Bolqarıstan Prezidenti Bakıya gəlir

Bolqarıstan Respublikasının Prezidenti  Rosen Plevneliyev  Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı  ilə keçiriləcək IV Qlobal Bakı Forumunda iştirak etmək üçün Azərbaycana səfər edəcək.  Bu barədə məlumat "OLAYLAR"-a Dövlət Komitəsindən daxil olub. Bildirilib ki, martın 10-11-də Bakı şəhərində keçiriləcək  "Çoxqütblü dünyaya doğru" mövzusuna həsr olunan Forumda münaqişələrin qarşısının alınmasında dinlərarası dialoqun rolu, miqrasiya, multikulturalizm və inteqrasiya məsələləri, qlobal təhlükəsizliyin təmin olunmasında radikallaşma və miqrasiya amillərinin rolu müzakirə olunacaq. Bundan başqa enerji və qlobal idarəçiliyin gələcək perspektivləri  ilə bağlı məsələlər də forumun gündəliyinə daxildir.

Qeyd edək ki, Bolqarıstan Prezidenti ötən il keçirilmiş III Qlobal Bakı Forumunda da iştirak edib. O, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvüdür. 2015-ci ilin oktyabrında Sofiyada IV Qlobal Bakı Forumuna hazırlıq məqsədi ilə "Avropada əməkdaşlıq və qonşuluğun yeni görüntüləri" mövzusunda keçirilən konfrans cənab Rosen Plevneliyevin himayəsi ilə təşkil edilib.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00