Türkiyə Prezidentindən Azərbaycana təşəkkür
Rəcəb Tayyib Ərdoğan: “Hər kəs bu qardaşlıq mesajından dərsini almalıdır”
15 Mart 2016 16:37 SiyasətBu günlərdə Azərbaycan və Türkiyə bir daha dost-qardaş ölkə olduğunu təsdiqlədi. Ankarada baş verən məlum terror aksiyasından dolayı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri təxirə salındığı halda, Azərbaycan rəhbərliyi böyük bir jest edərək Türkiyəyə səfər etdi. Azərbaycan dövlət başçısının bu jesti Türkiyə rəsmiləri, Türk cəmiyyəti tərəfindən fərəhlə qarşılandı. Elə dövlət başçısının Türkiyədə rəsmi qarşılanma mərasimi zamanı da bu əhval-ruhiyyə özünü açıq şəkildə göstərirdi. Türkiyə Respublikası Prezidentinin Sarayında baş tutan rəsmi qarşılanma mərasimi zamanı Prezident İlham Əliyevin şərəfinə toplardan yaylım atəşinin müşayiəti ilə Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib. Rəsmi qarşılanma mərasimindən sonra dövlət başçıları arasında təkbətək görüş keçirilib. Daha sonra İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclası keçirilib. İclas başa çatdıqdan sonra prezidentlərin iştirakı ilə Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimi olub. "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclasının Protokolu"nu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan imzalayıblar. Bundan başqa iki ölkə arasında hərbi/mülki heyətin sosial və mədəni məqsədli mübadiləsinə dair Protokol, diplomatik nümayəndəlik və konsulluqların əməkdaşlarının ailə üzvlərinin haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları haqqında Sazişi, Daxili İşlər Nazirlikləri arasında məhkəmə ekspertizası sahəsində əməkdaşlıq haqqında Saziş, sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında Saziş, texniki əməkdaşlıq haqqında Protokol imzalanan sənədlər sırasında yer alıb. Sənədlərin imzalanma mərasimindən sonra Azərbaycan və Türkiyə prezidentləri mətbuat konfransı keçirib. Azərbaycan dövlət başçısı bildirib ki, Türkiyənin müdafiə sənayesi sahəsində uğurları Azərbaycanın da müdafiə qabiliyyətini gücləndirir. İlham Əliyev qeyd edib ki, Türkiyə və Azərbaycan beynəlxalq müstəvidə daim bir-biri dəstəkləyir: "Türkiyənin dünyada rolu artır, Türkiyəyə dünyada artan rəğbət və inam bizi sevindirir". Dövlət başçısı xatırladıb ki, ötən il Türkiyə "G-20" toplantısına Azərbaycanı dəvət edib: "Türkiyə bu sammitə bir ölkəni dəvət edə bilərdi, Azərbaycanı dəvət etdi. Buna görə təşəkkür edirəm. Türkiyə nə qədər güclü olarsa, Azərbaycan da bir o qədər güclü olar". Azərbaycan Prezidenti deyib ki, Türkiyə hər zaman Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüquqa uyğun həll edilməsinə dəstək verib: "Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. Azərbaycan ədalətsizliklə üzləşib. Türkiyənin dəstəyi bizim üçün çox önəmlidir. Bu yaxınlarda hərbçilərimiz birgə təlimlər keçirib. Bu da çox yaxşı ənənədir".
Rəcəb Tayyib Ərdoğan isə çıxışında bir neçə gün əvvəl Ankarada həyata keçirilən terror aktına diqqət yönəldib. Bildirib ki, terrordan bir vasitə olaraq istifadə edənlər Türkiyəni diz çökdürə bilməyəcək, özləri diz çökəcəklər: "Dost və qardaş ölkələrin də dəstəyi ilə Türkiyə bu sıxıntıları arxada qoyacaq. Prezident İlham Əliyev başda olmaqla, Azərbaycan xalqına təşəkkür edirəm. Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının V iclasın Bakıda keçirəcəkdik. Terror olayından sonra prezident İlham Əliyev iclasın Ankarada keçirilməsini təklif etdi".
Türkiyə prezidenti deyib ki, bu addım Azərbaycan və Türkiyənin terrora qarşı birgə olduğunu göstərmək baxımından da çox önəmlidir: "Mərhum Heydər Əliyevin dediyi kimi, bunu "Bir millət, iki dövlət"in təzahürü olduğunu bir daha ifadə edirəm. Azərbaycan qara günün dostu olduğunu göstərdi. Buradakı mesajın hər kəs tərəfindən diqqətə alınmasını tövsiyə edirəm. Hər kəs bu qardaşlıq mesajından dərsini almalıdır". Rəcəb Tayyib Ərdoğan Qarabağ probleminə də toxunub və qeyd edib ki, biz Dağlıq Qarabağ məsələsində Azərbaycanın yanında olduq və olmağa davam edəcəyik.
Süleyman