“Qarşıda bizi böyük sınaq gözləyir”
Qorxmaz İbrahimli: “İndiyədək seçilmiş yolda yanlışlar olub ki, nəticələr acı olub”
18 Aprel 2012 15:31 MüsahibəMüsahibimiz Aydınlar Partiyası sədrinin müavini Qorxmaz İbrahimlidir.
-Qorxmaz bəy, 2013-cü ildə keçiriləcək prezident seçkilərinə hazırlıqla bağlı Aydınlar Partiyası olaraq nə kimi işlər görürsünüz?
- Aydınlar Partiyası olaraq 3 seçki və 1 referendum təcrübəmiz var. Bütün bu fəaliyyət dövründə yaradılma zərurətimiz olan bir amal uğrunda çarpışdıq - mövcud iqtidarın təkhakimiyyətliliyə söykənən yanlış siyasi kursuna "dur" demək. Bunun üçün partiya yaradıcıları olaraq, uzun illərə dayanan mübarizə təcrübəmizi gənc siyasi təşkilatın yeni təfəkkürü ilə birləşdirdik. Və istənilən sivil dəyişikliyə yalnız seçkilərlə nail olmağa inandığımız üçün, bütün potensialımızla ölkədəki həm parlament, həm bələdiyyə, həm də prezident seçkilərinə qatıldıq. Doğrudur, hələlik ciddi uğurlara imza atmamışıq. Lakin müxaliflik, demokratik savaş yorulmazlıq tələb edir. Üstəlik Azərbaycan kimi resursların tək partiyanın əlində cəmləşdiyi, 20 ilə yaxın mövcud olan eyni hökumətin öz caynaqlarını hər yerə sancdığı bir ölkədə. Qarşıda bizi ən böyük sınaq - 2013-cü il prezident seçkiləri gözləyir. Məlum olduğu kimi, artıq 6 partiyanın iştirakı ilə Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatını formalaşdırmışıq. Bu, hazırkı mərhələdə hakimiyyət dəyişikliyinin forma və metodları üzrə yekdil fikirdə olan siyasi qüvvələrin birliyidir. O səbəbdən partiyamızın mərkəzi aparatı və rayon şöbələri tam gücü ilə Hərəkatın təkmilləşdirilməsinə cəlb edilib. Tam yeni strateji fəaliyyət planı üzərində iş aparırıq, bu istiqamətdə partiyadaxili və birlikdaxili intensiv toplantılarımız keçirilir. Ayrıca, seçkilərdə Hərəkatın xüsusi müşahidəçiliyinin təşkili məsələsini də müzakirə edirik.
-Seçkiyə müəyyən müddət qalmasına baxmayarq, siyasi partiyalarda aktiv fəaliyyət müşahidə olunmur. Sizcə, bu, nə ilə bağlıdır?
-Bu, tək indiki periodun deyil, son illərin passivliyidir, sadəcə seçki yaxınlaşdıqca ictimaiyyət gedən prosesləri daha yaxından izləməyə başlayır. Eyni zamanda, passivliyi yalnız siyasi sferada axtarmaq da doğru olmaz, bu gün bütün ölkə durğunluq içindədir. Uzun illər dəyişiklik yaşanmayan və hakimiyyətin qalın örtüyü altında çətinliklə nəfəs alan bir cəmiyyətin fəallıqdan uzaq düşməsi də təəccüblü deyil. Məhz, bizim qarşıya qoyduğumuz məqsədlər də buna xidmət edir - cəmiyyəti durğunluqdan çıxarmaq, daha üstün, ədalətli sabah naminə, insanımızı fəal sivil mübarizəyə cəlb etmək. Yuxarıda da qeyd etdiyim kimi, artıq partiyamızda "səfərbərlik" elan olunub.
-Müxalifət, demək olar ki, bütün seçkilərdə məğlub olur. Bax, bu məğlubiyyətin səbəbləri barəsində hər hansı müxalifət partiyası ilə müzakirələriniz olub?
