Sərhədçilərə orden və medallar TƏQDİM OLUNUB

Sərhədçilərə orden və medallar təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Aviasiya Qüvvələrində "Vətən Müharibəsi"ndə şəhid olmuş hərbi qulluqçuların xatirəsini əbədiləşdirmək məqsədilə ucaldılmış abidənin açılış mərasimi keçirilib. Xidmətdən "Olaylar"a bildirilib ki, abidənin önünə gül çələnginin qoyulması və Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə Dövlət Sərhəd Xidməti rəisinin müavini general-leytenant Əfqan Nağıyev çıxış edərək Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbrik telefonoqramını şəxsi heyətə çatdırmış, mərasimin Azər­baycan Sərhəd Mühafizəsinin yaranmasının 102-ci ildönümünə təsadüf etməsi ilə əlamətdar olmasını, sərhədçilərin bu ilki peşə bayramını müzəffər ölkənin qalib əsgərləri olaraq ən yüksək əhval-ruhiyyə ilə qarşıladıqlarını vurğulamışdır.

Çıxışda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında "DƏMİR YUM­RUQ" əməliyyatı nəticəsində ərazi bütövlüyümüzün bərpa olunduğu, Vətən müharibəsində  Müzəffər Ali Baş Komandanımız tərəfindən qoyulmuş bütün döyüş tapşırıqlarının sərhədçilər tərəfindən uğurla icra edildiyi, ildırımsürətli hücumla düşmənə sar­sıdıcı zərbələr endirmələri qeyd olunmuşdur. 

Dünyanın aparıcı ordularının, hərbi-strateji araşdırma mərkəzlərinin tədqiqat mövzusuna çevrilmiş, müasir müharibə aparma təcrübəsində yeni­lik kimi tarixə düşmüş AN-2 təyyarələrinin modifikasiya olunmaqla tətbiqi, müasir hərbi texnologiyalar, kəşfiyyat və zərbəendirici pilotsuz uçuş aparatlarının sinxron­laşdırılmış istifadəsi nəticəsində müharibənin ilk günlərindən Qarabağ səmalarına hakim olmağımız qürurla vurğulanmışdır.

Dövlət Sərhəd Xidmətinin "Harop", "Quzğun" pilotsuz uçuş aparatlarının peşəkar tətbiqi nəticəsində düşmənin strateji əhəmiyyətli hədəfləri, o cümlədən "Toçka-U", "Elbrus" (SKAD) operativ-taktiki raket kompleksləri, "S-300", "KRUQ", "OSA" "KUB", "TOR" zenit-raket kompleksləri, radio elektron-mübarizə stansiyaları, tankları, zirehli döyüş maşınları və digər texnikası, komanda idarəetmə məntəqələrinin məhv edildiyi, ümumilikdə 290 düşmən hədəfinin,  çoxsaylı canlı qüvvəsinin zərərsizləşdirildiyi qeyd edilmişdir.

Torpaqlarımızın azad olunması uğrunda gedən döyüş əməliyyatlarında Dövlət Sərhəd Xidmətinin həlak olmuş 47 hərbi qulluqçusu arasında pilot zabitlərimiz - mayor Qasımov Abbas Rza oğlu və baş leytenant Gözəlov Xalid Həsən oğlunun da olmaları, DSX-nin Aviasiya Qüvvələrində şəhidlərimizin xatirəsinə və Vətən Müharibəsinin əfsanəsinə çevrilmiş AN-2 təyyarəsinə abidələrin ucaldılmasının şəhidlərimizin rəşadət və qəhrəmanlıq salnaməsinə yüksək ehtiramın ifadəsi, döyüş qüdrətimizin təcəssümü olduğu bildirilmişdir.

Tədbir zamanı Vətən Müharibəsində şücaət və qəhrəmanlıq göstərdiklərinə, Xocavənd, Füzuli, Cəbrayıl, Zəngilan rayonları və Şuşa şəhərinin azad olunmasında fərqləndiklərinə görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Ko­mandanı cənab İlham Əliyev tərəfindən təltif edilmiş sərhədçilərə orden və medallar təqdim olunmuşdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31