Azərbaycanda möhkəm tolerantlıq mühiti var-MÜSAHİBƏ

Sahibə Qafarova: "Azərbaycan da öz tarixi, mədəni dəyərləri ilə Avropa ailəsinin zənginləşməsinə öz töhfəsini verməkdədir"
Müsahibimiz millət vəkili, Bakı Slavyan Universitetinin prorektoru Sahibə Qafarovadır.
- Sahibə xanım, 3-cü çağırış parlamentin üzvü kimi, 2 ilə yaxındır deputat mandatı daşıyırsınız. Hazırda da parlament və parlamentarilər yay tətilindədirlər. Yay tətilini təmsilçisi olduğunuz  şəmkirlilərlə birgə keçirmək istərdinizmi?
- Sualınızla bağlı, bir məqamı qeyd etmək istərdim ki, bəzən düzgün olmayan informasiya, doğru olmayan təbliğat cəmiyyətdə yanlış fikir formalaşdırır, insananların mövqeyinə mənfi təsir göstərir. Odur ki, bütün hadisələrin adını düzgün qoymaq lazımdır ki, vətəndaşla dövlət, vətəndaşla vətəndaş arasındakı münasibətlərdə problem, etimadsızlıq yaranmasın, insanlar doğru olmayan gözləntilər içərisində olmasın. Təbii ki, millət vəkili o adı ona görə daşıyır ki, vətəndaşa xidmət etsin, onların problemlərini, qayğılarını həll etməyə çalışsın. Bu hər şeydən də əvvəl bizim vətəndaş mövqeyimiz, münasibətimizdir. Amma nəzərə almaq lazımdır ki, Milli Məclis qanunverici orqandır. Ölkədəki hakimiyyət bölgüsü də bunu tərənnüm edir. Parlament  üzvlərinin də ən ümdə işi qanun yaradıcılığı, qanunları təkmilləşdirmək, isnanlara daha yaxşı xidmət edən qanunların ərsəyə gəlməsinə nail olmaqdır. Təbii ki, mən də digər həmkarlarım kimi çalışıram ki, qanunların qəbulunda, təkmilləşməsində fəal iştirak edim.
- Bəzi millət vəkilləri tez-tez şikayətlənirlər ki, seçicilər  onların  səlahiyyətinə aid olmayan məsələlərlə onlara müraciət edirlər.
- Bəli, elə vaxt  da olur ki, vətəndaşlar  səlahiyyətimizdən kənar olan müraciətlər edirlər. Buna baxmayaraq, əgər gücümüz daxilindədirsə, təbii ki, onlara kömək edirik, problemlərinin həlli ilə məşğul oluruq. Görürsən  ki, vətəndaş bir məsələ ilə bağlı artıq Apellyasiya Məhkəməsindən cavab alıb, amma yenə də həmin məsələni  qaldırır, onun həllini tələb edir. Belə insanları da başa düşürəm, görünür qanunun tələbləri onu qane etmir. Amma hər halda insanlarla işləmək, onları dinləmək bizim borcumuzdur.
- Seçicilərlə görüşlərinizi harada və necə təşkil edirsiniz?
- Bir çox hallarda seçicilər, vətəndaşlarla görüşmək, onların problemlərini dinləmək, maraqlanmaq üçün mən onların yanına, kəndlərinə, qəsəbələrinə gedirəm, klublarda, məktəblərin akt zallarında görüşlər keçirirəm. Həmçinin, Şəmkirin özündə qərargah fəaliyyət göstərir. Şəmkirdən seçilən millət vəkillərinin köməkçiləri orada otururlar, insanları qəbul edirlər. Seçicilərimiz  bizə məktublarla da müraciət edirlər. Çalışırıq qaldırılan hər bir məsələyə həssas yanaşaq.
- Qaldırılan problemləri necə, həll edə bilirsinizmi?
- Seçicilər  tərəfindən yönələn bütün məktublara  cavab verilir. Mənim   tərəfimdən  dövlət qurumlarına  yazılan məktublar  cavablandırılır. Həmin  qurumlar həm mənə cavab verirlər, həm də  seçiciyə. Əgər onların həlli mümkündürsə, mütləq həll olunur. Hətta, bu mümkün olmadıqda belə, insanları razı salan səbəblər göstərilməlidir.
- Eyni zamanda, bəzi həmkarlarınız seçici problemlərinin həllində bir sıra məmurların maneçilik törətdiyini deyirlər.
- Şəxsən mən özüm  hələ  belə problemlə üzləşməmişəm.  Hara müraciət etmişəmsə, cavab almışam. Bu, o demək deyil ki, qaldırdığımız bütün problemlər həllini tapır. Xeyr, bunu iddia etmək düzgün olmazdı. Təbii ki, bəzi hallarda aldığımız cavab heç də müsbət olmur. Amma maneçilik törətmək istəyinə, laqeyd münasibətə rast gəlməmişəm.
- Sahibə xanım, siz həm də Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətində təmsil olunursunuz. Bu baxımdan, bu qurumdakı fəaliyyətiniz haqqında da bilmək maraqlı olardı.
