Prezidentin mövqeyi xalqın maraqlarını əks etdirir

Nurlan Bağırov: “Ölkəmizdə mövcud olan Prezident-xalq vəhdəti uğurlu islahatların aparılacağına təminat verir”

Dünya bazarında neftin qiymətinin kəskin şəkildə düşməsinin Azərbaycan iqtisadiyyatına mənfi təsirlərini minimuma endirmək və gələcək inkişafda davamlı iqtisadi artımı təmin etmək zərurəti gündəmdə olan əsas məsələdir. Cənab Prezident İlham Əliyevin bu istiqamətdə geniş və dərin islahatlar aparılmasına yönəlmiş son fərman və sərəncamları və onların uğurla icrasına başlanılması, yaxın gələcəkdə, ölkə iqtisadiyyatının stabilləşdirilməsi və böhrandan çıxmağa böyük ümidlər yaradır. Belə ki, dövlət başçısının 16 mart 2016-cı il tarixli sərəncamı ilə "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritəsinin başlıca istiqamətləri" adlı sənəd təsdiq edilib. Sənəddə 2016-2020-ci illər üzrə strateji inkişaf planının hazırlanması və 2025-ci ilədək, habelə, sonrakı dövr üçün strateji hədəflərin müəyyən edilməsi qərara alınıb.

Fəlsəfə doktoru Nurlan Bağırov deyir ki, bu vaxtında atılmış ən zəruri addımdır və onun hazırlanmasında çox saylı mütəxəssis və alimlərin potensialından faydalanmaq tələb olunur: "Cənab Prezidentin sosial-iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirovun rəhbərlik etdiyi yeni İşçi Qrupunun təqdim etdiyi strateji hədəflər təqdirəlayiqdir. Bu eləcə də, müstəqil mütəxəssislər və sağlam müxalifət nüməyəndələri tərəfindən də müsbət dəyərləndirilir. Çünki sözügedən sənəd bütün xalqımızın mənafeyi naminə müəyyən edilmiş prinsiplər əsasında tərtib edilib. Eyni zamanda, qeyd etmək lazımdır ki, əsas hədəfləri müəyyən edən Strateji Yol Xəritəsi respublikamızın ümummilli maraqlarını təmin etməyə yönəlməklə, dərin tədqiqatlar nəticəsində, düşünülmüş və əsaslandırılmış qərarlar qəbul etməklə hazırlanmalıdır. Bu sənəd Azərbaycanın 2025-ci ildən sonrakı dövr üçün də "mayak" rolunu oynayan əsasları özündə əks etdirdiyinə görə xalqımız üçün həyati əhəmiyyətə malikdir. Hesab edirik ki, hökumət tərəfindən strateji inkişafımızla bağlı daha genişmiqyaslı araşdırmalar aparılması və daha dolğun sənədin hazırlanmasına zəmin verilməsinə şərait yaradılması məqsədəuyğundur. Doğrudur, Azərbaycanın müxtəlif dövlət orqanlarında islahatlarla bağlı yaradılmış yeni İşçi Qrupun işinə cəlb oluna biləcək kifayət qədər mütəxəssislər çalışırlar və onların potensialından müvafiq qaydada istifadə ediləcəkdir. Lakin, nəzərə alınmalıdır ki, digər sahələrdə də fəaliyyət göstərən müstəqil ekspertlər və sağlam müxalifəti təmsil edən, çox dəyərli alimlərimiz və ictimai xadimlərimiz də bu prosesə böyük tövhə vermək iqtidarındadırlar və onlar xalqımızın və cəmiyyətimizin maraqlarına təmənnasız xidmət edirlər". Nurlan Bağırov bildirib ki, cənab Prezidentin qarşımıza qoyduğu hədəflər - məhz xalqımızın maraqlarını əks etdirir və bu maraqlara xidmət edən bütün insanların mövqeyi ilə üst-üstə düşür: "

Bir sözlə, ölkəmizdə mövcud olan Prezident-Xalq vəhdəti uğurlu islahatların aparılacağına təminat verir. Lakin təəssüflə qeyd etməliyik ki, bu vəhdətə mane olan daxili və xarici qüvvələr, eləcə də, inhisarçılıq və korrupsiya problemləri islahatların uğurla aparılmasında başlıca maneə kimi qarşıya çıxır. Bu problemlərin aradan qaldırılması isə - yalnız cəmiyyətimizin sağlam qüvvələrinin, bütünlükdə səfərbər olunmasından asılıdır. O cümlədən, müxalifət düşərgəsində təmsil olunan ayrı-ayrı konstruktiv və obyektiv təfəkkür daşıyıcıları olan, mütərəqqi ziyalıların, aktiv şəkildə, dövlət komissiyalarının işinə cəlb edilməsi imkanı - dövlətimizin hazırki mərhələdə faydalanması zəruri olan böyük potensialdır". Nurlan Bağırovun sözlərinə görə, son zamanlar hökumətə rəsmi qaydada təqdim olunan ekspert rəyləri, eləcə də, sosial şəbəkələrdə bir çox dəyərli mülahizələr və antiböhran təklifləri də, yeni islahatlar prosesində cəmiyyətimizin aktiv iştirakına hazır olduğunu və Cənab Prezidentimizin siyasətini dəstəklənməsini nümayiş etdirir: "Beləliklə, xalqımızın tale yüklü məsələlərinin həllində hər birimizin vətəndaşlıq borcumuz olaraq, Cənab Prezidentimizin xalqımıza xidmət yolunda şərəfli fəaliyyətinə öz tövhəmizi vermək üçün bütün sahələrdə öz işimizlə, səylərimizi səfərbər etməli və islahatların daha da uğurla həyata keçirilməsinə yardım etməyə çalışmalıyıq".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31