Radikal müxalifətin yeni qazanc mənbəyi
Avropada mühacirlərlə bağlı görülən tədbirlər müxalifətin işinə yarayıb
29 Mart 2016 15:52 SiyasətBir neçə gün əvvəl Belçikada baş verən terror aksiyası Avropada yenidən zəlzələ effekti yaratdı. Buna qədər Türkiyədə baş verən terraktlara biganə münasibət bəsləyən Avropa ölkələri terrorizmin nə qədər təhlükəli olduğunun fərqinə vardılar. Həmçinin Belçika terroru Avropaya onu bir daha xatırlatdı ki, terrorçuların pisi və ya yaxşısı olmur. Bu gün dünyanın bir nöqtəsində baş verən terror, sabah digər bir nöqtədə özünü göstərir. Ona görə də beynəlxalq terrorizmə elə beynəlxalq səviyyədə də, planlı şəkildə mübarizə aparmaq lazımdır.
Belçika terroru Avropaya axışan mühacirlərə də sarsıdıcı zərbə effekti yaşadıb. Belə ki, Paris terrorundan sonra mühacirlərə qarşı bir qədər sərtləşən Avropa sonradan mühacirlərlə bağlı siyasətində cüzi yumşaqlıq ortaya qoysa da, lakin Belçika olayları qoca qitəni yenidən mühacirlərə qarşı sərt addımlar atmaq məcburiyyətində qoyub. Artıq bir neçə gündür ki, Avropa ölkələrinin iri şəhərlərində genişmiqyaslı antiterror reydləri keçirilir, şübhəli bilinən insanlar bir-bir yoxlanılır. Aparılan yoxlama əməliyyatının hədəfi daha çox mühacirlər seçilir. Onların ölkəyə nə vaxt, haradan, hansı məqsədlə gəldiyi dəqiqliklə araşdırlır. Bu kimi hallara istər Fransa, istər Almaniya, istər Belçika, istərsə də Hollandiya və Danimarkada daha sıx-sıx rast gəlinir. Hüquq-mühafizə orqanlarının apardıqları yoxlamalar əsasında təkcə yaxın 1-2 il, yaxud ərəb baharından sonra Avropaya mühacir edənlər deyil, eləcə də 15-20 il öncə müxtəlif adlar altında Avropaya pənah aparanların kimliyi, hansı məqsədlərlə Avropaya üz tutduqları araşdırılır. Heç şübhəsiz ki, Avropa ölkələrində yaşayan azərbaycanlılar da bu yoxlama prosedurundan keçirlər. Məlumdur ki, Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən, xüsusilə də 2000-ci ildən sonra xeyli azərbaycanlı bu və ya digər səbəbdən daimi yaşamaq üçün Avropaya üz tutub. Onların bir qismi Avropada diaspor fəaliyyəti ilə məşğul olaraq Azərbaycanın təbliği istiqamətində aktivlik göstərirlər. Ancaq müəyyən bir qism insanlar da var ki, onlar müxtəlif adlar, bəhanələr altında zamanında Avropadan siyasi sığınacaq almağa nail olublar. Hətta bəziləri ad və soyadını dəyişərək erməni olduğunu və Azərbaycanda guya təqib edildiyini iddia edərək qoca qitənin hansısa ölkəsində (bir qayda olaraq belə şəxslər Almaniya, Hollandiya və Fransadan sığınacaq ala bilirlər) özlərinə həyat qururlar. Xüsusilə, müxalifət partiyaları, qeyri-hökumət təşkilatları və media nümayəndələri məhz sənədlərini saxtalaşdırmaq, "demokratiya carçısı" imici formalaşdırmaqla öz niyyətlərinə nail ola biliblər.
