Tehran-Bakı münasibətlərində yeni mərhələ

Prezident İlham Əliyevin İran səfəri qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi üçün yeni imkanlar yaradıb

Azərbaycanın geostrateji mövqeyi, beynəlxalq nəqliyyat dəhlizləri üzərində yerləşməsi, eləcə də dünya dövlətləri ilə uğurlu xarici siyasət kursu həyata keçirməsi ölkəmzii yaxın və uzaq dövlətlər üçün getdikcə daha da cəlbedici ölkəyə çevirir. Hazırda mövcud reallıq ondan ibarətdir ki, Azərbaycana olan maraq artır. Elə bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasına baş tutan rəsmi səfəri də belə deməyə əsas verir. Rəsmi Tehranın dəvəti ilə baş tutan bu səfər artıq başa çatsa da, lakin istər Azərbaycan və İran, istərsə də xarici KİV-lər bu səfərlə bağlı müxtəlif fikirlər, şərhlər öz əksini tapır. Daha çox diqqət çəkilən məqamlardan biri İran rəhbərliyinin Qərbin sanksiyaları aradan qalxdıqdan sonra ilk olaraq Azərbaycanın dövlət başçısını rəsmi səfərə dəvət etməsi ilə bağlıdır. Məlum olduğu kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasına səfəri məhz qarşı tərəfin dəvəti əsasında baş tutub. Düzdür, müəyyən dairələr Tehranın ilk dəvətinin Bakıya ünvanlanmasında hansısa səbəb axtarmağa çalışsalar, bu səfəri nəyləsə əlaqələndirməyə çalışsalar da, lakin ortada olan reallıq onu deməyə əsas verir ki, əslində bu səfəri şərtləndirən əsas amillərdən biri Azərbaycan və İranın bir-biri ilə səmimi, qarşılıqlı anlaşma şəraitində əməkdaşlıq etməsidir. Ümumiyyətlə, rəsmi Bakı Ermənistan istisna olunmaq şərti ilə  hər zaman öz qonşuları, eləcə də tərəfdaşları ilə qarşılıqlı anlaşma şəraitində əməkdaşlıq etməyə üstünlük verib. Eləcə də eyni münasibət İrana qarşı ortaya qoyulub. Hələ İranla Qərb arasında münasibətlər gərginləşəndə Azərbaycan bu münasibətlərin məhz danışıqlar, qarşılıqlı anlaşma əsasında yoluna qoyulmasının tərəfdarı olub. Eləcə də zaman-zaman İranın Azərbaycan ərazisindən istifadə edilməklə vurulması məsələsi gündəmə gələndə rəsmi Bakı buna qətiyyətlə etirazını bildirərək ərazisindən hansısa dövlətin ərazi bütövlüyünə olan təhlükəni mümkünsüz hesab edib. Eyni zamanda Azərbaycan həmişə İrana qarşı sanksiyaların əleyhinə çıxıb və bütün yüksək kürsülərdən öz sözünü ifadə edib. Heç şübhəsiz ki, Azərbaycan tərəfinin bu günə qədər İranla bağlı məsələdə ortaya qoyduğu prinsipial mövqe də zaman-zaman Tehran tərəfindən nəzərə alınıb. Məhz ona görə də bu gün İran rəhbərliyi Azərbaycanla əməkdaşlığa daha çox önəm verir. Elə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu ölkəyə rəsmi səfəri çərçivəsində keçirdiyi görüşlər və əldə olunan nəticələr də belə deməyə əsas verir.
Səfər zamanı İran rəhbərliyi ilə qarşılıqlı anlaşma  şəraitində ikitərəfli və çoxtərəfli çərçivədə əməkdaşlığın, regionda və dünyada gedən proseslərin geniş spektri müzakirə edilib. Səfərin nəticələri onu deməyə əsas verir ki, Azərbaycan-İran əlaqələri yüksələn xətlə, uğurla, sürətlə inkişaf edir və strateji əməkdaşlıq səviyyəsinə qalxıb. Heç şübhəsiz ki, əfər zamanı əldə olunmuş razılaşmalar, imzalanmış sənədlər ölkələr arasında əlaqələri daha da gücləndirəcək, ikitərəfli, çoxtərəfli və regional əməkdaşlığın inkişafına xidmət göstərəcək.
Azərbaycan Prezidentinin İran səfərinin ölkə arasındakı iqtisadi əlaqələrə də müsbət təsir göstərəcəyi şübhəsizdir. Xüsusilə, iranlı investorların Azərbaycana cəlb edilməsi baxımından bu səfər mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda azərbaycanlı iş adamlarının da qarşıdakı müddətdə İrana investisiya yatırma imkanlarının artacağı şübhə doğurmur. Belə ki, hər iki ölkədə biznes mühitinin yaxşılaşdırılması, ciddi iqtisadi islahatların həyata keçirilməsi qarşılıqlı sərmayə qoyuluşu üçün yeni imkanlar yaratmış olur. Heç şübhəsiz ki, həm Azərbaycan, həm də İran iş adamları bu fürsətdən maksimum dərəcədə yararlanaraq iki ölkənin iqtisadiyyatının daha da inkişaf etdirilməsinə, qarşılıqlı ticarət dövriyyəsinin artırılmasına öz töhfələrini verəcək.
Ümumiyyətlə, Azərbaycan Prezidentinin İran İslam Respublikasına səfərinin həm Bakı, həm də Tehran üçün yeni imkanlar yaradacağı şübhəsizdir. Görünən odur ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İrana səfəri ilə Tehran-Bakı əlaqələrinin yeni mərhələsi başlayır. Bu yeni mərhələ həm iki ölkənin müxtəlif sahələrdə əməkdaşlığının möhkəmlənməsinə, həm də  xalqların rifah halının daha da yaxşılaşmasına müsbət təsir göstərən amillərdən olacaq.


Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00