Hökumət parlamentdə hesabat verdi

Artur Rəsizadə: “Dövlət büdcəsinin gəlirləri bütün sosial öhdəlikləri icra etməyə imkan verib”

Milli Məclisin martın 15-də keçirilən iclası öz işinə Türkiyədə baş vermiş terror hadisəsində dünyasını dəyişmiş insanların xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başlayıb. Sonra Nazirlər Kabinetinin 2015-ci il üzrə hesabatı dinlənilib. Əvvəlcə spiker Oqtay Əsədov bildirib ki, Azərbaycanda keçən il iqtisadi inkişaf tempi yüksək olub: "Baxmayaraq ki, dünyada iqtisadi geriləmə qeydə alınıb, ancaq prezident İlham Əliyevin düşünülmüş iqtisadi siyasəti nəticəsində iqtisadi geriləmə Azərbaycana az təsiri ilə nəticələnib. Ötən il Azərbaycanda ÜDM-ün artımının 1% olması məqbul qəbul edilməlidir. Hesabat ilində ən çox artım qeyri-neft sektorunun payına düşür. 2015-ci ildə Azərbaycanda sosial infrastuktur sahələrinə 16 milyard manat vəsait xərclənib ki, bunun da 56%-i daxili imkanlar hesabına başa gəlib. Azərbaycan 165 ölkə ilə ticarət dövriyyəsində olub. Bu ölkələrin 47%-in Avropa ölkələrinin payına düşüb. Ötən il qeyri-neft sektoruna 8.8 milyard manat yönəldilib". Daha sonra Azərbaycanın Baş naziri Artur Rəsizadə Nazirlər Kabinetinin 2015-ci il üzrə hesabatını təqdim edib. Hesabata əsasən, keçən il Təhsil Nazirliyinə təhsil sənədlərinin tanınması üzrə 4 714 müraciət daxil olub. Hesabat dövründə 1 224 ali təhsil haqqında sənədin ölkə ərazisində tanınması, 571 şəxsin ali təhsil haqqında sənədlərinin tanınmaması barədə qərarlar qəbul edilib. 2015-ci ilin yanvar ayından etibarən Bakı şəhərində diaqnostik qiymətləndirmədən keçən 30 min müəllim həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşı 2 dəfə artırılıb. Eyni zamanda, Bakı şəhərində müəllim-şagird nisbəti 1:10-dan 1:12 nisbətinə yüksəlib. Diaqnostik qiymətləndirmənin nəticələrinə əsasən, təlimlərə cəlb edilən müəllimlərin 78 faizi yekunda öz göstəricilərini xeyli yaxşılaşdırmağa nail olub. Hesabatda bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə qəbul edilən "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanunun qüvvəyə minməsindən sonrakı 2 ay ərzində 2014-cü ilin eyni dövrü ilə müqayisədə yoxlamaların sayı 10 dəfə azaldılıb. Hesabatda qeyd olunub ki, səhiyyə sahəsində bu gün ölkədə orqan köçürülməsi ilə bağlı problem var. "İnsan orqan və (və ya) toxumlarının transplantasiyası haqqında" qanunun qəbul olunmasına baxmayaraq, bu gün də orqan köçürülməsi üçün mütləq sağlam adamlardan bu orqan köçürülməlidir. Baş nazir bildirib ki, 2015-ci ilin yekunlarına görə, istehsal olunan müdafiə təyinatlı məlumatların həcmi ötən illərlə müqayisədə dəfələrlə artıb. Hesabat dövründə müdafiə sənayesi müəssisələri tərəfindən 7 mövzu üzrə təcrübi konstruktor işləri tam başa çatdırılıb, 11 məmulatın istehsalı mənimsənilib və silahlanmaya tövsiyə olunaraq seriyalı istehsal təşkil olunub. Bundan başqa, Silahlı Qüvvələr və digər güc strukturları tərəfindən sifariş olunan müdafiə təyinatlı məmulatlar üzrə bağlanmış müqavilələr tam yerinə yetirilib. 114 milyon 600 min manat məbləğində müdafiə təyinatlı məmulatlar istehsal edilərək sifarişçilərə təhvil verilib. Təhvil verilmiş məmulatların həcmi 2007-ci ilə nisbətən 26, 7 dəfə, 2010-cu ilə nisbətən 2,3 dəfə artıb. Artıq istehsalı mənimsənilən müdafiə təyinatlı məmulatların və onların ehtiyat hissələrinin çeşidlərinin sayı 1070-i ötüb: "Əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması məqsədilə aztəminatlı ailələrə 197 milyon manat ünvanlı dövlət sosial yardım verilib. Qaçqın və məcbur köçkünlərin sosial problemlərinin həll edilməsi məqsədilə 430 milyon manat vəsait xərclənib. Regionların sosial iqtisadi inkişafı üzrə III dövlət proqramı çərçivəsində istehsal və sosial infrastrukturların yaradılması məqsədilə 16 milyard manat vəsait ödənilib.Regionlar üzrə 10 yarımstansiya tikilib, 430 yaşayış məntəqəsinə qaz verilib.4 şəhərdə su təchiaztı başa çatıb.Ümumilikdə regionlar üzrə 269 sənaye müəssisəi yaradılıb". Baş nazir əlavə edib ki, orta aylıq əmək haqqı 5%, əhalinin gəlirləri 5,8% artıb. İllik inflyasiya isə 4% səviyyəsində qeydə alınıb. Maliyyə və bank sektorundakı çətinliklərə baxmayaraq, hökumətin və Mərkəzi Bankın ötən ildə inflyasiyanı təkrəqəmli səviyyədə saxlanması təmin edilib". A.Rasizadə qeyd edib ki, 2015-ci ildə dövlət büdcəsinin gəlirlərinin icra səviyyəsi bütün sosial öhdəlikləri, əsas dövlət proqramları, prioritet kəsb edən layihələrin maliyyələşməsini həyata keçirməyə imkan verib: "Əhalinin aztəminatlı təbəqəsinin həyat şəraitinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirilib. Əmək pensiyalarının orta aylıq artımı 2,4% təşkil edib".

