"İranın Azərbaycanda təsir göstərmək imkanı daha genişdir" - Gövhər Baxşəliyeva
“Çünki İran bir tərəfdən əksəriyyət təşkil edən həmməzhəblərə arxalanır, digər tərəfdən dövləti rəsmi siyasətlə gücləndirir”
23 İyul 2012 15:05 MüsahibəOlaylar.az-ın müsahibi millət vəkili, professor Gövhər Baxşəliyevadır
-Gövhər xanım, mətbu və parlament çıxışlarınız zamanı tez-tez ölkədəki dini durumla bağlı məsələyə toxunur, bu yöndə müəyyən narahatçılıqlarınızı vurğulayırsınız. Hazırda bu sahədə ölkədəki vəziyyəti necə dəyərləndirərdiniz?
-Bu gün dövlətimiz və xalqımız qarşısında duran başlıca istiqamətlərdən biri Azərbaycanın dünyəvi inkişaf yolunu qoruyub saxlamaq və ümumiyyətlə, dövlət-din münasibətlərində sabitliyi gücləndirməkdir. Azərbaycanda vaxtaşırı müxtəlif dini təşkilatların fəallığı müşahidə olunsa da, bütövlükdə islam faktorunun siyasi həyatda aparıcı rol oynamaq ehtimalı bu gün zəifdir. Bu, ilk növbədə, islam dininin özü ilə deyil, həmin dindən siyasi ideologiya kimi istifadə etməyə çalışan qüvvələrin cəmiyyətdə tutduğu siyasi, iqtisadi, mədəni mövqeyi, həmin qüvvələrin qarşılıqlı münasibətləri ilə bağlıdır. Lakin biz daim irəli baxmalıyıq və bu istiqamətdə sabah mümkün ola biləcək təhlükəni artıq bu gün önləməliyik.
Beləliklə, tarixən islam dünyasına daxil olan və bu gün dünyəvi dövlətçilik prinsipini rəhbər tutan Azərbaycanda islam faktorunun artması nə dərəcədə mümkündür və bunun baş verməməsi üçün nə etməliyik? Nəzərə alınmalıdır ki, müstəqillik illərində Azərbaycanda islama meyil güclənib. Həm fərdi, həm də ictimai şüurda və davranış normalarında müəyyən dəyişikliklər baş verir. Bu dəyişikliklər özünü o cümlədən islama marağın artmasında büruzə verir. Sovet dövründə Azərbaycanda islamın insanların şüurundan çıxarılması sahəsində aparılan çoxsahəli iş cəmiyyətin mütləq dinsizləşməsinə gətirib çıxarmasa da, onu yalnız adət-ənənə şəklində qoruyub saxlayan iki-üç nəslin təşəkkül tapmasına səbəb ola bilmişdi. Müstəqillik illərində bu itki sürətlə bərpa edilir, uzun illərin məhdudiyyətlərindən sonra dini-mədəni ənənələrin ifadəçisi kimi islama təbii maraq artır. Əgər sovet dövründə islamdan uzaqlaşma ləng gedirdisə, müstəqillik dövründə dinə qayıdış sürətlə baş verir. Bu, hər şeydən əvvəl, özünü namaz qılanların, oruc tutanların, Məşhəd, Kərbəla, Məkkə ziyarətlərinə gedənlərin, başıörtülü gəzənlərin sayının artmasında göstərir. Bunu biz müxtəlif dini mərasimlərin (Qurban bayramı, Aşura və s.) iştirakçılarının sayının ilbəil artmasında da görürük.
-Hər halda, sosial problemlər də dindarlığın güclənməsinə şərait yaradır. Bu fikirıə razısınız?
-Tamamilə, doğrudur. Azərbaycan torpaqlarının böyük bir hissəsinin qonşu Ermənistan tərəfindən işğal edilməsi, 1 milyon insanın qaçqın və məcburi köçkün həyatı sürməsi, ölkənin haqq işinin ikili standartlardan çıxış edən beynəlxalq təşkilatlar tərəfindən tam ədalətlə dəstəklənməməsi, münaqişənin ədalətli həllinin uzadılması, yeni iqtisadi formasiyaya keçidlə bağlı sosial problemlərin doğurduğu gərginlik öz növbəsində, islama meylin güclənməsi üçün münbit zəmin yaradır. Azərbaycanın açıqlığı, xaricə və xaricdən gediş-gəlişin intensivliyi, müsəlman dünyası ilə mədəni və dini əlaqələrin genişlənməsi islam ideyasının gücünü artırır, əhali arasında islam dünyasına mənsubluq hissi yeni parametrlər kəsb edir. Belə bir şəraitdə Azərbaycanda dinin ənənəvi formaları ilə yanaşı, qatı mühafizəkar, radikal formaları da ölkəyə yol tapır. Radikal islamı islamın Peyğəmbər dövründəki ilkin saflığına qayıtmağa, o dövr üçün səciyyəvi olan əxlaqi-etik prinsiplərə ciddi əməl etməyə çağırış, islamda dini və dünyəvi tərəflərin, dinlə dövlətin, dinlə siyasətin birliyinin vurğulanması, geyimdə və davranışda puritanlıq fərqləndirir. İslamın daşıdığı mənəvi yük, mənəvi məzmun özünə yeni, daha dayanıqlı, səbatlı daşıyıcılar tapır. Bu gün küçələrdə, avtobus dayanacaqlarında və əsasən, gənclər arasında tez-tez rastlaşdığımız örtüklü qızlar, sadə geyimli, saqqallı, manjetsiz şalvarlarının balağı islam qaydası ilə ayaqqabılarından xeyli yuxarı olan oğlanlar nədənsə mənəvi oyanış, dirçəliş yolunda olduqlarına, əsl islama keçdiklərinə səmimi-qəlbdən inanırlar. Ailələrdə atalarla oğullar arasında içki içmək, insanı Allaha ibadətdən ayıran oyunlar oynamaq, şit musiqiyə qulaq asmaq, bayağı filmlərə tamaşa etmək üstündə ixtilaflar baş verir. Maraqlıdır ki, ixtilaf edən tərəflərdən biri - atalar, digərinin - oğulların etiqadlarına hörmətlə yanaşdığı halda, ikinci tərəf dözümsüzlük göstərir, özgəsinin həyat və davranış tərzi ilə barışmaq istəmir. Radikal islam tərəfdarları dini özünütəsdiq meylinin təsiri altında siyasi fəaliyyətə qoşulmaq, aksiyalar keçirmək, məzhəbçilik və dini təfriqəçilik meyillərini oyandırmaq cəhdlərində bulunurlar. Əhalinin böyük bir hissəsinin din barəsində məlumatsızlığı, islama dair biliklərinin yetərsizliyi qeyri-ənənəvi dini məzhəblərin həqiqi islam adı altında təbliği üçün əlverişli şərait yaradır.
