Azərbaycan səfiri İtaliya Prezidentini cəbhədəki vəziyyətlə bağlı məlumatlandırıb
6 Aprel 2016 12:39 SiyasətCari ilin 4 aprel tarixində Azərbaycan Respublikasının İtaliyadakı fövqəladə və səlahiyyətli səfiri Məmməd Əhmədzadə etimadnaməsini İtaliya Respublikası Prezidenti Sercio Mattarellaya təqdim etmək üçün onun tərəfindən qəbul edilmişdir. Etimadnamənin təqdim edilməsindən sonra İtaliya Prezidenti Azərbaycan səfiri ilə söhbət etmişdir. Görüşdə, habelə Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində Ermənistan tərəfinin təxribatı nəticəsində yaranmış son vəziyyət barədə də fikir mübadiləsi aparılmışdır. Azərbaycan diplomatı mövcud vəziyyət, həmçinin münaqişə ilə əlaqədar ətraflı məlumat vermiş, münaqişənin tezliklə həlli üçün beynəlxalq ictimaiyyətin Ermənistana təzyiq etməsinin vacibliyini demiş, bu xüsusda İtaliya tərəfinin Ermənistanın hərəkətlərini pisləməsinin və Ermənistandan BMT qətnamələrinə əməl etməyi və öz qoşunlarını Azərbaycan ərazilərindən çıxarmağı tələb etməsinin əhəmiyyətli olacağını bildirmişdir. İtaliya Prezidenti mövcud vəziyyətlə bağlı ölkəsinin narahatlığını ifadə etmiş, münaqişənin tezliklə sülh yolu ilə həllinin vacibliyini demişdir.