Millət vəkili Qüdrət Həsənquliyev deyib ki, neftin qiymətdən düşməsi Azərbaycanda sosial və iqtisadi sahələrdə çətinliklər yaradıb. Bu baxımdan problemlərin aradan qaldırılması üçün keçirilən islahatlar kompleks xarakter daşımalıdır: "Əks halda heç nəyə nail olmaq mümkün olmayacaq". Millət vəkili bildirib ki, Azərbaycana investisiya yatırımını artırmaq üçün sahibkarların, iş adamlarının mülkiyyətlərin qanunla qorunmalıdır: "Lakin bir sıra hallarda yaranmış problemlərlə bağlı məhkəmələr ədalətsiz qərarlar verirlər. İnvestisiya yatırımını artırmaq üçün ədalətli məhkəmə sistemi qurulmalıdır. Əks halda ölkəyə ciddi investisiya yatırımına nail ola bilməyəcəyik. Problemlərin, məhkəmələrdə süründürməçiliyin qarşısını almaq üçün qanunvericilik təkmilləşdirilməldir, hökumət təkliflərini verməlidir". Deputat Əli Məsimli qeyd edib ki, Azərbaycanda ali qanunvericilik orqanı səviyyəsində dollarda krediti olanlara dəstək məqsədi ilə xüsusi sənəd hazırlanır: "2015-ci ildə inflyasiyanın aşağı olmasını yüksək qiymətləndirirəm. 2015-ci ildə iki şok devalvasiya olub. Bunun mənfi nəticələrinin aradan qaldırılması üçün atılan addımları yüksək qiymətləndirirəm. Amma bu addımları yetərli saymıram. Çünki bunlar birtərfli xarakter daşıyır, problemlər əhalini üstünə atılır. Problemin belə həllini müsbət hesab etmirəm. Devalvasiya nəticəsində yaranmış proses - sistem prosesdir ki, bu da sistem həll olunmalıdır. Ağırlıq bir amilin - əhalinin üzərinə düşdüyünə görə, həm əhali, həm də banklar çox pis vəziyyətdədir. Biz bununla bağlı sənəd hazırlayırıq. Komitələrdə səsləndirdiyimiz təkliflər orada öz əksini tapacaq və həmin təkliflər aiddiyəti qurumlara təqdim olunacaq".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31