Müxalifətin mühacir vəsiqəsi alveri

Brüsseldə törədilən terror aktından sonra Avropa İttifaqı ölkələri təhlükəsizlik tədbirlərinin gücləndirilməsi istiqamətində hərəkətə keçiblər. Təhlükəni əsasən miqrant axınında görən Avropa İttifaqı Yaxın Şərq və Afrika ölkələrindən qaçqın gəlişinin qarşısını almaq məqsədilə ciddi təhlükəsizlik tədbirləri həyata keçirməkdədir. Nəzərə almaq lazımdır ki, Parisdə və Brüsseldə törədilmiş terror aktları bir daha nümayiş etdirdi ki, terrorizm Avropa İttifaqı üçün sistem xarakterli təhlükədir. Bu problemi həll etmək üçün təkcə xüsusi xidmət orqanlarını silkələmək kifayət etmir. Hazırkı dövrə kimi liberal baxışları ilə vəziyyətin kəskinləşməsinə yol vermək istəməyən Avropa siyasətçiləri də artıq sərt tədbirlərin həyata keçirilməsi ilə bağlı səslərini ucaldırlar. Belə ki, Avropa informasiya resurslarının yaydığı məlumata əsasən, təhlükəsizlik tədbirləri çərçivəsində həyata keçirilən apaşdırmalar əvvəlki illərdə Avropada sığınacaq tapmış bir çox insanlarda da müəyyən problemlər üzə çıxarıb. Məlum olub ki, müxtəlif ölkələrdən "köhnə qitəyə" üz tutan bəzi insanlar nəyin bahasına olursa olsun, Avropada oturum almaq üçün şəxsi işlərini saxtalaşdırmaqdan belə çəkinməyiblər. Onların arasında guya, öz ölkələrində siyasi fəaliyyətinə, cinsi oriyentasiyasına və digər səbəblərə görə təzyiqlərlə üzləşdiklərini iddia edənlər də var. Bu yerdə qeyd etmək yerinə düşərdi ki, Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən, xüsusilə də 2000-ci ildən sonra xeyli azərbaycanlı bu və ya digər səbəbdən daimi yaşamaq üçün Avropaya köç edib. Fakt odur ki, bu qəbildən olan insanların Avropada məskən salmasına Azərbaycanda fəaliyyət göstərən bir sıra müxalifət partiyaları və onların himayəsində olan qeyri-hökumət təşkilatları olub. Real faktlar əsasında demək olar ki, bir çox insan, xüsusilə də müxalifət partiyaları, QHT və media nümayəndələri məhz sənədlərini saxtalaşdırmaqla, "demokratiya carçısı" imici formalaşdırmaqla öz niyyətlərinə nail ola biliblər. Azərbaycandan Avropaya köç etmək istəyən şəxslər öz məqsdlərinə nail olmaq üçün ən çirkin metodlardan istifadə etməkdən belə çəkinməyiblər. Ölkədə baş verən istənilən neqativ hadisədən yararlanmağı qarşılarına məqsəd qoyan insanlar hətta özlərini döydürməyi çıxış yolu hesab ediblər. Məhz bu səbəbdən etiraz aksiyalarında bəzən qəsdən başlarını polis dəyənəyinin altına verməklə, yaxalarını cırmaqla, barmaqlarını kəsib üz-gözlərini qana boyamaqla "avtoritar hakimiyyətə" qarşı "barışmaz mübariz", "üsyankar" obrazı yaradırdılar. Məsələnin daha dəhşətli tərəfi ondan ibarətdir ki, bu işdə onlara müxalifət qəzetləri misilsiz yardımlar ediblər. Hətta müəyyən pul müqabilində müxalifət qəzetlərində özləri haqqında "faktlarla", "sübut" və "şahidlərin ifadələri" ilə fantastik materiallar dərc edənlər də olub. Adının hallanmasını istəməyən jurnalistlərdən birinin verdiyi məlumata görə, belə hadisələr əndazədən o qədər çıxmışdı ki, hətta inanılmaz hadisələr baş verirdi. Çox təəssüf ki, bu qəbildən olanların çoxu Avropa ölkələrinin aidiyyəti instansiyalarını aldadaraq öz planlarını həyata keçirə biliblər. Hazırda Avropa ölkələrinin dövlət orqanları tərəfindən aparılan araşdırmalar min fırıldaqla Avropada məskən salmış "mühacirlərin", "mavilərin", "ermənilərin" vəziyyətini xeyli ağırlaşdırıb. Bu isə o deməkdir ki, bu qəbildən olan insanlar yenidən sənədlər toplanmalı, dəlil-sübutlar əldə edilməlidir. Məlumata görə bir çoxları artıq Azərbaycanda müxalifət partiyaları ilə əlaqə quraraq bu məsələdə onlara yardım göstərmələrini istəyirlər. Məsələn, kimsə AXCP, Müsavat və ya Milli Şura üzvü olduğunu isbatlamaq üçün Əli Kərimlidən, Arif Hacılıdan, Cəmil Həsənlidən vəsiqə almağa cəhd göstərir, kimisi də "Azadlıq", "Yeni Müsavat" və digər müxalifət qəzetləri ilə təmasa girib arxiv materiallarını əldə etməyə çalışır. İddiaya görə, artıq yeni məqalələr sifariş edənlər də var və müxalifət bu məsələyə özünəməxsus şəkildə yanaşıb. Məlumata əsasən, AXCP-də "mühacirlər" üçün konveyer üsulu ilə "vəsiqə", "arayış" və digər "sənədlərin" hazırlanması prosesinə start verilib. Xaricdə yaşayan və çətin situasiya ilə üzləşmiş soydaşlarımızdan birinin iddiasına görə, AXCP arxa tarixlə vəsiqə verilməsi üçün 5 min avro məbləğində planka müəyyənləşdirib. Görünən odur ki, Avropada terror və qaçqın problemi bəzi Azərbaycan müxalifəti üçün kifayət qədər düşərli olub. Hər halda, bəzi partiyalar bu situasiyadan istifadə edərək yaxşı pul qazanmağa çalışırlar. Ola bilsin QHT və bəzi media vasitələri də bu imkandan yararlanacaqlar.

Alim
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31