İlham Əliyevin Tehrana səfəri əvvəlki səfərlərdən xeyli fərqlənəcək

İran üzərindən sanksiyalar götürüldükdən sonra bu ölkə ilə iqtisadi və ticarət əlaqələri, ən önəmlisi də ortaq nəqliyyat və enerji xətlərinin tikintisi və icrası xeyli cazibədar görünür. "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri "Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu Azərbaycan prezidentinin bu günlərdə İrana nəzərdə tutulan səfərinə münasibət bildirərkən səsləndirib. Qeyd edib ki, sanksiyalar götürüldükdən sonra İran hakimiyyəti Cənubi Qafqaz ölkələrindən ilk olaraq Azərbaycan prezidentini Tehrana dəvət edib: "İlham Əliyev bu həftə Tehranda xeyli sənəd imzalayacaq. Ancaq bu heç də o demək deyil ki, rəsmi Bakı bu səfərlə "yarışda" İrəvanı qabaqlayır. Bəli, bizim hazır infrastrukturumuz, Avropaya çıxan nəqliyyat və boru xətlərimiz var. Bu ilk baxışdan Tehran üçün cazibədar görünməlidir. Həm də İran Ermənistanla iqtisadi əməkdaşlıqdan nə qazana bilər ki?". Politoloq onu da deyib ki, ancaq Tehran "fərqli dəyərlərdən" çıxış edib üstünlüyü Ermənistana da verə bilər: "Birinci siqnal artıq almışıq. İran öz qazını Gürcüstana Ermənistan üzərindən ötürməyi planlaşdırır. Halbuki siyasət bir yana iqtisadi məntiq İranın bu layihədə Azərbaycana üstünlük verməsini diqtə edir. İran-Ermənistan-Gürcüstan qaz layihəsi reallaşarsa biz həm müttəfiqimiz Gürcüstandan - arxadan zərbə alacağıq və iki ölkə arasındakı münasibətlər daha əvvəlki kimi isti olmayacaq, həm də Ermənistanı tam enerji blokadasına alma siyasətimizdə dəlik əmələ gələcək. Ona görə də İlham Əliyevin Tehrana budəfəki səfəri və əldə edəcəyi nəticələr keçmiş illərdə İrana həyata keçirdiyi səfərlərdən xeyli fərqlənəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00