Nizami rayonunda Respublika Günü qeyd edilib
26 May 2016 17:10 SiyasətNizami Rayon İcra Hakimiyyətində 28 May Respublika Günü münasibətilə tədbir keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, tədbirdə Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov iştirak edib. Tədbiri Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov açaraq ilk öncə tədbir iştirakçılarını 28 May Respublika Günü münasibətilə təbrik edib. O, bu tarixi günün Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi daxil olduğunu və Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyətinin istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik əzmini nümayiş etdirdiyini söyləyib. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlərin müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Sonra Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi İsa Hüseynov "Çoxəsrlik dövlətçilik tariximizin şanlı səhifəsi - Azərbaycan Xalq Cümhuriyyəti" mövzusunda məruzə ilə çıxış edib.