Yunus Oğuz: “Cəmiyyət "Diffamasiya haqqında" qanunun tətbiqinə hazır deyil” - MÜSAHİBƏ
19 İyul 2012 19:06 Müsahibə"Rəhbəri olduğum sayta gün ərzində 64 min insan daxil olub informasiyaları oxuyur, qəzetimiz isə ona nisbətən daha az oxunaqlıdır. Bütün bunlara əsasən nəzərə almaq lazımdır ki, müəyyən bir kütlə də vardır ki, ancaq qəzet oxuyur və ənənəvi mediyaya müraciət edir. Qəzetə maraq göstərən kütlənin böyük əksəriyyəti, düşünürəm ki, rayonlarda daha çox formalaşıb". Bu fikirləri "Olaylar" İnformasiya Agentliyinin və "Olaylar" qəzetinin baş redaktoru Yunus Oğuz SƏS TV-yə müsahibəsində deyib.
- Artıq Azərbaycan milli mətbuatı daha bir yaşını arxada qoyur. Media qurumunun rəhbəri kimi Azərbaycan mətbuatında olan problemlər sizə də tanışdır. Azərbaycan mətbuatı bu gün üzləşdiyi sosial və yaradıcılıq problemlərindən qurtulub, yoxsa ötən ildən qalan problemlər yenə də var?
- Üç gündən sonra milli mətbuatımızın 137 yaşı tamam olacaq. Mən artıq 37 ildir ki, bu sahədə fəaliyyət göstərirəm. 1875-ci ildən Həsən bəy Zərdabinin əməyi nəticəsində fəaliyyət göstərməyə başladığı "Əkinçi" qəzetimiz artıq bu gün o illərdən tamamilə fərqlənir. Təbii ki, Həsən Bəy Zərdabinin yaşadığı dövr - qəzetlərin qəlib-basma üsulu ilə çap olunduğu zaman mətbuat üçün həm maddi, həm də texniki baxımdan çox ağır olub. Müstəqil Azərbaycan dövlətinin mətbuatı da 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində çox ağır bir yol keçib. Bu isə onunla əlaqədardır ki, müstəqil mətbuatın çapına icazə verilmirdi. Müstəqil mətbuatın fəaliyyətinə icazə verilməməsi, qəzetlərin gizli şəkildə buraxılmasına səbəb olurdu. 1991-ci illərin əvvələrindən başlayaraq müstəqil qəzetlərin fəaliyyətinə senzura olunmuş formada içazə verilsə də, 1998-ci ildə senzura ləğv olundu. Bütün bunlar mətbuatın müsbət istiqamətdə inkişafına səbəb olsa da, bəzi çətinliklər də yaratdı. Azərbaycan qanunlarına əsasən istənilən şəxsin mətbu orqanı sadəcə, qeydiyyatdan keçirməklə qəzet, jurnal çıxara bilməsi mətbuat sistemində anarxiya yaradırdı. Sarı mətbuat daha çox insanların şəxsi ləyaqətini təhqir edib mənfi fəaliyyət göstərirdi. Belə ki, sarı mətbuat, reket jurnalistika jurnalistikamızın inkişafına ziyan vururdu. 2003-çü ildə yaradılan Mətbuat Şurası və 2008-ci ildə yaradılan Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu (KİVDF) bunların qarşısını alsa da, reket jurnalistikanın fəaliyyətinə tam olaraq son qoyulmayıb. Mətbuat bu gün öz tempi ilə inkişaf edir əvvəllər mətbu orqanları həftəlik çıxırdısa, indi artıq gündəlik buraxılır. Bütün bunlar tərəqqimizin və inkişafımızın göstəricisidir. Bu gün artıq biz istəyirik ki, qəzet və jurnallar rəngli olsun və eyni zamanda səhifələri daha da çox olsun. Bundan ötrü də bizim reklamlarımız olmalıdır. Amma Azərbaycanda reklam bazarı çox acınacaqlı vəziyyətdədir. Cənab Prezidentimizin jurnalistlərin sosial-məişət məsəllərinin yaxşılaşdırılmasına dair 2010-cu ildə imzaladığı fərman və bunun nəticəsi olaraq jurnalistlər üçün yeni evin tikintisi uzun müddət kirayədə yaşayan və evlə əlaqədar problemi olan istənilən mətbuat işçilərinə şamil olunub. Bu istiqamətdə sosial problemlərin həlli dövlətimizin tərəqqisi deməkdir. Hesab edirəm ki, bu gün kifayət qədər inkişaf edən mətbuat, gələcəkdə də bu istiqamətdə müsbət uğurlara imza atacaqdır.
