bu bölgədə yaşayan erməniləri öz vətəndaşımız sayırıq". Elxan Şahinoğlunun fikrincə dialoq təklifinin gündəmə gətirməyin tam zamanıdır: "Yox, əgər separatçıların rəhbərləri icma nümayəndələrinə dialoqa qadağa qoysalar, müzakirələrdən çəkinən tərəfin kim olacağı bir daha aşkarlanacaq. Beynəlxalq aləmin gözü qarşısında dialoqdan yayınma həm də onu göstərəcək ki, erməni separatçıları azərbaycanlıların geri qayıdışına mənfi yanaşırlar. Ona görə də düşünürəm ki, bu təklifi Minsk Qrupunun gündəminə gətirmək lazımdır. Dialoq olarsa mesajlarımızı birbaşa Dağlıq Qarabağ ermənilərinə çatdıra bilərik. Aydındır ki, hər iki tərəf öz mövqeyindən geri çəkilməyəcək. Ancaq növbəti hərbi toqquşmadan öncə Dağlıq Qarabağda yaşayan ermənilər bilməlidirlər ki, bizim mülki insanlarla problemimiz yoxdur və onların həyatlarını rahat davam etdirmələri üçün konkret təkliflərimiz var. Yeri gəlmişkən, həmin konkret təkliflərin üzərində də müəyyən çalışmalar aparıla bilər. Bu təkliflərdə Dağlıq Qarabağın erməni və azərbaycanlı əhalisinin iqtisadi və sosial problemlərinin həllindən tutmuş torpaqların birgə becərilməsinə qədər qeyri-siyasi məsələlər müzakirə oluna bilər".
Süleyman