Azərbaycan Avropanın enerji təhlükəsizliyi sistemində xüsusi yerə və rola malikdir

Elşad Mirbəşiroğlu: "Cənub Qaz Dəhlizi" layihəsinin reallaşdırılmasından sonra Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu əhəmiyyətli dərəcədə artacaq"

Fevralın 29-da Bakıda "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci toplantısı işə başlayıb. Energi, xüsusilə Avropanın təbii qazla təminatında mühüm əhəmiyyət kəsb edən bu dəfəki iclasda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də iştirak edib. İclasda, həmçinin "Cənub" qaz dəhlizinin iştirakçısı olan ölkələrin energetika nazirləri və müxtəlif qurumların təmsilçiləri, o cümlədən Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç, Türkiyənin energetika və təbii sərvətlər naziri Berat Albayrak, Birləşmiş Ştatların Dövlət Departamentinin enerji ehtiyatları bürosunun xüsusi nümayəndəsi və əlaqələndiricisi Amos Hokşteyn, Böyük Britaniyanın enerji və iqlim dəyişikliyi departamentinin beynəlxalq enerji məsələləri şöbəsinin baş direktoru Edmund Hosker, İtaliya Nazirlər Şurasının dövlət katibi Klaudio De Vinçenti və digər şəxslər iştirak ediblər. İclas çərçivəsində üç plenar sessiya və "dəyirmi masa" keçirilib.

"Cənub Qaz Dəhlizi"nin əhəmiyyətinin getdikcə artdığı və maraq dairəsinin genişləndiyi son iclasda bir daha özünü təsdiqləmiş oldu. Avropanın Azərbaycan qazına olan marağının azaldığı barədə irəli sürülən iddiaların əsassız olduğu bu iclasa və orada iştirak edənlərin tərkibinə nəzər yetirdikdə bir daha aydın oldu. Çünki bu dəhliz Avropanın Rusiyadan qaz asılılığının aradan qaldırılmasında mühüm vasitə sayılır.

"Cənub Qaz Dəhlizi"nin Azərbaycan üçün də böyük fayda verəcəyi şübhəsizdir. Elə əksər ekspertkər, politoloqlar da bu qənaətdədir. Politoloq Elşad Mirbəşiroğlu da deyir ki, "Cənub Qaz Dəhlizi" kifayət qədər böyük əhəmiyyət kəsb edən bir layihədir. Onun sözlərinə görə, Avropanın enerji təhlükəsizliyinin daha səmərəli təmin olunmasında "Cənub Qaz Dəhlizi"nin xüsusi rolu olacaq: "Ümumiyyətlə, Avropa rəsmiləri dəfələrlə qeyd etmişlər ki, layihə Avropa üçün strateji əhəmiyyət kəsb edir. Bu dəhliz Xəzər regionu qazının ilk dəfə olaraq birbaşa Avropaya çatdırılmasını təmin edəcəkdir. Bildiyimiz kimi, Azərbaycan Avropanın enerji təhlükəsizliyi sistemində xüsusi yerə və rola malikdir. "Cənub Qaz Dəhlizi" layihəsinin reallaşdırılmasından sonra Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu əhəmiyyətli dərəcədə artacaqdır". Politoloq bildirib ki, "Cənub Qaz Dəhlizi" üzrə Məşvərət Şurasının ikinci iclasının keçirilməsi iştirakçı tərəflərin fəaliyyətlərinin koordinasiyası baxımından vacibdir: "İclasın Bakıda keçirilməsi həm də ona dəlalət edir ki, lahiyənin reallaşdırılmasında aparıcı rol Azərbaycan Respublikasına məxsusdur". Elşad

Mirbəşiroğlunun sözlərinə görə, "Cənub Qaz Dəhlizi" vasitəsilə illik 10 milyard kubmetr Azərbaycan qazının Avropaya nəqli nəzərdə tutulur ki, bu da Azərbaycanın dünyada siyasi mövqelərinin möhkəmlənməsi ilə yanaşı, ölkə iqtisadiyyatının iri həcmdə maliyyə resursları ilə təmin olunmasını şərtləndirəcəkdir: "Məlumdur ki, Avropanın təbii qaza olan təlabatının əhəmiyyətli hissəsinin Rusiya vasitəsilə ödənilməsi Avropada birmənalı qarşılanmır. Avropa İttifaqının təbii qaza olan təlabatının 27 faizi Rusiya tərəfindən ödənilir. Təbii ki, Rusiyanın öz üzərində ən zəif təsir imkanlarına malik olmasını istəməyən Avropa rəsmi Moskvadan enerji asılılığını ciddi şəkildə azaltmaq istəyir. Bu baxımdan, Rusiyadan yan keçən istənilən enerji layihəsi Avropada strateji əhəmiyyətli kimi qiymətləndirilir. Hesab edirəm ki, "Cənub Qaz Dəhlizi" layihəsinin reallaşdırılması Qərbi Avropanın Rusiyadan enerji asılılığını tam aradan qaldırmasa da, nəzərəçarpacaq dərəcədə azalda bilər. Bu da sübut edir ki, layihə Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin olunmasında təsirli rol oynayacaqdır".

Hazırkı vəziyyətdə müşahidə edilən digər bir müsbət məqam "Cənub Qaz Dəhlizi" layihəsinə ciddi beynəlxalq marağın olmasıdır. Belə ki, sözügedən layihənin reallaşmasında nəinki təşəbüskar və iştirakçı dövlətlər, eləcə də digər neft-qaz ixrac edən ölkələr bu layihəyə maraq göstərirlər. Bu sırada İran İslam Respublikası da istisna deyil. Politoloq Elşad Mirbəşiroğlu da bu layihənin İran İslam Respublikası üçün maraq kəsb etdiyi qənaətindədir: "Bildiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin İrana fevralın 23-də baş tutmuş rəsmi səfəri iki ölkə arasında yeni bir mərhələnin başlanğıcını qoydu. Azərbaycanla İran arasında ən müxtəlif sahələri əhatə edən əməkdaşlıq haqqında razılaşmalar imzalandı. Səfər zamanı müzakirə olunan mühüm məsələlər sırasında Xəzər dənizində neft-qaz sahəsində birgə əməkdaşlıq məsələsi də var idi. Neft-qaz sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün həm Azərbaycan tərəfinin, həm də İran tərəfinin ciddi təşəbbüsləri vardır. Bu da ondan xəbər verir ki, gələcəkdə İran qazının da Avropaya nəqlində "Cənub Qaz Dəhlizi"nin imkanlarından istifadə oluna bilər. Layihənin potensialı böyükdür və maraqlı ölkələrin iştirakına imkan verir".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00