Avropa Xalq Partiyası səhvini düzəltdi
26 May 2016 16:40 SiyasətAprel ayının 1-dən 2-nə keçən gecə cəbhədə qoşunların təmas xəttində başlanmış hərbi əməliyyatlardan sonra 4 aprel 2016-cı il tarixdə Avropa Parlamentinin ən böyük fraksiyası olan Avropa Xalq Partiyasının Siyasi Assambleyası bununla əlaqədar Təcili Qətnamə qəbul etmişdi. Qətnamədə Siyasi Assambleya Dağlıq Qarabağ problemini daim diqqətdə saxladığını bildirməklə yanaşı tərəflərin 1 aprel tarixinə olan mövqelərə çəkilməsinin zəruri olduğunu vurğulamışdı. Azərbaycan Milli İstiqlal Partiyası bu ifadəyə dərhal reaksiya vermiş və AMİP Baş Katibi Arzuxan Əlizadənin imzası ilə AXP Sədrinə, Baş Katibinə və AXP Siyasi Assambleyasına etiraz məktubu göndərilmişdi. AMİP-dən "OLAYLAR"-a bildirilib ki, AXP Sədri Joseph Doul və AXP Baş Katibi Antonio Lopez-İsturizin imzası ilə partiyaya rəsmi cavab məktubu daxil olub. Məktubda bildirilir ki, birmənalı olaraq biz münaqişənin beynəlxalq hüquq əsasında sülh yolu ilə həll olunmasını dəstəkləyirik. Eyni zamanda ATƏT-in Minsk Qrupu və onun həmsədrlərinin səylərinin status-kvo vəziyyətindən çıxaraq daha da irəliləməsini və sülh ilə hərtərəfli danışıqlara nail olmasını tam dəstəkləyirik. Bu, AXP Siyasi Assambleyasının qəbul etdiyi Qətnamənin arxasında dayanan əsas məqamdır.