-Bəli, məğlubiyyət var, göz önündədir. Bunun obyektiv və subyektiv səbəblərindən, günahın kimdə olmasından danışmırıq. Nəticə odur ki, biz müxalifət olaraq, indiyədək uduzmuşuq. Demək, yetərincə çalışmamışıq, xalqı mübarizəyə inandıra bilməmişik, düzgün mübarizə proqramı, yaxud forması tapa bilməmişik, nəticədə 20 ilə yaxın bir müddəti bada vermişik. Amma artıq nə itirəcək vaxtımız, nə də populist ritorikanı davam etdirəcək qədər sadəlövhlüyümüz var. Yeni siyasi hərəkatda birləşməyimiz də bu dəyişiklik arzusunun təzahürüdür. O ki qaldı hansısa müxalifət partiyası ilə müzakirələrə, sizcə yeni Hərəkatda bu tip müzakirələr aparmadanmı birləşdik? Demək ki, çox siyasi qurumlarla məsləhətləşmələrimiz oldu və hazırki formatda təmsil olunan qüvvələrlə daha səmərəli nəticələr əldə edəcəyimizə inandıq.
-Demək olar ki, müxalifət bütün seçkilərdə eyni formatda çıxış edir. Bəlkə seçkidə iştirak formatında hər hansı dəyişiklik lazımdır?
-Öncə, fikrinizə azacıq əlavə edim - sadəcə müxalifət yox, iqtidar partiyası da daim öz köhnə ənənələrinə sadiq qalıb. Müxalifətin formatına gəldikdə, məğlubiyyətin səbəbləri barədə danışarkən, yuxarıda bu haqda fikir bildirdik. Bəli, indiyədək seçilmiş yolda yanlışlar olub ki, nəticələr acı olub. İndi biz də sizin kimi axtarışdayıq. Konkret özümüzdən götürsək, hələlik yaratdığımız Hərəkatı ən uyğun format olaraq görürük, təbii ki, daha uğurlusunu tapmaq axtarışlarımız da davam edəcək. Çörçilin sözlərini xatırlayırsınız, yəqin: "Demokratiyadan pis idarəçilik yoxdur, amma təəssüf ki, bəşəriyyət hələ bundan yaxşısını tapmayıb".
-Yaratdığınız Hərəkatda təmsilçilik və qərarların qəbul olunmasında səs hüquqü necə müəyyənləşib? Məsələn, belə bir fikir yayılıb ki, bu qurum hansısa konkret şəxsin ətrafında formalaşmış birlikdir...
-Qeyd etdiyiniz fikir, sizin də təsdiq etdiyiniz kimi, sadəcə fikirdir, fakt deyil. O zaman bu şayiəyə daha emosional reaksiya verirdik, lakin zamanla gördük ki, dezinformasiyanı ortaya atanlar özləri öz uydurmalarından yoruldular. Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatı - orada təmsil olunan bütün partiyaların bərabər hüquqlara sahib olduğu, istənilən qərarın ədalətli səsvermə nəticəsində qəbul edildiyi və təmsilçilərinin sadəcə vahid maraq ətrafında birləşdiyi siyasi birlikdir.
-Prezident seçkilərinədək Hərəkatın vahid namizədinin müəyyənləşməməsi və ikili iştirak mümkündürmü?
-Buna bənzəməsin, vahid namizəd məsələsi haqda öncədən fikir bildirmək istəmirəm, çünki bu istiqamətdə hərəkatdaxili müzakirələr hələ gündəmə gəlməyib. Sizə onu deyə bilərəm ki, Hərəkatın daxilinə təfriqə salınmasına səbəb olacaq və vahid mübarizəyə xələl gətirəcək heç bir cəhdə imkan verməyəcəyik.
-İctimai Palatada olan liderlər 2013-cü ildə özlərini prezident kimi görürlər, hətta bununla bağlı rəy sorğuları da keçirilib. Sizcə, onların digər müxalif partiyaların liderlərinə nisbətən şansları hansı səviyyədədir?
-Demokratik cəmiyyətlərin əsas cəhətlərindən biri hər kəsə öz şanslarını dənəmək imkanı yaratmaqdır. İctimai Palatada təmsil olunan qüvvələrlə eyni mübarizə formasını paylaşmasaq da, biz onları deyil, hakimiyyəti özümüzə rəqib görürük. Nisbət məsələsinə gəlincə, istənilən siyasi təşkilatın, yaxud liderin gücü qazandığı sonuclarla ölçülür. Ayrıca, biz ümidini şansa deyil, düşünülmüş siyasətə və söykənilən uca dəyərlərə bağlayanlardanıq.
-İctimai Palata mitinq üçün ötən il imtina etdiyi meydana bu dəfə yekdilləklə getdi. Halbuki daha öncə bu qərarı versəydilər, xeyli sayda tərəfdarları bu gün həbsxanada olmazdı. Sizcə, onları bu qərar dəyişikliyinə nə varad etdi və mitinqdə hədəflərinə çatdılarmı?