Araşdırmalardan məlum olur ki, azərbaycanlıların Avropa ölkələrindən siyasi sığınacaq alması o qədər asan başa gəlmir. Bunun üçün siyası sığınacaq almaq istəyən şəxs bir neçə vacib "proseduru" keçməlidir. Birincisi, siyasi sığınacaq almaq istəyən şəxs hansısa müxalifət partiyasının üzvü, aktivisti olmalıdır. Azərbaycanda bu işlə daha çox Əli Kərimlinin rəhbərlik etdiyi Azərbaycan Xalq Cəbhəsi Partiyası və Müsavat Partiyasının məşğul olduğunu nəzərə alsaq, konkret deyə bilərik ki, Avropadan siyasi sığınacaq almaq istəyən şəxs və ya şəxslər ilkin mərhələdə adıçəkilən iki partiyanın üzvünə çevrilməlidirlər. Sonrakı mərhələdə isə həmin şəxslər hər iki partiyanın keçirdiyi kütləvi aksiya, yürüş və mitinqlərin önündə olmalı, necə olursa olsun həmin aksiyalarda polis dəyənəyi yeməlidir. Təsadüfi deyil ki, belə şəxslər hətta özləri bilərəkdən aksiyalar zamanı təxribat yaradırlar ki, polislə qarşıdurma baş versin və nəticə etibarilə siyasi sığınacaq almaq üçün vacib olan polis dəyənəyi ona dəysin. Təsadüfi deyil ki, 2000-ci illərdə belə bir məzəkli ifadə də yayılmışdı. "Avropaya getmək istəyirsənsə başına polis dəyənəyi dəyməlidir". Nəhayət, sonuncu prosedur siyasi sığınacaq almaq istəyən şəxs və ya şəxslərin "üzvü olduqları" partiyaya etdiyi maliyyə ödəməsidir. Hələ 1998-2000-ci illərdə bildirilirdi ki, AXCP və Müsavat Partiyası Avropaya siyasi sığınacaq kimi göndərdəyi şəxslərin hər birindən 3-5 min dollar alır. Hazırda isə sözügedən partiya rəhbərliyinin bu məbləği bir neçə dəfə artırdığı bildirilir. İl ərzində hər iki partiyanın xətti ilə 100 nəfərin siyasi sığınacaq adı altında Avropaya göndərildiyini nəzərə alsaq, o zaman AXCP və Müsavatın asan qazanc mənbəyi tapdığını söyləmək olar. Bu arada bir məqamı da qeyd etmək yerinə düşər ki, bir müddət əvvəl sözügedən partiyaların xətti ilə Avropaya üz tutan şəxslər özləri sosial şəbəkə vasitəsilə siyasi sığınacaq almaq üçün müəyyən miqdarda maliyyə vəsaiti xərclədiklərini etiraf etmişdilər. Hazırda Avropa ölkələrinin dövlət orqanları tərəfindən aparılan araşdırmalar isə müxtəlif adlar altında AXCP və Müsavat tərəfindən Avropaya "ezamj olunmuş" şəxslər üçün ciddi problemlər yaradıb. Avropanın mühacirlərlə bağlı məsələyə yenidən diqqət ayrıması, zamanında ölkələrinə təşrif buyuran şəxslərdən yenidən müəyyən sənədləşmə prosedurundan keçmə tələbi məcbur edir ki, yenidən sənədlər toplansın, dəlil-sübutlar əldə edilsin. Təbii ki, dəlil-sübutlar içərisində yenə də müxalif partiyalar tərəfindən onlara verilən müvafiq sənədlər də yer almalıdır. Deməli, yenə də müxalif liderləri üçün əlavə qazanc mənbəyi meydana çıxıb. Məlumata görə, müxalifət partiyalarının əli ilə Avropanın müxtəlif ölkələrində özlərinə siyası sığınacaq əldə edən bir çoxları keçmiş "silahdaşlarına" müraciət eədərk bu məsələdə onlara yardım göstərmələrini istəyiblər. Məsələn, kimsə AXCP, Müsavat və ya Milli Şura üzvü olduğunu isbatlamaq üçün Əli Kərimlidən, Arif Hacılıdan, Cəmil Həsənlidən vəsiqə almağa cəhd göstərir, kimisi də bu düşərgənin mətbu orqanları ilə əlaqəyə girib arxiv materiallarını əldə etməyə çalışır. İddiaya görə, artıq yeni məqalələr sifariş edənlər də var və müxalifət bu məsələyə özünəməxsus şəkildə yanaşıb.
Görünən odur ki, Avropada terror və qaçqın problemi bəzi Azərbaycan müxalifəti üçün kifayət qədər düşərli olub. Hər halda, bəzi partiyalar bu situasiyadan istifadə edərək yaxşı pul qazanmağa çalışırlar. Ola bilsin QHT və bəzi media vasitələri də bu imkandan yararlanacaqlar.
S.İsmayılbəyli