Azərbaycan diasporu son illərdə böyük bir yol keçib

Vüsalə Məmmədzadə: “Fransadakı Azərbaycan diaspor təşkilatları dövlət maraqlarımız çərçivəsində əlbir olub, birlik nümayiş etdirməklə daha keyfiyyətli və səmərəli fəaliyyət göstərə bilər”

Bu gün Azərbaycan diasporunun fəaliyyət göstərdiyi Avropa regionunda Fransa da özünəməxsus yer tutur. Bu ölkədə ermənilərin daha çox məskunlaşmasına baxmayaraq istər Azərbaycanın ümummilli məsələləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, istərsə də Türkiyəyə qarşı qaldırılan qondarma soyqırım iddialarına qarşı mübarizədə Azərbaycan diasporu öz sözünü deyir və müəyyən mənada prosesləri öz xeyrinə dəyişə bilir. Elə bu ilin əvvəllərində Fransa Senatında qondarma "erməni soyqırımı"nı inkar edənlərə qarşı cəzanı nəzərdə tutan qanun təklifinin müzakirəyə çıxarılması zamanı Azərbaycan diasporunun türk diasporuna dəstək olaraq ortaya qoyduğu mövqe və nəticə etibarilə sözügedən sənədin bir müddət müzakirədən çıxarılmasını buna əyani sübut kimi göstərmək olar. Ancaq onu da etiraf etmək lazmdır ki, əksər ölkələrdə olduğu kimi Fransada da Azərbaycan diasporunun durumu hələlik istənilən səviyyədə deyil və bu sahədə müəyyən problemlər mövcuddur. Azərbaycan-Fransa Gənclik Assosiasiyasının sədri Vüsalə Məmmədzadə "OLAYLAR"-a verdiyi müsahibədə bu ölkədəki Azərbaycan diasporunun vəziyyəti, diaspora sahəsində mövcud olan problemlər, eləcə də həmin problemlərin həlli istiqamətində atılması vacib olan addımlardan danışıb.

-Vüsalə xanım hazırda Fransada təxminən nə qədər azərbaycanlı yaşayır və soydaşlarımızın Fransada üzləşdikləri problemlər nədən ibarətdir?

-Fransada yaşayan soydaşlarımızın əksəriyyəti müəyyən səbəblərdən səfirlik və konsulluqda qeydiyyatdan keçmədiyindən onların sayı barədə hələlik heç bir dəqiq məlumat yoxdur. Diasporla İş üzrə Dövlət Komitəsinin məlumatına əsaslanarsaq hazırda Fransada yaşayan azərbaycanlıların sayı 10 minə yaxındır. Əsasən azərbaycanlılar Paris, Strasburq, Nant, Mülhuz, Metz və Bezanson kimi böyük şəhərlərdə məskunlaşmışlar. Həmvətənlərimizin Fransada hansı məqsədlə yaşamasından asılı olaraq üzləşdikləri problemlər də müxtəlifdir.  İstər bizim assosiasiya, istərsə də Fransada fəaliyət göstərən digər Azərbaycan diaspor təşkilatları zaman-zaman meydana çıxan bu və ya digər problemlərin həllinə nail olmağa çalışırlar.

-Fransada Azərbaycan diasporunun durumunu necə qiymətləndirərdiniz? Hazırda Azərbaycanlıların Fransa cəmiyyətinə inteqrasiyası, ictimai-siyasi proseslərdə iştirakı hansı səviyyədədir?
 
