Əkbər Qoşalı: “Gün gələcək Xocalı soyqırımını törədənlər təslim olacaq”

Sözümüzlə, diplomatiyamızla Xocalıya xidmət etməliyik, haqq səsimizi ucaltmalıyıq. Bunu Gün.Az-a açıqlamasında Milli QHT Forumu İdarə Heyətinin üzvü, şair-piblisist Əkbər Qoşalı deyib. O hesab edir ki, Xocalı soyqırımı tanıqlarının canlı söhbətləri lentə alınmalı, onların görmək istəmədiyi, ancaq şiddətlə yaşadıqları qeydə alınmalı, arxivləşdirilməlidir. "Bu bizim acı tariximizdir - biz ona haqqı ilə yiyələnməliyik. 24 il öncənin o soyuq qış gecəsində (ya zəlzələdən ya vəlvələdən) özünə yiyə dura bilməmişik, başı açıq, ayağı yalın buraxmışıq, yağı düşmənin güllədən keçirməsinin qarşısını ala bilməmişik... barı bugün, bütövlükdə xalq olaraq, xatirəsinə yiyə duraq, sabahına sahiblənək! Şükürlər olsun, dövlətimizin, əlaqədar qurum və quruluşlarımızın, o cümlədən Heydər Əliyev Fondunun, Qarabağ, ümumən Azərbaycan həqiqətlərinin dünyanın aparıcı dövlətlərində, qanunverici orqanlarda, uluslararası qurum və quruluşlarda tanıdılması yönündə gərəkən siyasi addımlar atılır. Artıq bəlli nəticələr var". Ə.Qoşalı qeyd edib ki, hazırda ordumuz günbəgün güclənir, düşmən bir atırsa, iki cavabını alır. "Heç bir pafosa varmadan, sadə sözlərlə, lap pıçıltı ilə də olsa, bir daha, "Bizim işimiz haqq işidir! Haqq nazilsə də, üzülməz! Biz qalib gələcəyik" demək istərdim. Bizim başımıza gələnlərdən daha betər olaylara məruz qalan xalqlar, ölkələr olub. Onların bugünkü inkişaf yolları, tarixi təcrübələri var. Qəbul edib-etməyəcəyimiz bütün yönləri ilə o yollar, o tarix öyrənilməyə layiqdir. Biz məğlubiyyətlə barışmamışıq, barışmayacağıq! Bu mübarizə yolu asan yol deyil, lakin məğlubiyyət qətiyyən qəbuledilməzdir! Şər işlər əbədbi yüksəlişdə ola bilməz! - Gün gələcək soyqırım törədənlər qeyd-şərtsiz təslim olacaq, üzr istəyəcək, təzminat ödəyəcəklər!"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00