Millət vəkilinin “Qarabağ parkı” təşəbbüsü dəstəklənib

Milli Məclisin deputatı Qənirə Paşayevanın Nazillidə 31 Mart, Xocalı və Qaradağlı soyqırımı qurbanlarının xatirəsinə abidə qoyulması təklifinə bələdiyyə sədrindən müsbət cavab verilib. "Olaylar" xəbər verir ki, Q.Paşayevanın Türkiyənin Aydın bölgəsində Nazillidə Qarabağ parkı və 31 Mart, Xocalı və Qaradağlı soyqırımı qurbanlarının xatirəsinə abidə qoyulması təklifinə müsbət cavab verən Nazilli bələdiyyə başqanı çox qısa zamanda həyata keçirəcəyik, deyə dəstəkləyib. Türkiyənin Aydın bölgəsində konfransa gedən Q.Paşayeva Nazilli bələdiyyəsinin sədri Haluk Alıcıkla görüşüb. Görüş zamanı Azərbaycanla Türkiyənin bəzi şəhərlərinin və bələdiyyələrinin qardaş şəhərlər və bələdiyyələr olduğunu bildirərək, qədim Nazillinin də Azərbaycan bölgələrindən biri ilə qardaş olaraq görmək istədiyini bildirib. Q.Paşayeva bələdiyyə başçısı ilə ermənlərin dinc insanlarımıza qarşı həyata keçirdiyi 31 Mart soyqırımı, Dağlıq Qarabağ problemi, Xocalı, Qaradağlı soyqırımı, qondarma erməni soyqırımı iddiaları ilə bağlı da fikir mübadiləsi aparıb. O, yaxın zamanlarda Nazillinin mərkəzi parklardan birinə "Qarabağ" adının veriləcəyinə və orada 31 Mart, Xocalı, Qaradağlı Soyqırımı qurbanlarının xatirəsinə abidə qoyulacağına inandığını deyib. Azərbaycanı çox sevdiyini deyən Nazilli bələdiyyə başçısı Haluk Alıcık Türkiyənin və Azərbaycanın bir millət iki dövlət olduğunu vurğulayaraq Nazilli bələdiyyəsinə rəhbərliyi dövründə Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi önəm və diqqət edəcəyini deyib. O, Nazillidə Qarabağ parkı və 31 Mart, Xocalı və Qaradağlı soyqırımı qurbanlarının xatirəsinə abidə qoyulması ilə bağlı təkliflərini müsbət qiymətləndirdiyini bildirərək bu təkliflərə qısa zamanda mütləq baxılacağını və həllini tapacağını bildirib. Nazilli bələdiyyəsinin sədrinə Azərbaycan tarixi, mədəniyyəti və Qarabağ həqiqətləri ilə bağlı materiallar və özünün həmmüəllifi olduğu "Karabağ hikayeleri" kitabını hədiyyə edən deputat onu Azərbaycana dəvət edib. Azərbaycanı çox sevdiyini deyən Nazilli bələdiyyə başkanı dəvəti böyük məmnuniyyətlə qəbul etdiyini deyərək qısa zamanda Azərbaycana səfər edəcəyini söyləyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31