-Hər bir dövlətdə yerli cəmiyyətə tam inteqrasiya olmaq üçün həmin dövlətin dilini, mədəniyyətini, ənənələrini və s. vacib amilləri mükəmməl bilmək lazım gəlir. Bu isə vaxt tələb edir və bunların hamısını uşaq yaşından mənimsəmək lazımdır. Hesab edirəm ki, o da bizim yeni nəslin boynuna düşəcək. Hər halda tam inteqrasiya etmiş nəsil onlar olacaq. Fransaya yeni gələn soydaşlarımız təbii olaraq, inteqrasiya prosesində müəyyən çətinliklər yaşayırlar. Lakin burada yaşayan həmvətənlərimizin də köməyi ilə onların problemləri ilə maraqlanır, onlara mümkün olduğu qədər yaxından kömək etməyə çalışırıq.  Burada bir məqamı da qeyd etmək istərdim. Belə ki, müsəlman aləmində qadınlara seçki hüququ verən ilk dövlətin Azərbaycan olması, Şərqdə ilk opera bəstəkarının azərbaycanlı olması kimi faktların qabardıldığı tədbirlərə fransızlar həvəslə qatılır. Eyni zamanda idman yarışları, musiqi müsabiqələri Fransada ölkəmizin tanıdılmasında böyük rol oynayır. Lakin onu da qeyd edərdim ki, birbaşa Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş tədbirlər, faciəmizlə bağlı mərasimlər isə sadə fransızlara yorucu təsir bağışlayır. Bir qayda olaraq onlar bu mövzuda nitqlərə qulaq asmırlar. Bu kimi tədbirlərdə necə deyərlər -özümüz deyib, özümüz eşidirik. Fransadakı Azərbaycan diasporunun təşkilatı sistemində ən böyük mənfi cəhət mövcud təşkilatlar arasında vahid koordinasiyanın olmamasıdır ki, bu məsələ də mümkün qədər tez öz həllini tapmalıdır.  Bununla yanaşı təşkilatların fəaliyyətlərində üzləşdikləri problemlərə nəzər salarsaq görərik ki, maddi çətinliklərlə yanaşı, Azərbaycana aid milli atributların və məlumat xarakterli materialların, suvenirlərin (gəlinciklər, musiqi alətləri və xalçalar), milli musiqi disklərinin və milli geyimlərin olmaması işin effektivliyini azaldır. Fransadakı Azərbaycan diaspor təşkilatları dövlət maraqlarımız çərçivəsində əlbir olub, birlik nümayiş etdirməklə daha keyfiyyətli və səmərəli fəaliyyət göstərə bilər.

-Diaspora sahəsində çatışmayan cəhətlərimiz sizcə nədən ibarətdir və həmin problemlərin həlli istiqamətində hansı təklifləriniz var?

-Onu etiraf etmək lazımdır ki, son illər ərzində Azərbaycan diasporu böyük bir yol keçib. Qısa zaman kəsiyində xaricdə yaşayan azərbaycanlıların təşkilatlanmaları istiqamətində xeyli işlər görülüb, müvafiq addımlar atılıb. İndi dünyanın hansı yerinə getsən orada yaşayan azərbaycanlıların diaspor təşkilatına rast gəlmək mümkündür. Həmin təşkilatlar soydaşlarımızın bir araya gəlməsinə, üzləşdikləri problemlərin ortaq çalışmalar hesabına həll olunmasına, Vətənlə əlaqələr qurulmasına, Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ problemi və Ermənistanın təcavüzkar siyasətinin dünyaya çatdırılmasına böyük töhfələr verirlər. Amma təbii ki, diaspor işini yalnız  təşkilatların yaradılması ilə məhdudlaşdırmaq olmaz. Yalnız təşkilatlanma fəaliyyəti ilə hədəflərə çatmaq mümkün olmur. Belə addımlardan biri də soydaşlarımızın yaşadıqları ölkələrin ictimai-siyasi həyatında təmsilçiliyinin təmin edilməsidir. Düşünürəm ki, bu iş diaspor fəaliyyətində keyfiyyətcə yeni bir mərhələ olmalıdır. Etiraf etmək lazımdır ki, hələlik bu sahədə uğurlarımız o qədər də çox deyil. Bunun üçün soydaşlarımız yaşadıqları şəhərlərin yerli özünüidarəetmə təşkilatlarında yer almalıdır.

-Sizcə mövcud durumu dəyişmək üçün hansı addımlar atılmalıdır?