- Bu gün cəmiyyətimiz və eyni zamanda mətbuatımız sürətlə inkiçaf edərək, kibermedia və kiberjunalistika inkişafına şərait yaradır. Bununla paralel olaraq kibermedia ənənəvi medianı sıxışdırmağa başlayıb. "Olaylar" agentliyi və eyniadlı qəzetin rəhbəri kimi onlayn medianın ənənəvi medianı sıxışdırdığının siz də şahidi olmusunuz. Onlayın medianın bu gün üstün olmasına səbəb cəmiyyətin ənənəvi mediyaya ehtiyacı qalmamasıdırmı?
- Mən hesab etmirəm ki, onlayın media ənənəvi medianı sıxışdırır. Doğrudur, mən özüm də hər gün xəbərləri internet vasitəsi ilə oxusam da, ancaq evimizə hər gün qəzetlər toplusu gəlir. Bütün bunların həm ziyanı, həm də xeyri vardır. Belə ki, rəhbəri olduğum sayta gün ərzində 64 min insan daxil olub informasiyaları oxuyur, qəzetimiz isə ona nisbətən daha az oxunaqlıdır. Bütün bunlara əsasən nəzərə almaq lazımdır ki, müəyyən bir kütlə də vardır ki, ancaq qəzet oxuyur və ənənəvi mediyaya müraciət edir. Belə ki, hər gün metroda və ya avtobuslarda qəzet oxuyan insanların özümüz də şahidi oluruq. Qəzetə maraq göstərən kütlənin böyük əksəriyyəti düşünürəm ki, rayonlarda daha çox yaşayır. Qəzetin eyni zamanda onlayn mediadan xeyirli cəhəti ondan ibarətdir ki, kompyuter insana orqanizminə və sağlamlığına mənfi təsir göstərir. Buna əsasən də ənənəvi mediyaya müraciət edənlərin olması klassik mediaya sadiqliyimizin göstəricisidir. Zaman irəlilədikcə ola bilər ki, yaxın 10 il ərzində interneti üstələyən elə bir fəaliyyət növü meydana çıxacaq ki, artıq o zaman nəyinki qəzetə, hətta internetə də ehtiyac qalmayacaq.
- Cəmiyyətin ciddi müzakirə mövzusuna çevrilən əsas məsələlərdən biri də "diffamasiya haqqında" qanunun qəbuludur. Bu gün Azərbaycan cəmiyyəti bu qanunun tətbiqinə hazırdırmı?
- Hesab edirəm ki, Azərbaycan cəmiyyəti nəyinki diffamasiya, hətta bu gün bizə verilən demokratiyaya belə hazır deyil. Mən Özbəkistanda olarkən orada bizim cəmiyyətimizdən tamamilə fərqli cəmiyyətin olduğunu şahidi oldum. Özbəkistanda həmçinin senzuranın mövcud olduğunun insanların isə hakimiyyəti, iqtidarı tənqid etmədiyinin dövlətə və dövlətin hər bir vətəndaşına hörmətlə yanaşdıqlarının şahidi oldum. Azərbaycanda isə bəzi qəzetlər, jurnallar, saytlar demokratiya çoxluğundan istifadə edib istənilən şəxsi tənqid edib, anarxiyaya yol verir. Hesab edirəm ki, bizdə cəmiyyətin çox hissəsinin təmizlənməyə ehtiyacı vardır. Belə ki, artıq reket jurnalistika ilə məşğul olanların siyahısı da var, etdiyi mənfi işlərə əsasən həbs olununlar da var, amma vəziyyət hələ də ürəkaçan deyil. Həbs olunma hallarını isə dərhal siyasi məhbus adı və söz azadlığının pozulması kimi qeyd edirlər. Bizdə söz azadlığına, mətbuat azadlığına basqı haqqarı yoxdur. Peşə fəaliyyətinə görə təqib olunan, həbsə atılan heç kim olmayıb. Hesab edirəm ki, bizdə diffamasiya haqqında qanunun qəbulu üçün hələ ki, cəmiyyətin özü formalaşmalıdır. Cəmiyyət özü-özünü formalaşdırdıqdan sonra diffamasiya haqqında qanunu qəbul etmək olar.