-Yuxarıda qeyd etdiyim kimi, hər vətəndaş öz konstitusion hüquqlarından yararlanmalıdır, o cümlədən də İctimai Palatada təmsil olunanlar. O ayrı məsələ ki, hansısa xarici proseslərdən ruhlanıb razılaşdırılmamış aksiyaya qərar verdilər, güclərini dağıtdılar, hadisələri vaxtından əvvələ çəkməklə cəmiyyətdə ruh düşkünlüyü yaranmasına rəvac verdilər, xeyli sayda tərəfdarlarının həbsə düşməsinə səbəb oldular və s. İndiki seçimləri haqda şəxsi fikrimi söyləmək istəmirəm, sadəcə öz izahatlarında göstərilir ki, bu, zamana görə taktiki dəyişiklikdir. Nə dərəcədə uğurludur, ona da toxunmayacam, özləri əsaslandırsalar, daha doğru olar. Nəhayət, mitinqin uğurlu olub-olmamasına gəlincə, iqtidar tərəfi aksiyanı fiasko, müxalifət isə yeni xalq hərəkatının başlanğıcı kimi dəyərləndirir. Biz isə hesab edirik ki, aksiya İctimai Palatanın öz gücünü sınaması xarakteri daşıyırdı və hər halda, 7 illik fasilədən sonra bu, normal cəhd sayıla bilər.
-Son zamanlar ölkədə və regionda cox gərgin proseslər yaşanır. İranın Azərbaycana qarşı təhdidedici hərəhətləri intensivləşir, Rusiya Qəbələ RLS məsələsindən Bakının maksimum güzəştlərə məcbur etmək üçün təzyiqləri artırır. Məhz bu ərəfədə hüquq-mühafizə orqanlarımız ölkədə geniş antiterror əməliyyatı keçirir. Məsələn, Gəncə hadisəsi... Həqiqətənmi ciddi təhlükələrlə üz-üzəyik?
-Yeni xəbər deyil ki, Azərbaycan olduqca mürəkkəb geosiyasi məkanda yerləşir. Təkcə şimaldan və cənubdan dünyanı daim gərginlikdə saxlayan iki qonşu ilə həmsərhəd olmağımız problemin miqyasını təsəvvür etməyə imkan verir. Bəli, ölkədə hansısa terror təhlükəsi barədə siqnallar duyulur, artıq bəzi dövlətlər öz vətəndaşlarına bununla bağlı xəbərdarlıq edib, MTN təkcə son olaylarda terror-təxribatda şübhəli olan 20-dən artıq şəxsi göz altına alıb və s. Bunu inkar da etsək, təhlükə ehtimalı var, xüsusilə "Eurovision" ərəfəsində... Və prosesləri incələyərkən, bir məqam xüsusilə diqqətimi çəkdi. Gəncədə öldürülən terrorçu Padarovun 2007-ci ildə Rusiyada "dəfn olunmasına" dair mətbuatda yayılan xəbər. Baxın, ipin ucu şimala gedib çıxır. Bunun üstünə, iki yüksək çinli Moskva rəsmisinin Bakıya gəlişini, burada RLS-ə dair gərgin danışıqlar aparılmasını, ondan daha öncə Rusiya kəşfiyyatına yaxın bir mətbu orqanda ölkəmizə qarşı hədələyici məqalənin dərc olunmasını və son zamanların "soyuq dostluğunu" da gəlsək, kələf yenədə şimalda dolaşır. Çox mümkündür ki, bu cür təxribatlarla rəsmi Bakını hansısa sərt güzəştlərə məcbur etməyə çalışırlar. Burada İran məsələsi də, Suriya ilə bağlı mövqe seçimi də, RLS amili də, Avroatlantik seçimdən imtinaya vadar etmə, yaxud digər amillər də mümkündür. Ayrıca, İranın da təxritabçılıq "barmağının" daim işlədiyini diqqətdən kənarda qoya bilmərik. Əminəm ki, təhlükənin qaynağı, arxasında duran güclər barədə kəşfiyyat orqanlarımızda kifayət qədər məlumat var və önləyici addımlar üçün bütün imkanlar səfərbər olunub. Yenə də hesab edirəm ki, Azərbaycan özünü meydanda təkləməməli, NATO ilə mümkün olan ən yaxın ilişkiləri qurmalıdır. Ən azından, bu qurumda bizim yeganə zəmanətçimiz, arxamız, qardaşımız olan Türkiyə söz sahiblərindən biridir. Və biz real və potensial təhlükələrə qarşı arxamızı bu dağa söykəməliyik.
Ədil Ədilzadə