Azərbaycanla İndoneziya arasında anlaşma memorandumu imzalanacaq

Energetika nazirinin müavini Natiq Abbasov və İndoneziyanın ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Hüsnan Fanani, eləcə də bu ölkənin Xarici İşlər Nazirliyinin analitiklərindən ibarət nümayəndə heyəti arasında görüş keçirilib. Nazirlikdən "OLAYLAR"-a bildirilib ki, görüşdə Azərbaycan və İndoneziya arasında enerji əməkdaşlığının tədqiqi, Azərbaycanın enerji sektoruna sərmayə qoyuluşu imkanları və təcrübə mübadiləsi kimi məsələlər ətrafında müzakirələr aparılıb. 01 fevral 2016-cı il tarixində Bakı şəhərində keçirilən "İndoneziya-Azərbaycan Energetika Forumu"nun əhəmiyyətindən bəhs edən energetika nazirinin müavini Natiq Abbasov Azərbaycanın öz enerji təhlükəsizliyini tam təmin etdiyini, neft-qazla yanaşı, həm də elektrik enerjisi ixrac edən ölkəyə çevrildiyini diqqətə çatdırıb. Bildirib ki, bu gün Azərbaycanın təşəbbüsü ilə nəinki regionun, hətta Avropa qitəsinin enerjiyə tələbatının təmin olunması üçün nəhəng layihələr reallaşdırılır. Nazir müavini SOCAR-ın (Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti) İndoneziyada müxtəlif layihələr həyata keçirdiyini xatırladaraq bildirib ki, Azərbaycan İndoneziya ilə enerji sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlıdır. İndoneziya nümayəndə heyətinin üzvləri ölkələrinin neft sahəsinə investisiya qoyuluşu, qaz idxalı və ixrac edilən neftin həcminin artırılmasına maraq göstərdiyini, mövcud imkanlar çərçivəsində bu məsələlərin reallaşma perspektivlərini diqqətə çatdırıblar. Natiq Abbasov enerji əməkdaşlığının
genişləndirilməsi üçün " Azərbaycan Respublikası Hökuməti və İndoneziya Respublikası Hökuməti arasında energetika və mineral ehtiyatlar sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nun imzalanmasının vacibliyini qeyd edib. Bildirilib ki, İndoneziya tərəfi layihəyə son təkliflərini göndərib və hazırda sənəd üzərində hazırlıq işləri yekunlaşmaq üzrədir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31