- Mən Azərbaycanın AŞPA- dakı nümayəndə heyətinin üzvü kimi, artıq 2 ildir, orada  fəaliyyət göstərirəm. Çalışıram ki, hər bir sessiyada fəal iştirak edim. Həm Azərbaycan,  həm də orada müzakirə edilən  məsələlərlə bağlı  münasibətimi  bildirirəm və Azərbaycanın mövqeyini orada təmsil edirəm. Mart ayında  AŞPA-nın Bərabərlik və Qeyri-Diskriminasiya komitəsinin iclasında Rasizm və Ksenofobiya alt komitəsinin sədri seçildim. Hesab edirəm ki, bu, bir neçə cəhətdən bizim üçün əhəmiyyətlidir. Əvvəla, bu, onu göstərir ki, Azərbaycanda möhkəm tolerantlıq mühiti var və burada yaşayan müxtəlif xalqların nümayəndələrinin bütün hüquqları ən yüksək səviyyədə qorunur. Avropa ictimaiyyəti də bunu yüksək qiymətləndirir ki, məhz azərbaycanlı parlamentari bu alt komitəyə rəhbərlik edir. Digər tərəfdən, bu onun göstəricisidir ki, Azərbaycan nümayəndə heyəti bu qurumda kifayət qədər effektiv fəaliyyət göstərir və onlara bu qurumun strukturlarına rəhbərlik etmək etimadı göstərilir. Ən nəhayət, bu bir millət vəkili olaraq, fərd olaraq, mənim üçün də çox əhəmiyyətlidir. Demək ki, mən həm dövlətimi lazımi səviyyədə təmsil edə bilirəm, həm də Avropa Şurasındakı fəaliyyətim qurumun özündə də razılıq doğurur. Bildiyiniz kimi, Azərbaycan artıq 20 ildir ki, AŞPA-nın üzvü kimi qurumda kifayət qədər effektiv fəaliyyət göstərir. Bu qurumla əməkdaşlıq ölkəmizdə demokratik islahatların daha da dərinləşməsi, demokratik təsisatların inkişaf etdirilməsi, Avropa dəyərlərinin möhkəmlənməsi, insan hüquqlarının daha effektiv şəkildə qorunması prosesinə yardım edib. Azərbaycan bu gün Avropa Şurası ilə ən müxtəlif sahələrdə qarşılıqlı-faydalı münasibətlər quraraq səmərəli əməkdaşlıq həyata keçirir. Təşkilata üzv dövlətlərlə əlaqələrin genişləndirilməsi ölkələrimizin bir-birinə daha da yaxınlaşmasına və qarşıya çıxa biləcək problemlərin aradan qaldırılmasına əlverişli zəmin yaradır.
-Sizcə, Avropa Şurası Azərbaycanın problemlərinin həllinə həssas yanaşır,yoxsa?..
-Təbii, bu qurum ölkəmizin əsas problemi olan Dağlıq Qarabağ münaqişəsini mütəmadi olaraq öz gündəmində saxlayır. Azərbaycan bu quruma üzv olan digər ölkələrlə də əməkdaşlığın daha geniş spektrlərini əhatə etməsi, genişlənməsi üçün əməli addımlar atır. Eyni zamanda, Azərbaycan da öz tarixi, mədəni dəyərləri ilə, Avropa ailəsinin zənginləşməsinə öz töhfəsini verməkdədir. Eyni zamanda, bir sıra hallarda bu təşkilatın Azərbaycanda baş verən hadisələrə münasibətində müəyyən qeyri-obyektiv nüanslar müşahidə olunub və bunlar daha çox müəyyən şəxslərin qərəzliliyindən meydana gəlib. Ölkəmizin rəhbərliyi bununla bağlı etirazlarını dilə gətiriblər və müvafiq qurumlara çatdırıblar. İstərdik ki, bu hallar təkrarlanmasın və qurumla ölkəmizin əməkdaşlığına kölgə salacaq hansısa neqativ olaylar baş verməsin.
- Hazırda gənclərin bilik səviyyəsi, dünyagörüşü, xarici dil bilgisi sizi qane edirmi?
- Təbii ki, qiymətləndirmə nisbidir və mənim söylədiklərim də, söyləyəcəklərim də yalnız mənim fikrimi ifadə edir. Fikrimcə, bu gün gənclərimizin böyük potensialı var, onların önündə çox gözəl imkanlar açılıb, perspektivlər yaradılıb. Əksəriyyət də bu imanlardan yararlanırlar. Amma onu da etiraf etməliyəm ki,  bu gün bizim gənclər daha çox kitab oxumalıdırlar. Bu gün internetdən, sosial şəbəkələrdən hamımız istifadə edirik. Amma kitabı heç nə əvəz edə bilməz. Mən ilk növbədə  bir müəlliməyəm. Həmişə istəmişəm ki, tələbələr kitabla oturub dursunlar. Tələbələr tam informasiyalı olmalıdırlar. Dünyagörüşünün də olması informasiyanın bolluğundan yaranır. Tələbə dünya ədəbiyyatı ilə mütləq tanış olmalıdır. Çünki dünya ədəbiyyatını oxuyarkən,   həm tarixi,  həm mədəniyyəti, o xalqın mental dəyərlərini, tarixi keyfiyyətlərini o ktiabda görə bilirsən...
Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31