Xalqa müstəqilliyi dadızdıran Cümhuriyyət

Əli Həsənov: “Azərbaycanda milli birlik mövcuddur”

Mayın 26-da Bakı Dövlət Universitetində 28 may-Respublika gününə həsr olunmuş tədbir keçirilib. Bakı Dövlət Unuversitetinin rektoru, akademik Abel Məhərrəmov Azərbaycan Xalq Cumhuriyyətinin çox böyük əsərləri olduğunu xatırladaraq BDU-nun da onun yadigarlarından biri olduğunu qeyd edib: "Respublika günü xalqımızın milli bayramı hesab olunur. 1918-ci ildə yaradılan Xalq Cümhuriyyəti xalqa müstəqilliyi dadızdırdı və bir çox islahatlar aparıldı. Bakı Dövlət Universitetinin yaradılması da bu işlərin bir hissəsidir. Məhz buna görə də, Respublika Günü Universitet üçün xüsusən önəmlidir. Bakı Dövlət Universiteti bu gün elm mərkəzidir. Burada 20 mindən çox tələbə təhsil alır, 4 mindən çox əməkdaş çalışır". Rektor bildirib ki, Azərbaycan yenidən öz müstəqilliyini bərpa etsə də dövrün ictimai-siyasi prosesləri müstəqilliyimizi təhlükə altına alırdı. Belə bir məqamda ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlşi Azərbaycanı parçalama, dağılma təhlükəsindən xilas etdi. Ümumilli liderin hakimiyyəti dövründə Azərbaycan çox böyük naliyyətlərə imza atdı və həmin siyasət bu gün də ölkə rəhbəri İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Sonra çıxış edən Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənov məruzəsində Xalq Cumhuriyyətinin qurulması, süqutu və onun süqutunu şərtləndirən amillərə toxunub. Əli Həsənov bildirib ki, Azərbaycan Xalq Cumhuriyyəti tarixi mütəxəssislər tərəfindən çoxdan öyrənilir. 1918-ci ilin mayın 28-də Xalq Cumhuriyyətinin yaradıldığını xatırladan Ə.Həsənov qeyd edib ki, Xalq Cumhuriyyətinin qurucuları səhv edərək o zaman Aleksandropol quberniyası adlanan İrəvan xanlığının ərazisini ermənilərə milli dövlət yaratmaq üçün güzəştə gediblər: "Əlbəttə ki, o zaman ermənilər dövlət yaratmaq məsələsini ciddi şəkildə qoymuşdular və yaradacaqdılar da. Amma niyə bu, Azərbaycan ərazisində - İrəvan xanlığında oldu? Bu məsələ Azərbaycan hakimiyyəti və müasir dövrümüzün araşdırıcıları tərəfindən Xalq Cumhuriyyətinin fəaliyyətində mənfi hal kimi təqdim olunur". Ə.Həsənov deyib ki, o zaman Osmanlı imperiyasının İrəvan xanlığının itirilməsində bizə vermədiyi dəstək Bakının azad olunmasında ortaya qoyuldu və Osmanlı imperiyası İrəvanın itirilməsindəki günahlarını Bakının azad edilməsində kompensasiya etdi. Ə.Həsənov əlavə edib ki, o zaman Azərbaycan Xalq Cumhuriyyətinin diplomatik fəaliyyəti bizim indi düşündüyümüz vəziyyətdə deyildi: "O zaman səfirliklərimiz yox idi, Xarici İşlər Nazirliyi tanınmırdı, xaricdə faktiki olaraq, bizi dövlət kimi qəbul etmirdilər". Xalq Cumhuriyyətinin uğurlarından da danışan Ə.Həsənov qeyd edib ki, Osmanlı Ordusunun iştirakı ilə Bakı şəhəri işğaldan azad olundu və sonrakı dövrdə milli paytaxta çevrilə bildi: "Xalq Cumhuriyyəti hökumətinin Bakıya köçürülməsi və ondan sonra burada fəaliyyət göstərməsi Xalq Cumhuriyyəti qurucularının həm bu günki, həm gələcək tarix, həm də Azərbaycan xalqı qarşısında da ən böyük xidmətlərindən biridir. Çünki İrəvan və başqa ərazilər itirilən kimi Bakı da itirilə bilərdi. 