Rusiya Suriyanı niyə qurban verdi?

Tarix boyu bu ölkə heç vaxt öz müttəfiqlərini sona qədər qorumayıb

Rusiya Suriya siyasətində dəyişiklik etmək qərarına gəlib. Bir neçə aydır ki, bu ölkədə Qərb, eləcə də Suriya müxalifəti ilə üz-üzə vuruşan Kreml qəfildən Əsədi meydanda tək qoymalı olub. Hər halda Kremldən yayılan məlumatlarda belə bildirilir. Belə ki, Rusiya prezidenti Vladimir Putinin müdafiə naziri Sergey Şoyquya verdiyi təlimata əsasən, martın 15-dən, Rusiya hərbi bazaları istisna olmaqla öz qoşunlarını tədricən Suriyadan çıxarmağa başlamalıdır. Kreml rəhbərinin qəfildən belə bir addım atması bir sıra maraqlı suallar yaradıb. Ən başlıca sual isə Rusiyanın hansı səbəbdən Suriyadan qoşunlarını çıxarmasıdır?

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun sözlərinə görə, Rusiya Federasiyasının prezidenti Vladimir Putin "biz məqsədimizə çatdıq" desə də, faktlar bunun əksini göstərir: "Birincisi, Vladimir Putin Suriyada İŞİD terroruna son qoya bilmədi. Halbuki, Rusiyanın Suriyaya müdaxiləsinin başlıca səbəbi məhz bu amillə bağlı idi. İkincisi, Rusiyanın hərbi müdaxiləsi Bəşər Əsəd rejiminin mövqeyini gücləndirmədi. Əksinə Əsəd ölkəsinin torpaq bütövlüyünü itirmiş vəziyyətdədir və artıq söhbət bu ölkənin bir neçə hissəyə bölünməsindən gedir". Politoloq deyib ki, Vladimir Putinin Suriyada hərbi müdaxiləsindən Rusiya üçün ən böyük itkisi strateji tərəfdaşı Türkiyə ilə münasibətləri korlaması oldu: "Digər tərəfdən Rusiya təyyarələrinin bombardmanları zamanı xeyli mülki insan qətlə yetirildi. Beynəlxalq aləm bunu heç zaman unutmayacaq"  REAL hərəkatının icra katibi Natiq Cəfərli isə facebook səhifəsində deyib ki, tarix boyu Rusiya heç vaxt öz müttəfiqlərini sona qədər qorumayıb. Hətta son 100 ilin hadisələri də bunu sübut edir". O, bildirib ki, Birinci Dünya Müharibəsində Çar Rusiyası Osmanlıda yaşayan erməniləri qaza gətirdi: "Onları Osmanlıya qarşı silahlandırdı, üsyana təşviq etdi.  Sonda öz maraqlarına onları qurban verib, Anadoludan ermənilərin qovulmasına səbəb oldu. Şərqi Avropa, Varşava Bloku dağılanda heç nə edə bilmədi, amma Balkanlarda, əsasən də Serbiyada dayaqlarını möhkəmlətməyə çalışdı. Serb millətçilərinə dəstək verdi, silahlandırdı, Balkanlarda etnik təmizləmələrin dolayı iştirakçısı oldu. Sonda Kosovanı belə qoruya bilmədi, Serbiyanı müdafiə etməyə gücü çatmadı, öz müttəfiqini yarı yolda buraxdı". Natiq Cəfərli deyib ki, bu gün Əsədlə bağlı da eyni ssenari gündəmdədir: "Əvvəl güc göstərdi, özünü qlobal oyunçu saydı, oyuna daxil oldu. Amma bu gün Əsədi təhvil verir, öz müttəfiqini alver predmetinə çevirir. Rusiyaya bel bağlayan bütün ölkələrin sonu, aqibəti məhz belə olacaq. Sabah lazım olsa Ermənistanı da öz maraqlarına qurban verəcək. Həmçinin  Qafqazlardan da çəkiləcək. Amma, bu gün məni qorxudan odur ki, əgər Qərb yenə Kremllə alver edib, Suriya əvəzinə Qafqazları müvəqqəti olaraq Rusiyaya güzəştə gedirsə, bu bizim üçün çox ağır nəticələr doğura bilər Amerika prezidenti Barak Obamanın, "Rusiya regional gücdür", ifadəsini xatırlayın. Anlayıram ki, bu müvəqqəti addım ola bilər. Amma ən azı bir neçə il Qafqazlar Rusiyanın poliqonuna çevrilmə ehtimalı var. Lakin onu da anlayıram ki, Rusiya getdikcə daha ciddi zəifləyəcək, iqtisadi tənəzzül öz pik nöqtəsinə çatacaq. O zaman keçmiş SSRİ ərazisində Kremlin özü tərəfindən yaradılan münaqişə ocaqlarında dayanıqlı həll modellərinə şans yaranacaq. Çünki Rusiyanın nəinki Qarabağı, Abxaziyanı, Osetiyanı, Dnestryanl Respublikanı, Krımı, Donbası, hətta Ermənistanı saxlamağa, hətta öz əraziləri olan Şimali Qafqazı belə yedizdirməyə vəsaiti çatmayacaq. Zamanla bunlar baş verəcək".
Politoloq Məhəmməd Əsədullazadə Rusiyanın Suriyadan geri çəkilməsini onun üzləşdiyi məğlubiyyətlə əlaqələndirib. Bildirib ki, Rusiya Suriyaya müdaxilə edərkən onun ağır nəticələrini heç də düşünməmişdi: "Rusiya hesab edirdi ki, onsuz da hərc-mərcliyin hökm sürdüyü Suriyaya nəzarəti tezliklə əldə edəcək. Ancaq sonradan gördü ki, Suriyada nəzarəti ələ almaq heç də asan deyil. Əksinə Rusiya bu ölkədə daha ciddi problemlərlə üzləşir. Ona görə də artıq Rusiya nə qədər gec deyil və ciddi problemlərlə qarşılaşmayıb oradan çəkilməyə üstünlük verir".


Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31