-Təbii ki, uğur qazanmaq istəyiriksə, bu istiqamətdə sistemli iş aparılmalıdır. İlk növbədə soydaşlarımız yaşadıqları ölkələrin cəmiyyətlərinə inteqrasiya olunmalıdırlar. Onlar yaşadıqları ölkələrdəki siyasi prosesləri yaxından izləməli, lazım gələndə siyasi partiyaların işində fəallıq göstərməlidirlər. Sirr deyil ki, beynəlxalq aləmdə uğur qazanmanın əsas yollarından biri də media ilə əlaqələrin yaxşı olmasıdır. Soydaşlarımız da yaşadıqları ölkələrin siyasi həyatında fəallıq nümayiş etdirmək istəyirlərsə, ilk növbədə nüfuzlu media orqanları ilə yaxşı əlaqələr qurmalıdırlar.   Onlar çalışmalıdırlar ki, hər bir ölkənin tanınmış kütləvi informasiya vasitələri ilə yaxından əlaqələr qursun, həmin media orqanlarında azərbaycanlıların fəaliyyəti təbliğ edilsin. Uğur qazanmanın digər bir yolu soydaşlarımızın yaşadıqları ölkələrdə keçirilən bu və ya digər seçkilərin nəticələrinə təsir etmək imkanlarının olmasıdır. Əgər belə olarsa, siyasi qüvvələrin özləri soydaşlarımızın səslərini qazanmaq üçün onlara tərəf addımlar atacaqlar. Buna misal olaraq Fransadakı son prezident seçkiləri kompaniyası zamanı prezidentliyə namizəd Nikola Sarkozinin erməni köklü fransızların səsini toplamaq üçün üzdəniraq "erməni soyqırımı" ilə bağlı qanun layihəsini gündəmə gətirməsini göstərə bilərik. Amma təbii ki, bütün bunlara nail olmaq o qədər də asan deyil. Yüz illərdir formalaşmış siyasi proseslərə müdaxilə etmək, təsiredici faktora çevrilmək çox çətindir. Bütün çətinliklərə baxmayaraq, buna nail olmaq mümkündür. Bu istiqamətdə ən böyük ümid təbii ki, gənclərimizədir. Xaricdə təhsil alan, yaşadıqları ölkələrin ictimai-siyasi həyatına yaxından bələd olan gənclərimizin siyasi proseslərdə də uğur əldə etmə şansları daha böyükdur. 

-Rəhbərlik etdiyiniz təşkilatın bu ilin sonun qədər planları nədən ibarətdir. Cəmiyyətiniz cari ildə Azərbaycanla bağlı hansı tədbirlər keçirmişdir?

-2012-ci ildə fəaliyyətimiz yuxarıda sadalanan sahələrdə çox aktiv olmuşdur. Misal olaraq deyə bilərəm ki, Azərbaycan-Fransa Gənclik Assosiasiyası fevralın 26-da Parisin " Gimnaziya" Teatrında Elman Rəfiyevin rəhbərliyi altında Azərbaycan Dövlət Pantomima Teatrının kollektivinin Xocalı soyqırımı ilə bağlı səhnələşdirdiyi "Xocalı" pantomima tamaşasının təqdimatını təşkil etmişdir. Aprelin 7-də Parisdə musiqi təhsili alan gənc pianoçu Səidə Zülfüqarovanın ideyası və layihəsi əsasında  Parisin Sorbon Universitetinin amfiteatrında Qurban Səidin "Əli və Nino" əsəri əsasında hazırlanmış musiqili tamaşa nümayiş etdirilmişdir. Tamaşa zamanı təşkilatın üzvləri xalqımıza məxsus toy mərasimindən bir hissə göstərmiş və milli rəqslərimizi ifa etmişlər. 20 iyunda Azərbaycan-Fransa Gənclik Assosiasiyasının təşkilati dəstəyi ilə Parisin Hərbi Məktəbində Gülsel Səfərovanın sədrlik etdiyi Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) tərəfindən "Azərbaycanın Avropaya inteqrasiyası prosesində çağırışlar və perspektivlər" mövzusunda konfrans keçirilmişdir. Bu tədbirlər Fransa ictimaiyyətinin çox böyük marağına səbəb olub. 31 avqust - 2 sentyabr tarixlərində isə təşkilatımızın rəqs qrupu Fransanın cənubunda yerləşən Le Vigan şəhərində  keçiriləcək " Là-bas, vu d'ici "  ikinci Beynəlxalq Musiqi Festivalında milli rəqslərlə iştirak edəcək. Oktyabrın sonuna doğru "Körpü" jurnalının 3-cü sayı nəşr etdiriləcək. Həmçinin təşkilatın rəsmi saytı istifadəyə veriləcəkdir. Adlarını çəkdiyim bütün bu tədbirlərin maliyyə və qismən texniki dəstəyini Azərbaycan Respublikasının Fransadakı səfirliyi verir.
Süleyman İsmayılbəyli
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31