23 ay fəaliyyət göstərən Xalq Cumhuriyyətinin digər əsas uğuru Azərbaycan dövlətinin əsas təsisatlarının yaradılması olub. Ümummilli lider Heydər Əliyev 1993-cü ildə hakimiyyətə gələrkən o hakimiyyətin qurduğu bütün təsisatlara yenidən qayıtdıq, onların yaratdığı demoktratik idarəçilik sistemi, vətəndaş birliyi ideyaları, sivil vətəndaş cəmiyyəti normaları, onların qurduğu bazar iqtisadiyyatı prinsipləri, region ölkələri ilə əməkdaşlıq normaları - bütün sahələr üzrə Xalq Cumhuriyyətinin müvafiq təsisatlarına sahib çıxdıq". Ə.Həsənov deyib ki, Xalq Cumhuriyyətinin o dövrdəki iflası qaçılmaz idi: "İndi bəziləri günahlandırır ki, Türkiyə bizə sahib olmadı. Bəziləri deyir ki, Türkiyə Rusiya ilə sazişə gedərək Xalq Cumhuriyyətini qurban verdi. Sözün həqiqi mənasinda Türkiyə o zaman da, indi də Azərbaycanın əsas müttəfiqi olub. Amma o dövrdə çıxarılan qərarlar indi mübahisə doğurur. Xalq Cumhuriyyəti o dövrdə əsasən, bolşevik Rusiyasının diqqət mərkəzində idi". Müasir dövrün də bəzi tarixi məsələlərinə diqqət çəkən Ə.Həsənov deyib ki, o dövrdə Azərbaycan Xalq Cəbhəsi hakimiyyəti "türkün türkdən başqa dostu yoxdur" deyərək Azərbaycanda etnik qarşıdurmaya rəvac vermişdi: "Bəzi etnik azlıqlar - talışlar, kürdlər Azərbaycan Xalq Cəbhəsi hakimiyyətinə etibar etmirdi. Bu insanlar Azərbaycanda hansı statusla yaşamalı idilər? Ancaq ümummilli lider Heydər Əliyevin çağırışı ilə Azərbaycan ərazisindəki bütün vətəndaşların milli birlik platforması elan edildi və bunu təməl prinsipi kimi qoydu. Hakimiyyətə gələn kimi də dərhal bunun ideoloji əsaslarını işləyib hazırladı və dövlət səviyyəsinə qaldırdı. Bu, azərbaycançılıq ideologiyası idi". Professor Ə.Həsənov məruzəsində Azərbaycan xalqının müstəqillik yolu, milli inkişafı və dövlət quruculuğu prosesinin bir sıra mühüm daxili və xarici amillərlə şərtləndiyini bildirib. Qeyd edib ki, Azərbaycan xalqı özünün siyasi, iqtisadi, mədəni, intellektual potensialından və SSRİ-nin dağılması ilə əlaqədar yaranan əlverişli tarixi şəraitdən istifadə edərək 1991-ci ildə milli iradəsini ortaya qoydu, yenidən istiqlal haqqına qovuşaraq müstəqil dövlətini bərpa etdi və BMT-nin üzvü olan müstəqil dövlətlər sırasına qoşuldu. Bu hadisə Azərbaycan xalqının ən böyük tarixi nailiyyəti hesab olunur. Müasir müstəqil Azərbaycan dövlətinin qurulmasında, inkişafında və dünyada tanınmasında ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərini diqqətə çatdıran Əli Həsənov qeyd edib ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev Ulu Öndərin siyasi kursunu davam etdirməklə yanaşı, həm də onu yeni şəraitin tələblərinə uyğun surətdə yaradıcılıqla inkişaf etdirir. Hazırda respublika öz inkişafının keçid dövrünü başa vuraraq bir çox sahələrdə yeni mərhələyə qədəm qoymaqdadır. Ə.Həsənov deyib ki, dilindən, dinindən, milli mənsubiyyətindən asılı olmayaraq, hər kəs Azərbaycan dövlətinə bağlılıq hissi ilə yaşayır və dövlət bütün vətəndaşlara eyni şəkildə qayğı göstərir. Ə. Həsənov əlavə edib ki, bu gün Azərbaycan Heydər Əliyevin qarşısına qoyduğu əsas məqsədlərə çatıb: "Bu gün Azərbaycan formalaşmış bir dövlətdir. Özünün iqtisadiyyatı, güclü ordusu var. Azərbaycanda milli birlik mövcuddur və bu, Azərbaycanın yürütdüyü siyasətdə öz əksini tapır. Azərbaycanın beynəlxalq aləmdə çox gözəl münasibətləri var. Hazırda dünyanın əsas enerji təchizatçılarından və sivil birgəyaşayış normalarına sahib tərəfdaşlarından biri statusunu qazanıb. Ölkəmizin yürütdüyü siyasət bu gün bütün dünyanı əhatə edir. Bu anlamda 98 illiyini qeyd etdiyimiz Azərbaycan dövlətinin təməli sağlamdır, onun idarəçiliyində sağlam insanlar durub".
Çıxışlardan sonra "M.Teatr Production"un ifasında Üzeyir Hacıbəylinin əsərləri əsasında hazırlanmış "Məsəl, ya..." tamaşası nümayiş etdirilib.


Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31