- Bütün bu amillərin təsiri altında islam fundamentalizmi Azərbaycana da yol tapa bilərmi?
-Cox təəssüflər olsun ki, bu, istisna deyil. Əgər əhali arasında islamlaşma indiki sürətlə gedərsə, bu ehtimal da böyükdür, 10-15 ildən sonra Azərbaycan dünyaya başqa nəzərlərlə baxa bilər. Doğrudur, ölkədə eyni, bəlkə də daha artıq sürətlə Qərbləşmə prosesi gedir və bu iki proses bir-birinin ifratçılığını nisbətən neytrallaşdıra bilər. Lakin bu mərhələ bəzi müsəlman ölkələrində artıq keçilmiş mərhələdir, bu isə ona dəlalət edir ki, bizdə də ixtilaf və münaqişələr üçün imkanın mövcudluğu istisna edilməməlidir. Hər iki prosesin iştirakçıları özgə düşərgəsinə müdaxilə etməyə cəhd göstərəcəkdir. Qərbləşmənin zəif yerləri çoxdur, amma dünyəvi dövlətdə onun mövqeləri həmişə dəstək tapmalıdır. Nəzərə alınmalıdır ki, Azərbaycan dövləti dünyəvi olduğu üçün burada dinlə bağlı siyasətdə islama yalnız mənəvi dəyərlərin təbliğçisi rolu ayrılır. Belə bir şəraitdə əgər ənənəvi islam ən mühüm vəzifələrindən birini dövlətçiliyə xidmətdə görürsə, cəmiyyətin həm dini, həm də dünyəvi həyatının ən dərin qatlarına nüfuz etməyə çalışan radikal islam onun üçün ayrılmış seyrçi rolu ilə qənaətlənmir, öz sözünü demək, öz mövqeyini bildirmək üçün təşkilatlanmağa can atır. Digər tərəfdən, əgər islam dünyası səviyyəsində ənənəvi islam tərəfdarları arasında əlaqələr rəsmi protokol səviyyəsindən kənara çıxmırsa, yalnız elmi konfransların, birgə toplantıların keçirilməsi ilə məhdudlaşırsa, qeyri-ənənəvi islam tərəfdarları öz həmməzhəbləri tərəfindən geniş maddi və mənəvi dəstək tapır, məqsədyönlü şəkildə dəstəklənirlər.
-Yeri gəlmişkən, artıq heç kimə də sirr deyil ki, İslam dinindən Azərbaycanda öz siyasi, iqtisadi mövqelərini möhkəmləndirmək məqsədi ilə istifadə etməyə çalışan xarici qüvvələr daim fəaliyyətdədir...
- Bu yöndə deyilənlər əslində ilk növbədə, ərəb ölkələrinin islam təşkilatlarına aiddir. Onların fəaliyyətinin bu gün geniş miqyas almaması Azərbaycan iqtidarının və aidiyyəti orqanlarının sayıqlığı, əhalimizin dini strukturu və ilk növbədə, azlıq təşkil edən sünni məzhəblərə istinad etmələri ilə bağlıdır. Bu baxımdan İranın Azərbaycanda təsir göstərmək imkanı daha genişdir, çünki bir tərəfdən əksəriyyət təşkil edən həmməzhəblərə arxalanır, digər tərəfdən İran dövləti rəsmi siyasətlə gücləndirilir. Düşünürəm ki, ölkəmizdə din sahəsində sabitliyi qorumaq, dövlət-din münasibətlərini bundan sonra da yüksək səviyyədə tənzimləmək üçün, əhali arasında geniş maarifləndirmə tədbirləri keçirilməli, bu işə ziyalılarımız cəlb olunmalıdır. Ölkə KİV-də Azərbaycandakı ənənəvi islam haqqında dünyəvi təhsil almış islamşünas alimlər tərəfindən verilişlər aparılmalı, islamın əsl mahiyyəti əhaliyə izah olunmalıdır. "Şərq kitabı" evləri açılmalı, əhali Şərq ölkələrində geniş yayılmış mütərəqqi dünyəvi ədəbiyyatla, bu ölkələrdə cərəyan edən ictimai-siyasi proseslərlə, islahatçılarla mühafizəkarların mübarizəsi ilə dinin müxtəlif formalarının cəmiyyətlərin həyatında oynadığı mənfi rolu haqqında məlumatlarla tanış olmaq imkanı əldə etməlidir. İslamı dünyəvi bir elm kimi tədqiq və təbliğ etməyi bacaran yeni nəsil islamşünas alimlər yetişdirilməlidir.
Alim