“QHT-lər “Metsamor” əleyhinə Koalisiyanın yaradılmasında fəal olmalıdır”

"Metsamor AES-in doğurduğu təhlükə yalnız Ermənistanın deyil, bütün regionun vətəndaş cəmiyyəti institutlarını, beynəlxalq təşkilatları hərəkətə gətirməli və rəsmi İrəvandan təsirli addımların atılması tələb olunmalıdır". Bu fikirləri SİA-ya  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının mətbuat xidmətinin rəhbəri, "Demokratik Azərbaycan Naminə" Gənclərin İctimai Birliyinin sədri Elməddin Behbud Metsamor AES-in əleyhinə QHT-lərin beynəlxalq Koalisiyasının yaradılması təklifinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, QHT-lərin beynəlxalq Koalisiyasının yaradılması təklifi çox faydalı və həyata keçirilməsi son dərəcə zəruri olan məsələdir: "Xüsusi ilə vətəndaş cəmiyyəti institutlarının daha çox inkişaf etdiyi Türkiyə və Gürcüstanın QHT-ləri  bu məsələyə münasibət bildirməli və koalisiyanın yaradılmasında fəal iştirak etməlidirlər. AES-lərin mövcud olduğu və bu sahədə xeyli təcrübəyə malik olan İran da artıq istismar müddəti bitmiş Metsamor AES-in fəaliyyətinin dayandırılması üçün Ermənistana təzyiq göstərməlidir.  Biz əl-ələ verib, güclərimizi səfər edib növbəti "Çernobıl", "Fukusima-1" faciəsinin təkrarlanmasına imkan verməməliyik. Uzun illərdir heç bir yenilənmə işləri aparılmayan Metsamor AES-də ciddi qəza baş verəcəyi təqdirdə Ermənistanın özü ilə bərabər, azı ətraf 4 ölkə üçün böyük fəlakət yaradacaq. Milyonlarla insan nüvə qəzasının yaratdığı fəsadlarla üz-üzə qalacaq. Unutmamalıyıq ki, regionda böyük miqyaslı fəlakət baş verəcəyi halda bu bütün dünyanın faciəsinə çevriləcək, onun ağır nəticələrinə bütün dünya qatlaşmalı olacaq".

Metsamor AES-də indiyədək 106 qəzanın baş verdiyini deyən E. Behbud  söyləyib ki, ancaq enerji ehtiyaclarını qarşılamaq üçün alternativi olmadığından Ermənistan bu günədək AES-i bağlamaqdan imtina edir: "Metsamor AES-in nüvə tullanlarının Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisində basdırılması haqqında faktlar da mövcuddur. Eyni zamanda AES-ə məxsus radioaktiv maddələrin satılması ilə bağlı da çoxsaylı məlumatlar var. Bu cür nüvə materiallarının bütün dünyanı terror aksiyaları ilə hədələyən, qlobal təhlükəsizliyi ciddi şəkildə təhdid olan  İŞİD, Əl-Qaidə və digər bu kimi terror qruplaşmalarının əlinə düşəcəyi təqdirdə üzləşə biləcəklərimizi təsəvvür etmək o qədər də çətin deyil. "Metsamor"un hazırda təhlükəli vəziyyətdə olan və işləyən 2 enerji blokunun nəzərdə tutulan istismar resursu artıq tam tükənib. Bir çox beynəlxalq ekspertlər bəyan ediblər ki, elektrik enerjisi hasilatından bundan sonra da istifadə edilməsi stansiyanı Çernobıl AES-də, yaxud "Fukusima-1" AES-də baş vermiş qəzalara bənzər texnogen fəlakət həddinə yaxınlaşdırır".

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının  sədri, millət vəkili  Azay Quliyev "Metsamor AES əleyhinə Beynəlxalq QHT Koalisiyası" yaradılması təklifi ilə çıxış etmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31