Prezidentin İran səfərindən gözləntilər nələrdir?

Fikrət Yusifov: “İranla bütün səviyyələrdən olan əlaqələrin, o cümlədən iqtisadi və ticarət əlaqələrini əsaslı şəkildə genişləndirmək imkanları var”

"Bu imkanlardan hər iki tərəf yararlana bilər"

Azərbaycan Prezidenti İlham Əliyev bu günlərdə İran İslam Respublikasına səfərdədir. Səfər çərçivəsində dövlət başçısının iranlı həmkarı və digər dövlət rəsmiləri ilə görüşləri nəzərdə tutulub. Azərbaycan Prezidentinin bu dəfəki İran səfərinin əvvəlki səfərlərdən xeyli dərəcədə fərqli xarakter daşıyacağı və bu səfərin daha mühüm əhəmiyyət kəsb edəcəyi istisna edilmir. Elə İranın indiki situasiyada Azərbaycanla əməkdaşlığa daha ciddi maraq göstərdiyi, ikitərəfli əlaqələri inkişaf etdirməyə ciddi çalışdığı müşahidə edilir. Belə ki, İran üzərində Qərbin sanksiyaları götürüldükdən sonra İran hakimiyyəti Cənubi Qafqaz ölkələrindən ilk olaraq Azərbaycan prezidentini Tehrana dəvət edib. Onu da etiraf etmək lazımdır ki, İran üzərindən sanksiyalar götürüldükdən sonra bu ölkə ilə iqtisadi və ticarət əlaqələri xeyli cazibədar görünür. Bəs görəsən Azərbaycan Prezidentinin İran səfəri xüsusilə iqtisadi sahədə rəsmi Bakı üçün hansı dividentlər gətirə bilər? Ümumiyyətlə, bu səfər ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsinə hansı töhfələri verəcək?

"Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru Fikrət Yusifov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasına səfəri ilə bağlı fikirlərini "OLAYLAR"-a şərh edərkən deyib ki, dövlət başçısının İran səfəri zamanı ikitərəfli siyasi, iqtisadi və mədəni əlaqələrin daha da genişləndirilməsini nəzərdə tutan bir sıra yeni sənədlərin imzalanması nəzərdə tutulub. Onun sözlərinə görə, səfərdə məqsəd ölkələrimiz arasında münasibətlərin daha da yaxınlaşması, o cümlədən iqtisadi və ticarət əlaqələrini daha da genişləndirməkdən ibarətdir: "İran İslam Respublikasının Radio-Televiziya Şirkətinə müsahibə verən Prezident İlham Əliyev dövlət müstəqilliyimiz əldə edildikdən sonra ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin inkişafından bəhs edərkən "Bununla yanaşı, hazırkı ticarət dövriyyəsi bizim mövcud potensialımızdan qat-qat aşağı səviyyədədir" demişdir. Son illər İranla ticarət əlaqələrimizdə yaranmış vəziyyət bir o qədər də ürəkaçan deyil. Rəqəmlərə nəzər salaq. Əgər 2014-cü ildə biz Rusiyadan 1,3 milyard dollar həcmində mal idxal etmişiksə, İran İslam Respublikasından idxalımız cəmisi 147,2 milyon manat və ya Rusiya ilə müqaisədə 9 dəfəyə qədər az olmuşdur. Başqa bir misal. Əgər 2007-ci ildə Azərbaycandan İrana 434,7 milyon dollarlıq mal ixrac olunmuşdusa, 2014-cü ilə bu rəqəm 10 dəfədən çox azalaraq 40 milyon dollara yaxın olmuşdu. Elə bu səbəbdəndir ki, Prezident televiziya müsahibəsi zamanı İranla ticarət əlaqələrində mövcud potensialdan çox aşağı səviyyədə istifadə edildiyini xüsusi vurğulayıb". Fikrət Yusifov bildirib ki, Qərb İran üzərindən sanksiyaları götürdükdən sonra biz də bu qonşu ölkə ilə iqtisadi əlaqələrimizi daha da genişləndirə bilərik: "Bu gün Azərbaycanda qeyri-neft sektorunun, azad sahibkarlığın inkişafı üçün tam sağlam bir mühüt formalaşıb. Bu səbəbdən İran iş adamlarının Azərbaycana investitsiya yatırması üçün çox yaxşı bir zəmin formalaşıb. Azərbaycan Astarası ilə İran Astarası arasında dəmir yolunun istifadəyə verilməsi isə həm ticarət əlaqələrinin genişlənməsinə, həm də hər iki ölkə ərazisindən daşınacaq tranzit yüklərin həcminin kifayət qədər artmasına imkan verəcəkdir. Bir sözlə bu gün qonşu İranla bütün səviyyələrdən olan əlaqələrin, o cümlədən iqtisadi və ticarət əlaqələrini əsaslı şəkildə genişləndirmək imkanları var və bu imkanlardan hər iki tərəf yararlana bilər".

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00