Xalqımız Ali Baş Komandanın yanındadır
Prezidentin qətiyyətli mövqeyi soydaşlarımızda ruh yüksəkliyi yaradır
5 Aprel 2016 18:29 SiyasətErmənistan Silahlı Qüvvələrinin təxribatının qarşısını qətiyyətlə alan rəşadətli Azərbaycan ordusu üstəlik düşmənə sarsıdıcı zərbə endirməyi də bacardı. Bununla da uzun illərdən bəri Azərbaycanın əzəli torpağı olan Qarabağda məskunlaşmış ermənilər və onların havadarlarından ibarət cinayətkar dəstələr barədə yaradılmış mifi darmadağın etdi. Amansız döyüşlərdə misilsiz qəhrəmanlıqlar göstərən Azərbaycan əsgərinin özünəinamı mülki vətəndaşlar arasında da döyüş ruhunun yüksəlməsinə səbəb olub. Ordumuzun təmas xəttində qazandığı uğurlardan ruhlanan Azərbaycan vətəndaşları Vətən qarşısında borclarını yerinə yetirməyə hazır olduqlarını bəyan ediblər. Yaşından, təhsilindən, peşəsindən, siyasi mənsubiyyətindən, dini etiqadından asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı döyüşə atılmağı özünə bir şərəf işi hesab edir. Bu əhval-ruhiyyə Türkiyə, Rusiya və digər ölkələrin vətəndaşları, eləcə də digər xarici ölkələrdə yaşayan soydaşlarımızın Azərbaycan Respublikası Prezidentinin saytına ünvanladıqları məktubda açıq-aydın sezilir. Dövlət başçısına müraciət edən soydaşlarımız Vətən qarşısında borclarını yerinə yetirməkdən ötrü onlara fürsət yaradılmasını xahiş edirlər. Onu da xatırladaq ki, atəşkəsin pozulduğu şəraitdə Azərbaycan Prezidentinin nümayiş etdirdiyi prinspial mövqe, erməni liderlərinin avantürist, təxribatçı bəyənatlarına sərgilədiyi səbirli münasibət, beynəlxalq təşkilatlar və dünyanın aparıcı dövlətlərinin liderləri ilə apardığı cəsarətli danışıqlar dövlət başçısının daim xalqın yanında olduğu inamını bir daha təsdiqləmiş oldu. Prezidentin yaralı hərbçilərlə görüşdə verdiyi açıqlamalar xalqı bir daha əmin etdi ki, onun etibarlı və düşünülmüş siyasət həyata keçirən dövlət başçısı daim xalqın yanındadır. Məhz bu kimi amillərdən ruhlanan vətəndaşlar dövlət başçısından təmas xəttində mənfur düşmənlə döyüşmək üçün şərait yaradılmasını istəyiblər.
Birləşmiş Krallıq, Edinburq, Şotlandiyadan olan Məmmədli Cavid Əhməd oğlu Azərbaycan prezidentinə müraciət edərək işğal altında olan torpaqların azad olunması uğrunda döyüşə hazır olduğunu bildirib: "Sizi və bütün Azərbaycan xalqını əldə etdiyimiz qələbə münasibəti ilə təbrik etmək istəyirəm. Mən də bir Azərbaycanlı kimi, ata yurdu işğal altında olan bir şəxs kimi müqəddəs missiyamızı yerinə yetirməyə hazıram və Sizin əmrinizi gözləyirəm. Allah Sizi hifz etsin və qorusun. Allah bütün şəhidlərimizə rəhmət eləsin!" Rusiya Federasiyası, Moskva şəhərindən Cabbarov Emil Bəyoğlanoviç Prezident İlham Əliyevə ünvanladığı məktubunda Vətə qarşısında müqəddəs borcunu yerinə yetirmək üçün əmr gözlədiyini bəyan edib: "Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş təcavüzlə əlaqədar məni - Rusiya Federasiyasının vətəndaşı Cabbarov Emil Bəyoğlanoviçi hərbi xidmətə çağırmağın mümkünlüyü məsələsinə baxmağınızı xahiş edirəm. Mənim buna haqqım var, çünki Azərbaycan mənim və valideynlərimin tarixi Vətənidir". Məlumat üçün qeyd edək ki, sayı-hesabı bilinməyən belə məktublar Azərbaycanla yanaşı, dünyanın dörd tərəfindən Prezident İlham Əliyevə ünvanlanmaqdadır. Məktublarda insanı ruhlandıran məqamlardan biri də ondan ibarətdir ki, bütün müraciət müəllifləri birmənalı olaraq İlham Əliyevə Prezidentim deyə müraciət edirlər. Bu isə hər bir Azərbaycan vətəndaşının fəxr edə biləcəyi bir məqamdır. Ancaq bütün siydaşlarımız əmin olmalıdırlar ki, ordumuz erməni işğalçılarına layiqli cavab vermək iqtidarındadır. Torpaqlarımızın işğaldan tam azad olunacağı və daha böyük qələbə qazanacağımız gün uzaqda deyil. Xalqımız Ali Baş Komandanın və ordumuzun yanındadır. Bununla Azərbaycan xalqı bir daha bütün dünyaya göstərdi ki, torpaqlarının işğaldan azad edilməsi üçün ordusu və Prezidenti ilə birlikdədir. Hər bir Azərbaycan vətəndaşı dərk edir ki, itirilmiş torpaqlarımız işğaldan azad edilməlidir və bu yolda şəhid olmaq şərəfli bir işdir. Məhz bi amil deməyə əsas verir ki, Azərbaycan xalqı, Azərbaycan gənci, Azərbaycan ziyalısı dövlət başçısını dəstəkləyir, hətta ölkəmizin ərazi bütövlüyünün təmin olunmasında əlindən gələn köməyi etməyə hazırdır. Onu da etiraf edək ki, Prezidentin Qarabağ məsələsindəki qətiyyətli mövqeyi bütün soydaşlarımızı qürurlandırır və ruh yüksəkliyi yaradır.
Alim